O daş altda Məmməd Araz yaşayır...

13-10-2018, 08:56           
O daş altda Məmməd Araz yaşayır...
Bu dünyada olsa idi 85 yaşı olardı böyük şair, vətəndaş Məmməd Arazın.......
Görkəmli xalq şairi Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair- vətəndaş ömrü yaşamışdır. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çox onun yaradıcılığında öz əksini tapmasını Məmməd Araz özü də şeirlərində dəfələrlə etiraf etmişdir. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: "Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir".

Məmməd Arazın şeirlərində ifadə olunan həyatı və taleyi rəsmi tərcümeyi-hal sənədlərindən də dəqiq, dərin və mənalıdır:

Məni şeirimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa, onu demişəm.
Anadan-bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən qizlətməmişəm.

Xalq şairi Məmməd Arazın (1933-2004) uşaqlığı və ilk gənclik illəri qədim Naxçıvan diyarında keçmişdir. Şahbuz dağlarının özünəməxsus ab-havası, səfalı Batabat yaylağının, Çadırdaş ətəyindəki, Salvartı yaxasındakı obaların romantik axar-baxarı Məmməd Arazın ruhuna hopmuşdur. O, "bütün aləmə" - Vətənə və dünyaya "yayda günəşi, qışda qarı bol olan", "ürəyinin bir parçası" adlandırdığı Naxçıvandan baxmışdır. Naxçıvan Məmməd Arazın təkcə tərcümeyi-halının - həyatının deyil, sənətinin də start nöqtəsi olmuşdur. Məmməd Araz həyatının sonrakı çətin dövrlərini, sənətin eniş-yoxuşlarını daim sinəsində hifz etdiyi həmin "dağ havası" ilə uğurla keçə bilmişdir:

Sinəmdə o yerin dağ havasıdır,
Qaynar bulaqları qaynar qanımda.
Mənim ürəyimin bir parçasıdır
Doğma Şahbuzum da, Naxçıvanım da.

Mən burdan baxıram bütün aləmə,
Bu yerin qışı da yazımdır mənim.
Axar çaylarına lal sudur demə,
Onlar min nəğməli sazımdır mənim.

Böyük rus yazıçısı Mixail Şoloxov üçün Sakit Don, xalq şairi Səməd Vurğun yaradıcılığında Kür qırağı, Qarayazı, Şərqi Avropa yazıçılarına görə mavi Dunay, rus ədəbiyyatının böyük bir nəslinin təsəvvüründə Volqa çayı hansı əhəmiyyətə malikdirsə, Məmməd Arazdan ötrü də Naxçıvan - xan Araz həmin mənaları daşıyır. Məmməd Arazın yaradıcılığında Çadırdaş ətəyindən, Nursu bulağından başlanan poetik təəssüratlar, kövrək notlar xan Arazın tərənnümünün timsalında yüksək vətəndaşlıq mahiyyəti ilə zənginləşərək tamamlanır.

Məmməd Arazı əhatə edən ana təbiətin saflığı ilə ata ocağı mühitindəki halallıq, təmizlik və zəhmətkeşlik həmişə vəhdət təşkil etmişdir. Atası İnfil kişinin halallığı, şəxsiyyət kimi bütövlüyü, ömrü boyu yalnız alın təri ilə yaşamağın qovğalarına qatlaşması Məmməd Arazın dünyagörüşünün, gələcək mərdanə poeziyasının formalaşmasında mühüm rol oynamışdır. Ailə mühitindəki atanın sərtliyini və halallığını nənəsi Zöhrə xanımın və anası Cahan arvadın kövrəklik və səmimiyyəti tamamlamışdır. Zöhrə nənə milli folklor nümunələrini hafizəsində saxlayıb həvəslə nəvələrinə, o cümlədən Məmmədə çatdırmışdır. Cahan ana isə nəğməkar olması, sözlü-söhbətli dünyası ilə oğlunu gələcək ədəbi həyata hazırlamışdır. Ulu babalardan qoruna-qoruna gəlmiş, həmişə "çırpısı tətikdə, odunu dəmdə" olan ata ocağı sözün həqiqi mənasında, bütöv bir xalqı və böyük bir Vətəni təmsil edən ümumiləşmiş Azərbaycan ocağıdır. Şair nəsillərdən-nəsillərə keçib gəlmiş bu tarixi ocağın layiqli varisi, etibarlı odqoruyanıdır:

Çırpısı tətikdə, odunu dəmdə,
Şəhərin gözündən od alıb ocaq.
Yanır aram-aram, odu sinəmdə,
Sonra kim söndürüb, kim yandıracaq?

