Biz doxsanların uşaqlarıyıq
16-05-2017, 22:31
DOXSANINCI İLLƏR HAQQINDA SAYRIŞMALAR
Dostum,
Biz doxsanların uşaqlarıyıq
İki zaman arasında arzularımız bir az sarsılmış
Bir az daha ümüdlərdən boylanan
Bir az daha qərarlıydıq
Bir az daha cəsurduq
Kimdiksə oyduq...
...Bir səhər atamın işdən qayıdaraq anama
Məndən gizli pıçıldadığı kəlmələri duymuşdum-
“Ermənilər yenə başlayıblar,
Ara qarışıb,
Bizimkilər qaçmağa başlayıblar”...
İki-üç gün keçməmiş
“İyirmialtılar”ın məktəb dəhlizindəki rəsmlərini
Qoparıb tapdaladı yuxarı siniflərin oğlanları
Bəziləri təəccüb və qorxuyla,
Bəziləri sakitcə qarşıladılar olanları...
...Sonra kənd yolunun üstündə sınıq-salxaq bir koma peyda oldu
Pah!-barrikada!
Silkələsən iki ov tüfəngi düşməzdi adamlardan
Amma inanırdılar ki,
Tank qabağında əliyalın dayanmaq
Silahların deyil, namus işidir...
Və axşam iclasları...
Xeyli yaşlı əmim vardı-
Fərəhim əmi,
Kəndimizin dəyirmançısı,
Və onu nəyə görəsə Xalq Cəbhəsinə yazmışdılar
Və anam bir axşam atama dedi ki,
“Yazıq deyilmi, qoca kişidir”...
Azadlıq Radiosuna gizlincə qulaq asan böyüklərdən anlamışdıq
Dünyamızın çalxalandığını,
Haralardasa
Azadlıq uğrunda qan töküldüyünü,
SSRİ-nin çürük ağac kimi ovxalandığını
Pioner qalstuklarımızı çıxarıb atmışdıq
İyirmi yanvarın səhərisi gün
Atalarımızın partiya biletlərini yandırdıqları tonqala
Başımıza 40 gün, 40 gecə qara bağlamışdıq...
Bir də adamlar vardı - Əlövsət dayı kimi
Kinayəylə və nifrətlə
“Qayıdacaqlar, hamınızın payını verəcəklər” deyirdi,
Atamı hədələyirdi-
“Səni də tutub basacaqlar, ağılsızlığının ucbatından
Partiyaya dönük çıxmısan”
“Cavanlardan artıq deyiləm ki..” -atam sakitcə gülümsəyirdi...
Sonra səfərbərlik başladı-
Kimini oturduğu çayxanadan,
Gizləndiyi zirzəmidən,
Dağdan, dərədən,
Ordan-burdan tapıb göndərirdilər cəbhəyə
Kimi də özü
Evdən qaçıb,
Uzaq ellərdən qayıdıb,
Anadan-atadan gizlin yollandı döyüşlərə
Sonra ilk yaralı xəbərləri və ilk şəhidlər-
Hamısı da könüllülərdən...
...Qonşumuz Çərkəz dayının
Torpağa verilməsindən bir ay sonra
Kəndimizə ildırım kimi xəbər parıldadı
Cəbhədən məktubu gəlib çıxmışdı
Qardaşları məktubun arxasıyca harasa yollandılar
Ümüd vardı-
Çərkəzin tabutda gələn meyitinin üzü açılmamışdı...
Sonra bəlli oldu ki,
Məktubunu göndərdiyi cəbhə yoldaşı
Ondan əvvəl şəhid olub
Və tarixinin göstərilmədiyi məktub
İki ay meyiti yuyan məscid mollasının cibində qalıb...
Anamla səhərəcən əsgər corabları, əsgər jaketləri toxuyurduq
Kiçik kağızlar yazırdıq cəbhədəkilər üçün
Corabların burnunda gizlədirdik
Adətən belə olurdu ilk sətirlər-
“Salam əsgər, Tanrı səni qorusun”...
...Sonra Elburusu gətirdilər,
Sonra Elçini,
Sonra Aqili...
Kazım özü öz ayağıyla gəldi,
Amma bu dünyanın adamı deyildi daha
Öləcəyi günə kimi susdu...
Tanrı
İmkan verirdimi ki, gözümüzün yaşı qurusun?...
...Hamının bir-birinə əl uzatdığı
Dərdinə şərik olduğu,
Çörəyin, şəkərin, yağın, çayın
İşığın, istiliyin
Qəhətə çəkildiyi zamanlardı
Aramıza başqa ləhcəli adamlar qatılmışdı-
Qaçqınlar,
Xocalıdan...
Onlar olan yerdə gülməyə utanırdıq
Hərəsinin ailəsində neçə itkisi vardı
Və kəndimizin cavanları bu adamların kədərinin üstünə
Qız sevməyə,
Ataları
Övladlarına toy eləməyə utanırdı
Heç yadımdan çıxmaz-
Bir il, deyəsən 93-du
Cəmi bir toy oldu kəndimizdə
Onda da könüllü əsgər
Qoruduğu Qarabağ kəndindən
Bir qız götürüb qaçmışdı...
...Cəbhə xəbərləri
İkiqat maraqlıydı bizim adamlara
Kəndimizdən olan bir əsgəri göstərirdilər
Xəbərlərin başlanğıcında
Dodaqlarında siqaret
Çiynində qranatomyot
Əvvəl ekrana,
Sonra dönüb uzaqlara baxırdı...
