Amma Qarabağ ermənidədir...

26-07-2018, 20:37           
Amma Qarabağ ermənidədir...
“Babək” filmində bir səhnə var: Həmədanda məğlub olan Babəkin qoşunu geri dönür, Babəkin oğlu Buğday döyüşün çətinliyindən, düşmənin gücündən, əsgərlərin ölümündən danışdıqca Babək “Amma Babəkin oğlu sağ-salamat qaldı” deyir.

Buğday çətinlikdən danışdıqca Babək yenə də “Amma Babəkin oğlu Buğday sağ-salamat qaldı” deyərək bərk qəzəblənir. Yəni bununla demək istəyir ki, döyüş bu qədər dəhşətli idisə, sən niyə sağ çıxmısan?

Bu yaxınlarda həmin səhnəyə baxanda bizim mətbuatın, rəsmi şəxslərin populyar deyimləri yadıma düşdü. Təxminən 20 ilə yaxındır televiziyada, mətbuat səhifələrində, rəsmi çıxışlarda təkrar-təkrar deyilir: “Azərbaycan regionun ən güclü dövlətidir”, “Ölkəmiz analoqu olmayan inkişafdadır”, “Bizim ordu dünyanın ən güclü ordularından biridir”… Hər dəfə bu kəlmələri eşidəndə adamın yadına Babəkin sözləri düşür ki, yaxşı, deyilənlərə inandıq, amma Qarabağ ermənidədir.

“Ermənistan çox zəifdir”, amma Qarabağ ermənidədir!

“Ermənistanda adam qalmayıb, hamı köçüb gedir”, amma Qarabağ ermənidədir!

“Erməni acından ölür”, amma Qarabağ ermənidədir!

Neynirəm o analoqsuz inkişafı, erməninin qaçmasını, ən güclü ordunu? Qarabağ ki, ermənidədir. Deyilənlər o vaxt həqiqət olar, ona inanarıq ki, “regionun güclü dövləti”, deyilən kimi regionun ən mağmun ordusuna qalib gələcək və Qarabağı azad edəcək.

Mövcud reallıq düşmənə güc verir. İrəvandakı “məxməri inqilab” nəticəsində hakimiyyətə gələn psevdodemokrat Paşinyan Azərbaycana münasibətdə Sərkisyandan daha sərtdir. Son günlər isə bütün komandası ilə daha da sərtləşiblər. Səbəb Qarabağa sahib olmalarıdır.

Bu günlərdə Ermənistanın müdafiə naziri David Tonoyan bəyanat verdi ki, artıq hər şey Moskvada yox, İrəvanda həll olunur. Hədələyici tonla “2016-nın apreli təkrar olunarsa, Ermənistan əks-zərbə üçün ixtiyarında olan bütün arsenaldan istifadədən çəkinməyəcək” deyir. Erməni mətbuatı “Ermənistan belə quzğun nazirə həmişə ehtiyac duyub” yazdı.

Torpağımızı işğal edib, hədələməkdən də əl çəkmirlər. Sərkisyanı ”Ağdam bizim vətən deyil” sözlərinə görə qınayırlar, “status əvəzinə ərazi” prinsipinin yaramadığını açıq deyirlər.

Aydındır ki, erməni də öz təbliğatını aparır, birinin üstünə beşini qoyur, kütləni rahatlaşdırmaq üçün bu cür bəyanatlar verirlər. Amma bizdən fərqli olaraq dillərinə görə dilçəkləri var. O dilçək Qarabağın ermənidə olmasıdır! Yalan danışsalar da, reallıq budur ki, Qarabağ ermənidədir!

Yoxsa Qarabağdan yazanda ATƏT-dən başlayıb, regiondakı geopolitik siyasətin yeni düzənindən, İrandan, Rusiyadan, enerji mənbələrinin Avropaya çatdırılmasından, standart BMT qətnamələrindənmi bəhs etməliyik? Bəziləri kimi siyasi terminlərlə bol, içi isə boş olan təhlillər yazıb, hələ “beynəlxalq tarixi şəraitin yetişmədiyindənmi” danışaq?

Amma Qarabağ ermənidədir. İndi tərsinə çevirək: Qarabağ ermənidədir, amma… Yəni dövlət və millət olaraq bu vəziyyətə münasibətimiz 25 ildir ki, adekvat deyil. Qarabağ ermənidədir, amma çoxluq baş verənlərə biganədir, susqundur. Qarabağ ermənidədir, amma televiziyalardan gələn çal-çağır bunun əksini deyir, sanki itirilən vətən torpağı deyil.

Qarabağ ermənidədir, amma qaçqın Qarabağ uğrunda deyil, tikilən ev uğrunda mübarizəyə məhkumdur. Qarabağ ermənidədir, amma biz… tənəzzüldə.

Qarabağ hadisələri başlayanda bizdəki ruh bəlkə də dünyanın heç bir millətində yox idi. Ağdam ayağa qalxanda Ağdamdan çox Dağlıq Qarabağ üçün, Şuşa üçün ayağa qalxmışdı. İndi Ağdamın özü yoxdur. Və o gün – Ağdamın işğal edildiyi gün Şəhidlər xiyabanında heç 500 adam ola-olmayaydı. Olanlar da həmişəki tanış üzlər. Nəyin nəticəsidir bu? Bizdə vətənpərvərlik ruhu sındırılıbmı? Günah kimdədir? Bəlkə “siyasət bizlikdir, muğam oxumaq sizlik” deyənlər torpaq, vətən hisslərinin tam öləziməsi üçün istədiklərinə çatıblar? Bəs “siyasət bizlikdir” deyənlərin o möhtəşəm siyasəti hanı? Məmur kabinetində oturmaqdımı siyasət? Oturun, amma Qarabağ ermənidədir! Millət və dövlət qarşısında tarixi məsuliyyəti dərk etməyənlər, artıq bir nəslə, öz övladlarımıza şikəst Azərbaycan qoyduğumuzun fərqindəsinizmi? Belə getsə, daha neçə nəslə ötürəcəyik bu şikəstliyi.

Azərbaycanda dövlətin də, millətin də bir siyasəti olmalıdır – Qarabağ siyasəti! Axı Qarabağ ermənidədir!
moderator.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.