Millətini sevən şəhid oğulları - Qoçu Nəcəfqulu
12-04-2015, 14:46
Qəhrəmanın üzərindən "vətən xaini" damğası hələ də götürülməyib Nəvəsi Nailə xanım: "Olduqca əqidəli müsavatçı imiş... Məhəmməd Əmin Rəsulzadə ilə yaxşı münasibətlərdə olub"
Qoçu Nəcəfqulu təkcə Bakı qoçularının tarixində yox, eyni zamanda xalqın, millətin bütöv tarixində qiyməti, dəyəri olan bir insandır.
Maştağa qoçusu Nəcəfquludur.
1918-ci ildə ermənilər Bakıya hücum edəndə Qoçu Nəcəfqulu öz vəsaiti hesabına aldığı xeyli silah-sursatı camaata paylayıb, müdafiə dəstələri yaradıb, igidliklə döyüşüb. Daşnaklarla mübarizədə göstərdiyi igidliyə görə Türk ordusunun generalı Nuru Paşa onu ordenlə təltif edib.
1918-ci ilin əvvəlindən bəri Bakıda bərk qarışıqlıq idi. Şəhərdə bir tərəfdən qırmızı qvardiyanın matrosları, bir tərəfdən onlarla bir fəaliyyət göstərən daşnak silahlıları, erməni mauzeristləri, rus icmasının silahlı dəstələri, demək olar ki, Bakının müxtəlif ərazilərində artıq nəzarət edirdilər. Müsəlman camaatının əlində silah qalmamışdı. Müsavatçıların yığdığı könüllülərdən ibarət "Dikaya diviziya" isə Lənkəranda yerləşirdi. Bakının mərkəzi küçələrində tez-tez erməni yaraqlıları ilə bizim qoçular arasında toqquşmalar olurdu... Novruza 4-5 gün qalmışdı, ancaq heç kəsdə bayram əhval-ruhiyyəsi yox idi. Bakıda hər gün beş-on müsəlman meyiti tapılırdı. Silahsız insanların ümidi yalnız pullu müsəlmanlara, bir də qoçulara, onların dəstələrinə qalmışdı.
"İsmailiyyə" binasında bir izdiham vardı. Salona toplaşanlar Bakının müsəlman əhalisini qırğından xilas etmək üçün yollar arayır, bolşeviklərlə danışıq aparmağa nümayəndələr seçirdilər. Amma artıq qırğının labüdlüyünə inanmayan yox idi. Müzakirələrdə son nöqtəni Bakı qazısı Mirhüseyn ağa qoydu, əbasının altından "ofiserski" tapançanı çıxararaq havada silkələyə-silkələyə camaatı cihada çağırdı. Nəcəfqulunu həmin gün millətdəki həmrəylik, yekdillilik qürurlandırdı. İndi artıq bu xalqın milyonçusu da, qoçusu da, hambalı da sadəcə azərbaycanlı idi. Xitabət kürsüsünə qalxanlar gücləri nəyə çatırdısa onu təklif edirdilər. Adətən bir-biri ilə dil tapa bilməyən, sözləri çəpləşəndə silaha əl atan Bakı qoçuları da "İsmailiyyə" binasında yumruq kimi birləşdilər. "Dikaya diviziya"nın zabitlərindən müsadirə edilmiş silahların dalınca bolşeviklərlə danışıqlara gedən heyətin əliboş qayıtması isə artıq səbir kasasını daşdıran son damla oldu. ...Cəbhə xətti Bazarnıdan keçirdi. Küçənin sağ tərəfi artıq ermənilərin əlindəydi. Nəcəfqulunun adamları bircə nəfər düşməni belə küçədən keçməyə qoymurdular. Bakının dar-dolanbac məhəllələrində başının tükü sanı atışdığından yaxşı bilirdi ki, düşmən küçəni keçsə nə faciə baş verər. Odur ki, hamıya tapşırmışdı ki, son gülləyə kimi vuruşsunlar. Güllə qurtaranda isə əks hücuma keçib xəncərlərini işə salsınlar. Həmin gün Bakının və bakılıların taleyi həll olunurdu. Və tarixin bu acı dönəmində bütün yükün ağırlığı el arasında heç də həmişə müsbət qarşılanmayan qoçuların çiyninə düşmüşdü. Səhərə yaxın sursat tükənmək üzrə idi. Nəcəfqulu son, qəti sıçrayışa hazır idi. Elə bu zaman çoxdankı rəqibi Qoçu Teymur bəy Aşurbəyovun onlara çatdırdığı patronlar camaatın qanının arasına girdi. Küçənin hər iki tərəfində ölənlərin sayı-hesabı yox idi. Qoçu Nəcəfqulu özü də bir neçə güllə yarası almışdı. Ertəsi gün ermənilər geri oturdulandan sonra bədənindəki güllələri sızaq kimi sıxıb canından çıxararaq yerinə köz basanda arvadı Tutuxanım görüb Nəcəfqulunun daş iradəsinə məəttəl qalmışdı.
Döyüşdən sonra...