Babamdan qalıbdır bu ocaq bizə,
Bir ocaq sönəndə bir tifaq itir.
Bir ocaq söngüsü qeyrətimizə
Bir düşmən nəslinin qəhqəhəsidir.

İkinci cahan müharibəsi illərində Nursu kəndinin balaca sakini, "axşam məktəbli, gündüz çoban"ı olan Məmməd İbrahimov ilk qələm təcrübələrini obrazlı şəkildə "tapşırıq dəftəri" adlandırdığı "sal daşlar üstündə" yazmalı olmuşdur. Müharibə aparan ölkədə hər məktəbdə bir kitabın, hər sinifdə bir dəftərin olması ancaq mümkün idi. Bu mənada Çadırdaş ətəyində, Şahbulaq yaylağı ətrafındakı yazı masasına bənzəyən sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin daşlaşmış səhifələridir. Bəlkə də ilkin başlanğıcı daşla bağlı olan bu poeziyada daş motivinin sonralar əsas aparıcı mövzulardan birinə çevrilməsinin mühüm səbəblərindən biri də budur. Fikrimizcə, ədəbiyyatşünaslıq baxımından Məmməd Araz poeziyasında daş motivi bütövlük, Vətənə, torpağa bağlılıq, gərəkli olmaq, əsl vətəndaşlıq mənalarını ifadə edir. Şair hətta özünü də şeirlərindən birində milli şeirimizin "daş əsgəri" adlandırır. Xalq şairi Məmməd Arazın qələmindən çıxmış və məşhur zərb-məsələ çevrilmiş "vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" misrası daşla Vətən və vətəndaşlıq arasında bərabərlik işarəsi qoymağa gətirib çıxarmışdır. Sözün geniş mənasında Məmməd Araz özü də sənətinin milli-mənəvi dərinliyinə və əhəmiyyətinə görə əbədiyyət qazanmaq mənasında "daş ayaqlı-daş əlli" bir insan-qaya obrazı səviyyəsinə yüksəlmişdir. İlk şeir dəftəri sal daşlar olan Məmməd Araz Azərbaycan şeirinin möhtəşəm, uca və məğrur "Vətən daşıdır".

Burası da maraqlıdır ki, Məmməd Arazın yaradıcılığında daş obrazı və ya mövzusu digər şairlərlə müqayisədə daha çox rəngarəng mənalar daşıyır, çeşidli mətləbləri ifadə etməyə xidmət göstərir. Məmməd Arazın şeir dünyası sanki poeziyamızın "daş zəmisidir". Təsadüfi deyildir ki, şairin kitablarından biri də "Daş harayı" (1992) adlanır. Ədəbiyyatımızda "Vətən qayaları, Vətən daşları" şeirlər silsiləsini də Məmməd Araz yaratmışdır. Misralara nəzər salaq:

Tarix əlifbası daşdan başlanır,
Əl dəydi yumşalır, göyərir indi.
Başdı - daş olubdu, daşdı - baş olub -
Bunları seçmək də hünərdi indi.

və yaxud:

Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx, hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.

