Aygün Sadiqin güzgüsündə və ... (“Güzgüdə kim var?” kitabı ilə üz-üzə)

26-03-2018, 21:47           

Onun imzasına ilk dəfə “Xəzan” jurnalında rast gəlmişdim. Şeir və hekayələrini oxumuşdum.
Nəhayət, Azərbaycan Demokratik Respublikası yaradılmasının 99 illiyi münasibətilə tərtib olunmuş “25 yazıçının hekayələri” toplusuna salınmış daha bir hekayəsi ilə tanışlıq məndə bu imzaya diqqət oyatdı. Budur, indi “Güzgüdə kim var?” adlı kitabı qarşımdadır. Kitabda onun həm şeirləri, həm də hekayələri yer alıb. Hekayələri nə qədər poetik ifadələrlə doludursa, şeirləri bir o qədər nəsr üçün mövzu götürəcək misralarla zəngindir.
Yəqin hiss etdiniz – söhbət istedadlı şair Aygün Sadiqdən gedir. (“İstedadlı” sözünü elə-belə sözgəlişi işlətmədim. Aygün xanımın istedadını ilk növbədə onun qələm məhsulları, bir də həmin qələm məhsullarına münasibət bildirən bir çox tanınmış yaradıcı insanlar təsdiqləyiblər)
“Teatr asılqandan başlayır” deyiblər. Bəs kitab haradan və nədən başlayır? Bəlkə də mənə qədər bu fikri işlədiblər, amma mən də öz fikrimi açıqlamalıyam. Məncə, kitab üz qabığından başlayır, hər halda müasir dövrün tələbi budur, kitabı yazıb bitirmiş hər kəs onun üz qabığının hazırlanmasında sadəcə iştirak etmir, əməlli-başlı “dəridən-qabıqdan çıxır”.
Aygün Sadiqin kitabının üz qabığında güzgü, güzgüyə baxan gözəl, güzgüdə görünən əcaib qadın əksi və bir bənd şeir yerləşdirilib. Əlbəttə ki, müəllifin imzası və kitabın adı tərtibata uyğun öz yerindədir.

“Ya rəbb, qəbahətim boyumdan hündür,
Zaman da yetmədi möhlət istəyəm.
Bir baxdım, dünyaya gəldiyim gündür,
Bir baxdım, ölümdən o tərəfdəyəm”.

Doğrusu, təəccübləndim; kitabın üz qabığındakı bu qorxunc şəkil nə ideya daşıyır? Sonra kitabı vərəqləməyə başladım, sən demə, kitab mifologiya aləminə səyahət imiş, axı son vaxtlar müəyyən cəhdlər olsa da, bu aləm hələ ki, qaranlıqdır, tam öyrənilməyib, sirlərlə doludur.
“Mifologiya – özlüyündə fəlsəfi və ilahi elmdir. İntuisiya və emosiyalar hesabına aləmi hərtərəfli qavramağa, olduğu kimi qəbul etməyə kömək edir” – yəqin ki, müəlliflə redaktorun qeydidir. Qeyd etmək az qala yaddan çıxmışdı, kitab Əli bəy Azərinin redaktorluğu ilə ərsəyə gəlib. Ön sözün müəllifi Eluca Atalıdır. “Güzgüdə kim var?” kitabında hamının şeir payı var.

Könül vətən sorağında,
Dərdlə açıb sabahın da...
Oğurlanan torpağımda
Əsir qalan elim, haray!!! –
bu, vətən həsrəti çəkən, torpağı, qəbiristanlığı, goru-gorgahı yağıların tapdağı altında qalan hər bir qeyrətli oğulun, qızın; vətən övladının harayıdır.

“Əhv et məni, qarşında günahkar kimiyəm mən,
Bihudeyi – peşiman, Aygün Sadiq”
Günəş ruhli Yanvar mücahidlərinin məzarlarını ziyarətə gələn ölü kütlənin dilindən verilən bu misraları yazan müəllifin yanvar fəlakəti törədilən zaman dörd-beş yaşı olardı, ya olmazdı...