Nailə xanımın sözlərinə görə, həmin günlər Qoçu Nəcəfqulunun evi, həyət-bacası döyüşlərdə yaralanmış, əzizlərini itirmiş insanların pənah yerinə çevrilibmiş: "Yaxınlarının ölümünə dözə bilməyən insanların gözü qarşısında əsir götürdüyü erməniləri öldürərək onların təsəlli almasına kömək edirmiş. Ermənilər müsəlman uşaqlarını süngüyə keçirib valideynlərinin gözü qarşısında əzabla öldürübmüşlər. Babam da onlardan bir neçəsini tutubmuş. Həmin erməniləri diri-diri hamamın qazanxanasında yandırıb. Deyirmiş ki, onlara normal ölüm haramdı, çünki insan deyillər. Qadınlarımızın namusuna toxunan iki erməninin taleyi isə diri-diri divara hörülmək olub".
Qatı düşmən canıbir dosta necə çevrilir?!
Qoçu Nəcəfqulunun uzun illərdən bəri rəqibi olan bir qoçu olub - Teymur bəy Aşurbəyov. Lakin o qanlı-qadalı mart hadisələri bu əzəli rəqibləri nəinki barışdırıb, hətta ömürlük dost-qardaş edib: "Bolşeviklər yerlərini bərkidəndən sonra başlayıblar qoçuları zərərsizləşdirməyə. Bunun üçün də ən geniş yayılmış vasitə şərləyərək həbs etmək və birbaşa güllələnmə hökmü çıxarmaq imiş. Teymur bəy həmin vaxtlarda ailəsini də götürüb İrana keçib. Babamı da çox dilə tutub ki, gedək buradan, öldürəcəklər səni. Amma o getməyib. Deyib ki, ailəm böyükdü, ya gərək hamını aparam, ya da getməyəm, alnıma nə yazılıbsa, o da olacaq. Sonralar eşitdiyimə görə, Teymur bəy İranda xeyli yaşayıb. Babam isə..."
Son günlər...
1920-ci il aprelin 28-i... İki gün idi ki, hər ehtimala qarşı evdən çıxmırdı Nəcəfqulu. Danışırdılar ki, Bakıda hökumət dünəndən dəyişib... Şəhərə çıxmaq istəyini boğa bilmir. İki saata yaxın gəzib-dolaşdıqdan sonra evinə qayıdır. Mayın 1-də isə deyirlər ki, bayram qeyd olunur. Düşünür ki, qarışıqlıq olacaq, camaata qarışıb bir az şəhəri gəzər: "Onsuz da bilirmiş onu da tutacaqlar, qismətdən qaçan adam olmayıb mənim babam. Şəhərdə bir qədər gəzdikdən sonra indiki Kukla Teatrının yanında yaxalayıblar onu. Kimsə satıbmış, yoxsa rus əsgərləri nə tanıyırdılar Qoçu Nəcəfqulunu?! Əsgərlərlə atışa-atışa Qubernator bağı istiqamətinə qaçıb. Bağa girəndə mühasirəyə düşüb". Mayın 21-də isə Mayılov Teatrında qurulan məhkəmədə onu məşhur kommunist Əli Bayramovun qətlində ittiham ediblər: "İnqilabi Tribunanın ilk iclasını sədr Teymur Əliyev açır. İttihamçı təzə hökumətin ədliyyə komissarı Əliheydər Qarayev olur. Əliheydər Qarayevin babamla köhnədən ədavəti varmış, babam bir dəfə ona iki sillə çəkibmiş". Həmin məhkəmədə Qoçu Nəcəfquludan başqa 19 nəfərin işinə baxılırmış, onlardan 12-si qoçu imiş. Məhkəmədəki son sözü belə olur: "Mən Bakıda bir sıra qanlı hadisələrin törədilməsində iştirak etmişəm, bir sıra cinayətlərdə əlim olub. Hərgah siz məni bu işlərimə görə mühakimə etsəydiniz mən sizə minnətdar olardım. Ancaq mən nə Əli Bayramov tanıyıram, nə də onun ölümündə əlim olub. Mən Bakının yarısını erməni daşnaklarından qorumuşam. Ona görə də türklərdən mükafat və orden almışam. Bəs bunlar hara getdi?"
Azərbaycanlılardan ermənilərin qisası alınıb
7 gün sürən prosesin sonunda hökm oxunur: 15 nəfərə güllələnmə, 3 nəfərə müxtəlif müddətli həbs cəzası, bir nəfərə bəraət. Güllələnməyə məhkum olunanlar arasında Qoçu Nəcəfqulunun adı 9-cu çəkilir. Hökm oxunanda Ə.Bayramovun həyat yoldaşı Ceyran xanım hökmdən narazılıq edib. O, ərinin boğulduğu və məhkəmədə dəlil kimi istifadə olunan qanlı ciyəni göstərərək əsl qatilin tapılmasını tələb edib. Axı qoçular adam boğmurlar... Buna baxmayaraq, hökm dərhal icra olunur. 1920-ci il may ayının 28-dən 29-na keçən gecə saat 2.30-da Bayıl qazamatının iç həyətində açılan güllələr 15 Azərbaycan igidinin həyatına son qoyur. Hamısı da ona görə ki, ermənilərin öz millətlərinə qarşı həyata keçirdiyi soyqırımına etiraz etmiş, dığalara qarşı silah qaldırmışdılar.
teref.az