"İndi isə...özümü asmağa gedirəm"
17-11-2017, 15:36
İspaniyada mühacir həyatı yaşamış kubalı yazıçı 30 ildən sonra vətənə dönür. Dostları ilə görüşür. Yeyib-içdikdən sonra söhbət qızışır. Gənclik illəri yada düşür...
Bütün həyatını Kubada yaşamış rəssam İspaniyada mühacir olmuş yazıçıya üzünü tutub deyir: "Bilirəm, sən gözəl insansan. Sədaqətli dostsan. Ancaq bir məsələ həmişə qurd kimi içimi yeyib. Axı, sən Kubadan gedəndə sənin xanımın ağır vəziyyətdə idi. Son nəfəsinə kimi gözləri səni axtardı. Səni sonsuz məhəbbətlə sevmiş o qadını ölüm ayağında necə tək qoya bildin? Bu suala heç vaxt tutarlı bir cavab tapmadım.."
Yazıçı köks ötürüb deyir: "Niyə geriyə dönmədim? Dönə bilmədim. Dönsəydim, səni satmalıydım. O vaxt mən gənc yazıçı kimi təzə-təzə tanınırdım. Sən isə Kubadan kənarda da məşhur idin...
Xanımım ağır xəstə idi. Getdikcə halı pisləşirdi. Ona dərman almağa pul tapmırdım. Belə bir vaxtda özünü öxucu kimi təqdim edən biri məni yeməyə dəvət etdi. Ağlım başımdan çıxana qədər içmişdim. Kubadakı diktatura rejimindən, senzuradan o ki var, gileylənmişdim...
Səhərisi müstəntiq maqnitafonu qabağıma qoydu. Həmin gecə danışdıqlarım lentə alınmışdı. Öz dediklərimdən özüm vahimələnirdim...
Müstəntiq dedi ki, biz danışdıqlarını unuda bilərik. Rəssam dostun da Kubanın, Fidel Kastronun əleyhinə orda-burda çox danışır. Sən bizə kömək etsən, biz səndən əl çəkərik, dostunu isə həbs etməyimiz gərəkir. Çünki bu bir partiya tapşırığıdır...
Gəns yazıçı kimi partiya xətti ilə 2 gün sonra İspaniyaya getməli idim. Ona görə də müstəntiqə dedim ki, sizinlə əməkdaşlıq etməyə canla-başla razıyam...
İspaniyaya daxil olan kimi aradan çıxıdım. Bilirdim ki, ömür-gün yoldaşımın ölümünə az qalıb. Əlbəttə, mən onun yanında olmalıydım. Sən bilirsən ki, biz bir-birimizi nə qədər sevirdik. Fikirləşdim ki, geriyə dönsəm də, dönməsəm də xanımım vəfat edəcək. Ancaq geriyə dönsəm səni də satmalı olacam. Çünki onların verdiyi işgəncələrin nə qədər ağır olduğunu sən də yaxşı bilirsən. Mən o işgəncələrə dözə bilməzdim.
Kubaya qayıtmamağa qərar verdim. Əslində bu qərarı müstəntiqin təklifindən dərhal sonra vermişdim...
Rəssam çoxdan sönmüş siqarına od vurub dedi: "Məni sənsiz də həbs etdilər. Uşaqlıq dostumuz Xose məni satdı. Çünki o, işgəncələrə tab gətirə bilmədi. Mən həbs olunanda isə Xoseni həbsdən buraxdılar. O, dostlarımızın yanına gədi və məni satdığını etiraf etdi. "Indi isə özümü asmağa gedirəm", dedi...
- Dostum həbsdən nə vaxtsa çıxsa, ona deyərsiniz ki, Xose səni çox sevirdi. Ölümə gedəndə də səndən üzr istədi...
Mühacir-yazıçının gözlərindən yaş süzülüb gedirdi: Əslində Xosenin yerində mən olmalıydım. Mən səni satmalıydım. Yəqin ki, səni satandan sonra mən də özümə qəsd edəcəkdim. Xose isə sağ qalacaqdı. Onun gözəl bir sevgilisi də vardı...
Sən məni bağışla, Xose. Mən özümü xilas etdim. Düşündüm ki, mühacir olmaqla dostumu da qorudum. Heç ağlıma gəlməzdi ki, bir dostumu qorumaq üçün atdığım bu addım o biri dostumun ölümünə səbəb ola bilər..."
Elbəyi Həsənlinin profilidən, yazanı naməlum!
teref.az