Heyrət saçan ölümlərə əcəl olan
həmin tarix, o ərəfə...
“Məğlub ruhun etirafı” şeirindən götürülüb bu misra, milyonlar üçün yazılıb. O vaxtdan neçə on illər keçib. Yanvar mücahidlərinin məzarlarını indi milyonlar ziyarətə gəlir.
Cəmiyyətdə şəhid anaları hər zaman olub, xüsusən də ermənilərin başladığı Qarabağ savaşında onların sayı minlərlədir, on minlərlədir. Mövzuya bir çox qələm sahibi müraciət edib, Aygün Sadiqin də öz yanaşması var.

Vətənçün yarıda kəsib ömrünü,
Vida söyləyənin “salam”ı olmur.
Şəhid anasının hüzürdür günü,
Şəhid anasının bayramı olmur.

Övlad hər iki valideyn üçün eyni dərəcədə əzizdir. Kim nə deyir desin, ana çəkdiyi qədər əzabını, hüznünü ata da çəkir. Amma fərqli görünürlər, çünki kişilər acını büruzə verməyi bacarmır, qürurlarına boğulurlar, qəhərlərinin yolunu boğazlarında boğurlar, onların göz yaşı daxillərinə axır. Bunu Aygün xanım məharətlə nəzmə çəkib.

Ala bu bayrağı, sus, günüqara,
Söylə mikrafona “Vətən sağ olsun!”
Vətənin qatili – saxtakarlara
Bircə ataları tovlamaq olsun!

Atalar qürurdan ağlamır axı,
Qəlbinin naləsi səssiz ucalır.
Ömründə - əbədi bir övlad dağı,
Əlində - qatlanmış bir bayraq qalır.

Bu şeir sənin üçündür, şəhid atası, möhkəm ol!

Hələ harasıdır? Bir gün məzarı,
Uçub dağılanda canın yanacaq.
Onun oğurlanmış gələcəyini,
Onun qoruduğu məmur danacaq.

Budur şair cəsarəti, budur qadın hayqırtısı, budur Aygün xanımın ana qəlbindən, vətənpərvər ürəyindən püskürən vulkan!
Şairlər zamanın yükünü daşıyan missionerlərdir. Cəsarətsiz şair o yükün altına girəmməz. Aygün Sadiq hər şeyi olduğu kimi, amma tam cəsarəti ilə söyləyir.
...amma ... bu yerdə görün millət vəkili (vəkilə bax haa...) nə fikirləşir?

Barışıq istəyir millət vəkili,
Deyir bağışlayaq qatilləri biz.
Deyir sülh eyləyək daha, təcili,
Eybi yox, qoy itsin ləyaqətimiz.

Belə millət vəkillərinin düşündüyü bircə şey var; təki sərvəti, varı-dövləti, malı-mülkü, super marketləri, şadlıq sarayları əlindən çıxmasın, itməsin, ləyaqəti itsə də olar.
Şeirlərindən göründüyü kimi, Aygün Sadiq valideynlərini vaxtsız itirib. Yəqin ki, çətin, məşəqqətli günlər yaşayıb, ağır həyat görüb, könül əzabı çəkib, mənəvi sarsıntılar keçirib. Atasız, anasız yaşamağın min bir zillətini görüb. Anası Xədicə xanımın əziz xatirəsinə həsr etdiyi şeir, nəinki anasızların, hətta atalı-analı bəxtəvərlərin də qəlbini göynədə biləcək qədər hüznlü bir poeziya nümunədir.

Mənə təsəlli ver, mənə ümid ver,
Dərdimi çiynimdən atıb dincəlim.
Qalıb savaşmaqçün ya səbəb göstər,
Ya çağır, köç edib yanına gəlim.

Aygünün “Tələs” şeiri öyüd-nəsihət verməyi, məsləhət görməyi sevənlər üçündür.

Haqq qatında gözəl ada layiq ol,
İnsanlıq dərsin al, əqlə malik ol.
Bir tək dostun qalıb, ona sadiq ol,
Qalanlar xoş günün dostlarıdır.