Kəndimizin ən yaraşıqlı oğlanlarından biriydi
İkinci dəfə sağalıb getmişdi cəbhəyə
Atəşkəsə üç ay qalmış bir də vurmuşdular
Atəşkəsdən bir ay sonra evə əlil qayıtdı...
...Daxili üsyanlar
Çevrilişlər
Qaçışlar
Gedişlər
Dirənişlər
Daha dolaşıq hadisələrin dövrü başladı
Ortalıqda biz də böyüdük
Məktəb bitdi...
Qardaşı cəbhədə şəhid olan sinif yoldaşımızın xətrinə
“Son zəng”imizdən imtina etdik...
Belə dostum...
Doxsanların uşaqlarıyıq biz
Telimizi şirin çayla burub naz edirdik
Bir də İran qaloşlarıyla
Atalarımız- “Bəlkə qəpik-quruş qazandıq”-deyib
Çöllərə düşmüşdü
Biz qovurmağa göyərti yığaq deyə
Başli-başına buraxılmış
Zəmi yerlərinə gedirdik...
Ağ çörək üçün burnumuzun ucu göynəyirdi...
Su buxarında yumşaldıb qoyurdular qabağımıza
Arpa, qarğıdalı, nə bilim nə unundan bişirilmiş çörəyi
Yeyirdik, bilirdik ki,
“Bunu da tapmayanlar var”...
Analarımız
“Mən bir az qabaq yemişəm”-söyləyirdilər
Dözüm
Qara ləkə salmışdı gözlərinin altına
Arıqlamış əllərindəki qaşıq titrəyirdi
Kasalarına
Ən sonda çəkirdilər yeməyi...
Bir də təsəlli verirdilər,
Deyirdilər ki, böyüklər-
“Kəndə nə var ki,
Heç olmasa göy-göyərti bitirir torpağı,
Mal-qara var tövləmizdə pis-yaxşı,
Ağzımız ağartıya çatır
Şəhər adamını fikirləşin, şəhər adamını,
Zavod dağılıb, iş yeri yox,
Allah bilir neçə ailə ac qalxıb yuxudan, ac yatır”...
...Sonralar oxumağa getdik şəhərə
Ehtiyac həyasızcasına hücum çəkmişdi mənzillərinə şəhərin,
Qolları qırıq-qırıqdı,
Damarları kəsik-kəsik,
Və mən gecənin yarısınacan dayandığımız
Çörək növbəsində
Tapdalanıb ayaq altında qalan hamilə qadın gördüm
Əlindəki dörddə bir kömbəni də alıb qaçmışdılar üstəlik...
Bir dəfə tətildən Bakıya dönmək ərəfəsində
Atam qəzaya düşdü
Son qəpiklərimiz xərcləndi,
Ümüdümüzü itirdik,
Evimizdəki çox qədim, çox qədim əl xalçasını,
Anamın cehizini
İranlı tacirin təklif etdiyi qəpik-quruşa dəyişdik
Hələ də gözümün önündədir naxışları
Xonçaları da vardı belə-
Əlvan-əlvan, narın-narın...
Anam çarəsizliyini,
Atam peşmançılığını,
Mən xəcalətimi,
Doxsanıncı illərdən başqa
Heç nəyə dəyişəmmədik...
(Oxuyub da bir şey olsaydım barı)...
..Kimi tez uyğunlaşdı,
Karlı çıxdı o illərdən
Kimi üzü qaralı,
Kimi yaralı...
...Kəndimizdəki qaçqın ailələri bir-bir köçdü getdi
Yeni qəsəbələrə
Bircə Ağdamlı Bayram dayının arvadıyla özü qaldı
Məktəbin iki otağında...
Onlar da Ağdam verilməmişdən bir il əvvəl köçüb gəlmişdilər
Bayram müəllim kənd sovetinin sədriymiş, nəymiş,
Vəzifədəymiş...
Oğlunun toyunu kəndimizdə çaldırmışdı
O da-
“Kor olsun, şil olsun, bunlardan olmasın,
Özümüzünkü olsun”-deyib
Kəndimizin qızlarına tərəf baxmamışdı
Bütün kənd toyuna axışdı...
Bir-birindən gözəl iki qızını da
“Özlərindən”-kimsə elçi düşüb aldı apardı...
...O il kəndimizin iki şəhidi
Ağdamda ölüb qayıtmışdı...
Biz,
Doxsanıncı illərin uşaqları,
Burulğanların bitməsini
Tufanların dincəlməsini
Arzularımızın çiçəklənməsini gözlədik
Gözlədik
Nə arzulamaq,
Nə arzular üçün çarpışmaq bitmədi...
Bircə
Atəşkəs imzalandı...
“Dondurulmuş münaqişə” adı verildi ağrılarımıza,
İyirmi beş il keçdi,
Yaşlandıq
Qazandıqlarımız itirdiklərimizin əvəzini
Verməyə yetmədi...
...İndi
Hər dəfəsində
Qorxa-qorxa baxıram uşaqlarımın üzünə
Və irəliyə,
Konservləşdirilmiş müharibə
Onların ən gözəlllərini
Nə zaman məhv etməyə başlayacaq deyə...
...Belə
Dostum
Biz
Doxsanıncı illərin uşaqlarıydıq...
28 aprel 2015
"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən
Hədiyyə Şəfaqət
azadliq.orq