Qeyd etmək lazımdır ki, XX əsrin altmışıncı illərindən etibarən Məmməd Araz poeziyamızın xəritəsinin təzələşməsindən, "şeirimizə təzə-təzə yollar" gəlməsindən geniş söz açmışdır. Yəni, keçən əsrin 30-50-ci illərinin poeziyasındakı zamanın tələblərindən doğan poetik dəbdəbə, ritorika, zahiri təntənə, parıltı, tərənnüm, ideoloji xəttə meyil kimi qəlibləşmiş ənənələrin buzu Məmməd Araz və onun mənsub olduğu ədəbi nəslin istedadlı nümayəndələrinin səyi, cəsarəti ilə sındırılmışdır. Əgər xalq şairləri Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim yaşadığı dövrün sərt qanunları çərçivəsində daha çox zəfər yürüşlərindən, ümumi quruculuq rəşadətlərindən yazmağa məcbur idilərsə, Məmməd Araz və onun təmsil etdiyi ədəbi nəsil yeni şəraitdə insan mənəviyyatının dərinliklərini, ana Vətənin dərd-sərini, məhəbbəti və kədəri qələmə almağa imkan tapmışdır. Bu mənada şairin "Urəyimsiz kəlmə kəsən deyiləm" misrası tərənnüm poeziyasından düşüncə lirikasına qəti keçidi dolğun ifadə edir. Bununla belə, müşahidələr göstərir ki, sərt zamanın diktə etdiyi ümumi təsvirlərdən və ideoloji yönlü tərənnümdən insan mənəviyyatının kəşfinə keçid senzor-naşir, müəllif-redaktor, oxucu-yazıçı münasibətlərini əhatə edən çətin mübarizələrdən sonra baş tutmuşdur:

Qaytardı redaktor lirik şeirimi,
Qaytardı: - Zavod yox, fəhlə yox,- deyə.
Zavoddan yazdığım kiçik şeirimi,
Oxudum bu axşam qonşum fəhləyə.

Fəhlə də qınağa tutdu ki məni,
Bəs hanı lirika, məhəbbət hanı?
Gəl indi inandır çap eləyəni,
Gəl indi sevindir sən oxuyanı.

Düşüncə lirikası, mənəviyyat ədəbiyyatı, lirik-psixoloji şeir və nəsr, o cümlədən xalq şairi Məmməd Arazın yaradıcılığı belə çətin labirintlərdən keçib gəlmiş, nəhayət, ədəbi mühitdə özünü təsdiq etmişdir. Bunun nəticəsində XX əsrin 60-90-cı illərində Azərbaycan şeirində düşüncə lirikasının, lirik-psixoloji və romantik şeirin bir sıra tanınmış nümayəndələri yetişib formalaşmışdır. Əli Kərim, Fikrət Qoca, Nəriman Həsənzadə, Cabir Novruz, Hüseyn Razi, Sabir Rüstəmxanlı, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Zəlimxan Yaqub, Məmməd İsmayıl, Çingiz Əlioğlu, Ramiz Rövşən, Elman Həbib, Nüsrət Kəsəmənli, Vaqif Bəhmənli, Rüstəm Behrudi, Vaqif Məmmədov, Vaqif Bayatlı, Xanəli Kərimli mövzu və mətləbi ümumi tərənnüm yolu ilə deyil, orijinal poetik düşüncələrlə mənalandırmaq sahəsində maraqlı üsullar, düşünülmüş bədii vasitələr tapmışlar. Bununla belə, keçən yüzilliyin 70-80-ci illərində milli şeirdə düşüncə lirikası komandasının baş kapitanı Məmməd Araz olmuşdur. Şair insan mənəviyyatını kəşf etməyi böyük sənətin əsas qayəsi hesab etmişdir.

Poetik ənənə, yaradıcı şəkildə faydalanma baxımından xalq şairi Məmməd Arazın istinad etdiyi, öyrəndiyi daha iki böyük məktəb vardır: Məhəmməd Füzuli və Mirzə Ələkbər Sabir. Məmməd Araz böyük Füzulidən sözün məsuliyyətini dərindən dərk etməyi, bədii sənətin qüdrətini yaşatmağı bacarmağı bir estafet kimi qəbul etmişdir. Onun dahi Füzulinin "Nə yanar kimsə mənə atəşi-dildən özgə, Nə açar kimsə qapım badi-səbadan qeyri" beytinə yazdığı "Səba yeli" şeirindəki aşağıdakı səmimi etiraf söz mülkünün sultanına böyük ehtiramı və əbədiyyət qazanmağı ondan öyrənməyin zərurətini qabarıq şəkildə dilə gətirir:

Sözün sehrinə bax, qüdrətinə bax!
Bir heykələ döndüm öz yerimdə mən;
Beləcə bir misra yazaydım ancaq,
Yüz il yazacağım əsərimdə mən.