Şairi düşündürən, narahat edən bəşəri mövzular kifayət qədərdir. “Gerçək yuxular”, “Dünyaya mesaj”, “Orda türk olmağın rəngi qaradır”, “Zəhra üçün”, “Çək gözünü”, “Düşmən ətəyinə uzanan əllər”, “Müqəddəs vida”, “Görüş”, “Şəhidlərə ithaf” dünyaya bir mesaj olduğu kimi həm də əli qana batan cəlladlara qarşı bir şair üsyanıdır.
Aygün Sadiq milli dəyərlərimizə yüksək qiymət verən şairdir, söz sahibidir. Kiçik bir epizodda ən ülvi hissləri ortaya qoymağı bacarır. Bu barədə Əli bəy Azərinin xüsusi qeydi var: “Hamıya bəlli olan milli mental dəyərləri xüsusi məharətlə vurğulayır Aygün Sadiq. “Həyatımın bəxşişi, çayı isti saxla, gəlirəm” deyir. Bundan yüksək bənzətmə, bundan gözəl kompliment olurmu sevgililər arasında? Çoxlarına adi görünə biləcək müraciəti gör nə qədər yüksəklərə qaldırmağı bacarıb. Səmimiyyəti hisslərin ən yüksək zirvəsi kimi poetikləşdirib, alqışlara layiq deyim edib”.
“Türkməneli” şeiri bütün ədəbi tələbatlara cavab verir.

Çox dözmüsən məşəqqətə,
Bu gün də döz, Türkmənelim.
Qardaşın dəstək olmağa,
Vermədi söz, Türkmənelim.

...Soydaşımsan, əyalınam,
Qardaşımsan, həm oğlunam.
Mən – sənin öz Xocalınam,
Sən – mənim öz Türkmənelim.

Stokholmda səslənən bu şeiri dinləyən hər kəs Xocalını Türkiyədə, İraqda, Kərkükdə, Təkə-Türkməndə zənn edəcək, bərk ayaqda birlik zərurəti yaranacaq. Stokholm burada elə belədən xatırlatmadıq. Aygün Sadiqin şeirlərinə Stokholm tribunalarında güc verən Eluca Atalı kimi mübariz soydaşımız var – bir vaxtlar Universitetdə oxuyarkən fəlsəfə müəllimi olmuş, şeirləri ilə tanışlıqdan sonra kitabına ən səmimi ürək sözlərini toplayıb, ön söz yazıb göndərən Eluca Atalı...
“Yaz ki, səndən öyrənsinlər!
Öyrətmənindən yalnız bir tövsiyyə: Sənə yaxşı deyənlərlə hələ razılaşma, yaxşı nisbidir, daimi deyil, yerini hər zaman pisə verməyə meyllidir. Mütləq ölçü ilə yarat, sabah üçün yarat, onda bu günə də gərək olarsan, zamansız yazdığın üçün...” Bax budur Eluca Atalının İsveçdən, Stokholmdan göndərdiyi məsləhət, nəsihət, sevimli tələbəsinə şirin ana dilimizdə deyildiyi kimi öyüd.
Əlbəttə ki, kiçik bir yazıda Aygün Sadiqin yaradıcılığını təhlil etmək mümkünsüzdür. Güman edirəm ki, qələm dostları, yaradıcılığı ilə tanış olan şair və yazıçılar, xüsusən də tənqidçilər onun yaradıcılığına biganə qalmayacaqlar. Necə ki, kitaba redaktorluq etmiş Əli bəy Azəri biganə qalmamış və qeydlərini kitabın son səhifələrində yerləşdirmişdir.
Əli bəy Azəri yazır: “Bəzən adama elə gəlir ki, o, (Aygün Sadiq nəzərdə tutulur – R.İ) ifrat dərəcədə türkçüdür. Əsərlərinin qəhrəmanı Göy Tanrıdan güc almış göy türkün beş min illik tarixini genində daşıyan millətin ruhudur”.
Geniş auditoriyalar üçün nəzərdə tutulmuş “Güzgüdə kim var?” kitabı Aygün Sadiqin ilk mükəmməl və uğurlu addımıdır. Ona yeni-yeni uğurlu addımlar arzusu ilə...

Ramiz İsmayıl
Xırdalan şəhəri, 14 mart 2018-ci il.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.