...Qəlbimdə bir nəğmə dil açdı yenə,
Ay ellər, bir sevda nəğməsidir o.
Açın qapıları səba yelinə,
Açın, Füzulinin nəfəsidir o...

Azərbaycan şeirinin Magellanı adlandırdığı Mirzə Ələkbər Sabirin zəngin və ötkəm şeirləri, ən böyük insan haqları şeirnaməsi olan həmişəyaşar satirası Məmməd Araz üçün sözün geniş mənasında əvəzsiz vətəndaşlıq məktəbidir. Beləliklə, ustad Məhəmməd Füzulinin müdriklik və məsuliyyəti, Sabir sənətinin vətəndaşlıq cəsarəti, Səməd Vurğun şeirinin yüksək ilhamı özünəməxsus şəkildə Məmməd Araz poeziyasında cəmləşmiş, yaradıcı yanaşmaların sayəsində yeni keyfiyyətlərlə zənginləşmişdir. Məmməd Araz adları çəkilən ustad sənətkarlardan yaradıcılıqla öyrənmiş, lakin onların heç birini təkrar etməmişdir. Nəticə etibarilə millilik və müasirlik, dərin lirizm, fəal vətəndaşlıq mövqeyi və bəşərilik Məmməd Araz şeirinin özünəməxsusluğunu müəyyən edir. Buna görə də Məmməd Araz sənəti XX əsrin birinci yarısındakı Səməd Vurğun məktəbi ilə sonrakı dövrün şeir üslubu və ənənələri arasında çox etibarlı və möhkəm varislik körpüsüdür. Poeziyamızın artıq bir neçə nəsli böyük sənət meydanına həmin poetik körpüdən keçərək gəlmişdir.

İkinci cahan müharibəsindən sonrakı Azərbaycan kəndi, davadan qayıtmış kəndli kişilər, onların əsgərdən də sədaqətli olan ömür-gün yoldaşları, ana torpaq kimi halal, bulaq suyu qədər saf olan kənd uşaqları, uzaq dağların arxasından geniş üfüqlərə, daha işıqlı sabahlara dikilən böyük ümidlər Məmməd Araz poeziyasının poetik yükündə üstünlük təşkil edir. Yetmişinci illərdə ölkəmizdə təzədən canlanan şəhər də, kənd də, Azərbaycanın əkinçisi də, neftçisi də, xalq şairinin əsərlərində özünəmünasib şəkildə poetik baxımdan obrazlı şəkildə mənalandırılmışdır. Tərəddüd etmədən demək olar ki, ötən əsrin səksəninci illərinin sonlarından başlanan milli azadlıq hərəkatını illərdən bəri hazırlayan, formalaşdıran şairlərin cərgəsində Məmməd Araz da ön sıralarda durur.

Millilik və müstəqillik, azadlıq düşüncəsinin, ayıq, fəal vətəndaşlıq mövqeyinin şeirdə bənzərsiz ifadəsi Məmməd Araz sənətinin mayasını, cövhərini təşkil edir. O, sözün həqiqi mənasında böyük İstiqlal şairidir. Yaxın və uzaq tariximizlə yanaşı, bu günümüzün və hətta sabahımızın da böyük, mühüm, ciddi həqiqətləri "Məmməd Araz karandaşından" göyərir:

Son atəş də, son zərbə də səninkidir,
Oğul əsgər, əsgər oğul - mərd igiddir.
Mərd ölsə də mərdlik ölmür, hünər ölmür;
Hünər ölmür, mərdlik ölmür, əsgər ölmür.
Geri dönmə sən qələbə xəttindəsən,
Son qələbə həddindəsən, səddindəsən!

Xalq şairi Məmməd Araz poeziyasında Vətən - ata ocağı, doğma yurd, el-oba, Kür-Araz deməkdir. İxtisasca coğrafiya müəllimi olan Məmməd Araz ədəbiyyatda bütöv Azərbaycanın ən kamil, bitkin, dolğun poetik coğrafiyasını yaratmağa nail olmuşdur. Ədəbiyyatımızda Əhməd Cavaddan və Səməd Vurğundan sonra müqəddəs Azərbaycan Vətənimiz haqqında ən sanballı, yadda qalan, ilhamlı və təsirli şeirləri Məmməd Araz yaratmışdır. Ölkəmizdə Azərbaycan haqqında ən çox və geniş yayılmış şeirlərdən biri - "Azərbaycan - dünyam mənim" şeiri Məmməd Araza məxsusdur:

Azərbaycan - mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
"Azərbaycan" deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.

XX əsrin doxsanıncı illərində yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan da sanki körpə uşaq kimi Məmməd Arazın şeirlərində boy atmışdır. Xalq şairi Azərbaycanı düçar edildiyi bəlalardan qorumaq, xilas etmək və yaşatmaq üçün hamıdan qabaq Azərbaycanın özünü var gücü ilə haraya və köməyə çağırmışdır. Xalq şairi Məmməd Arazın "Ayağa dur, Azərbaycan" şeiri ölkəmizin müstəqillik uğrunda mübarizə marşı kimi səslənir:

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
...Hanı sənin tufan yıxan, gürşad boğan
Yurda oğul oğulların?!
Qara Çoban, Dəli Domrul oğulların!
Çək sinənə - qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Ayağa dur, Azərbaycan!

Milli birlik, mənəvi bütövlük və azadlıq Məmməd Araz şeirinin əsas ilham qaynağıdır. Şair hələ 1956-cı ildə yazdığı "Bizim gənclik" şeirində özünü və sənətini "xalqımızın müqəddəs, mübariz çağırışına" həsr edəcəyini bəyan etmişdir. Məmməd Araz sərt ideoloji çərçivələr dövründə Azərbaycan ədəbiyyatında hamıdan əvvəl "Məndən, səndən ötən zərbə, Vətən, Vətən - sənə dəydi" nidasını milli şeirin böyük enerjisi ilə, var gücü ilə səsləndirə bilmişdir. Vaxtilə Xəzərin ekologiyası barədə ən kəskin poetik həyəcan təbilini də Məmməd Araz səsləndirmişdir. Keçən əsrin əvvəllərində böyük Hop-hopun bağrından qopmuş "nişançı özümüz, hədəf özümüz" kəlamını ötən yüzilliyin sonunda bədii sənətin uzaqvuran top lüləsinə qoyub yeni hədəflərə məharətlə, sərrast atmağı bacaran da Məmməd Araz idi.

Müxtəlif dövrlərin Azərbaycan gerçəkliyini mənalı və münasib şəkildə əks etdirən "Vətən mənə oğul desə", "Yenə Arazı gördüm", "Dağlara çağırış", "Dünya düzəlmir", "Bu millətə nə verdik ki", "Əsgər oğul", "Ağlama", "Kəlbəcər qaçqınlarına", "Qalx ayağa, Azərbaycan" kimi ittiham və səfərbərlik ruhlu şeirlər Məmməd Arazın böyük ilhamından və istedadından doğulmuşdur. Məhz Məmməd Araz hələ XX əsrin yetmişinci illərində əsarətə və müstəmləkəçiliyə etiraz səsini ucaldaraq yaza bilmişdi ki:

Bir ölkənin caynağından ölkə saldırıb,
Neçə-neçə bölünənlə bölünməliyəm.
Bir ölkənin sağlığına badə qaldırıb,
Bir ölkənin göz yaşına bələnməliyəm.

Xalq şairi Məmməd Araz milli mücadilə savaşında lazım gələndə böyük cəsarətlə vətəndaş "qələmini - hərbi nazirə", "yazı masasını - paytaxta", "kağızını - bayrağa", sevgisini, nifrətini "ən nizamlı qoşuna" çevirməyi bacarmış qüdrətli sənətkardır. Məmməd Araz şeiri yarım əsrdən çox müqəddəs Vətən səngərində mübariz keşikdə dayanmışdır. Bu şeirin atəş sədaları mənəviyyatımızdan tutmuş, ictimai mühitimizə, hətta sərhəd xətləri və cəbhə bölgələrimizə qədər hər yerdə əks-səda tapmışdır. Bununla belə, Məmməd Arazın yaradıcılığında millilik bəşəriliklə vəhdət təşkil edir. Şairin insan haqqındakı düşüncələrində milli və bəşəri duyğular üz-üzədir. Bundan başqa, onun poetik rübabında dünya məsələlərinə, bəşəriyyəti düşündürən vacib problemlərə dair fikir və qayğılar da sıx-sıx öz əksini tapır. Lakin bütün məqamlarda Məmməd Araz özünün elan etdiyi kimi, "Azərbaycan dünyasından baxır dünyaya". Şairin sırf, xalis bəşəri-fəlsəfi səpkidə qələmə alıb, yüksək bədii səviyyədə təqdim etdiyi dünya mövzusu isə ilk növbədə Vətən övladlarını "gəlimli-gedimli" dünyanın bənzərsiz "ömür-gün naxışı"nın mahiyyəti ətrafında düşündürməyə yön alır:

Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkir əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin.

Məmməd Araz - tale şairidir. Onun yaradıcılığı ilk növbədə özünüifadənin ümumiləşmiş poetik tərcümanıdır. Məmməd Araz ürək şairidir. Ürək - şairin "söz süfrəsi"dir. Onu "ayaqlara palaz kimi" atmaq olmaz. Ürəklə yaşamaq, səmimi, kövrək, həssas və mərd olmaq insan və şair kimi Məmməd Arazın taleyidir. Buna görədir ki, şairin "qəlbinin yükü" bir qatarın yükündən ağırdır. Xalq şairi Məmməd Arazın poeziyası bütövlükdə "ürək imtahanından" keçib uğurla sınaqdan çıxmış, necə deyərlər, yüksək "keyfiyyət nişanı"na layiq görülmüş kamil sənət nümunəsidir.

Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz bənzərsizdir. Azərbaycan ədəbiyyatında poema janrı Məmməd Arazın poemaları ilə yeni mərhələyə çatmışdır. İnsan mənəviyyatının dərin qatlarının poetik kəşfi, fəal vətəndaşlıq mövqeyi və müasirlik, milli taleyimizin əhatəli təqdimi bu poemaların ana xəttini səciyyələndirir.

Məmməd Arazın "Üç oğul anası" (1957) poeması xalq yazıçısı İsa Hüseynovun psixoloji nəsrinin milli poeziyadakı yol yoldaşıdır. Əsərdə İkinci cahan hərbində üç oğlunu itirmiş Azərbaycan qadınının - Ananın mərdanə bədii obrazı uğurla canlandırılmışdır. "Araz axır" (1960) poemasında tarixi və milli taleyimizlə bağlı zamanın sözü Məmməd Arazın təqdimatı əsasında zamanı qabaqlayaraq özünün yüksək bədii-fəlsəfi əksini tapmışdır. "Araz axır" poemasından təxminən əlli ildən çox bundan əvvəl müharibə əleyhinə yazılmış poetik çağırış bu gün də bütün dünya üçün aktual səslənir.

Əridib silahları
Biz marten sobasında,
Körpü yarada bildik
Yerlə Mars arasında, -
Müharibə olmasa!

"Paslı qılınc" (1964) poeması sanki yazıldığı dövrün yeni tipli "Aygün"üdür. Bu əsərlə, poema Azərbaycan ədəbiyyatında bir janr kimi ümumi pafoslu mövzulardan sadə, bir qədər də mürəkkəb həyati mətləblərin ifadəsinə yön almışdır. Məmməd Arazın "Atamın kitabı" poeması isə Azərbaycan ədəbiyyatında böyük Mirzə Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərindən sonra milli birlik, Vətən təəssübkeşliyi və mənəvi ucalıq haqqında yazılmış ən kamil poetik dastandır.

Böyük Mirzə Ələkbər Sabirə həsr olunmuş "Mən də insan oldum" (1962) poemasında Məmməd Araz o zamankı sərt rejimə baxmayaraq, örtülü vasitələrlə mənsub olduğu xalqın azadlığı və müstəqilliyi haqqındakı arzularını da ifadə etmişdir. Adından göründüyü kimi, "Əsgər qəbri haqqında ballada" poemasında isə lirik başlanğıc aparıcıdır. Əslində, bu əsər poema-monoloqdur. "Qayalara yazılan səs" isə tam halda lirik-romantik poema formasında düşünülmüşdür. "Qayalara yazılan səs" poemasında orijinal təbiət mənzərələri canlandırılmış, peyzaj lirikasının yaddaşlara həkk olunan mükəmməl nümunələri yaradılmışdır. Belə məqamlarda Məmməd Araz mahir bir şair-rəssam kimi çıxış edir.

Məmməd Arazın çoxcəhətli yaradıcılığında publisistikanın da özünəməxsus yeri var. Məmməd Arazın publisistikası şair qələmindən çıxmış bədii publisistikadır. Şeirin ölçülərinə sığmayan ciddi həyati mətləbləri, aktual məsələləri Məmməd Araz publisistika nümunələrində əks etdirmişdir. Bu publisist yazılarda XX əsrin 60-80-ci illərinin Azərbaycanın əsas qayğıları, inkişafı və problemləri ilə birlikdə öz əksini tapmışdır. Məmməd Araz publisistika janrlarının hüdudları daxilində canlı, dinamik, inkişaf edən həyatın əsas, ana rənglərini, təbii, həyati obrazlarını, xarakterlərini sadəcə qəzet dünyasına deyil, geniş mənada ədəbiyyata gətirmişdir. "Naxçıvan albomu", "Yer üzünün Qarabağ düzü", "Kür qovuşur Salyana", "Torpaqdan göyərən ucalıq", "Arpaçayın aşıb-daşan nəğməsi", "İyirmi üç ildən sonra yazılmış cavab" və s. bu kimi publisist yazılar aradan illər keçsə də, əhəmiyyətini və dəyərini itirməyən sənət nümunələridir. Qədim Naxçıvanın nadir təbiət abidəsi Narbənd ağacı haqqındakı təsvirlər ixtisasca coğrafiya müəllimi olan xalq şairi Məmməd Arazın lirik ovqata malik obrazlı baxışlarının publisistikadakı təqdimatıdır: "Narbənd ağacına uzaqdan baxanda hündür, yaşıl göbələyə oxşayır. Onun köksündə bir sürü yata bilər. Sıx yarpaqları arasından günəş şüaları keçə bilmir. Onun altında şıdırğı yağışdan da qorunmaq olur. Ancaq qəribə taleyi var bu ağacın... Yer üzündən nəsli kəsilib. Onu babalarımız Naxçıvanda əkib yaşadıblar. Naxçıvanın isti yayında çox münasib kölgəsi var. Narbənd ağaclarına baxdıqda ağıllı, zəhmətkeş babalar yadıma düşür".

Bədii tərcümə sahəsində də Məmməd Araz uğurla fəaliyyət göstərmişdir. Vaxtilə Abbas Abdullanın yazdığı kimi o, "ürəyindən keçənləri başqa millətdən olan sənət dostlarının şeirlərində görəndə sevinən, onları ana dilimizdə oxuculara çatdırmağı özünə borc bilən şairdir". Buna görədir ki, onun tərcümələrinin böyük əksəriyyəti Məmməd Arazın şair ürəyindən qopan öz şeirləri kimi səmimi və poetikdir. Xüsusən, şairin Mixail Lermontov, Taras Şevçenko, Qaysın Quliyev, Mustay Kərim, Oljas Süleymenov, Mixail Svetlov, Sergey Vasilyev, Oleq Şeştinski və başqalarından etdiyi tərcümələr kamil sənət nümunələridir.

Göründüyü kimi, xalq şairi Məmməd Araz məsuliyyətli ömür yolu ilə, yarım əsrə yaxın davam edən böyük sənəti ilə həmişə Vətən səngərində mübariz keşikdə dayanmışdır. XX əsr boyu fərqli, ideoloji sistemlərdə yaşayıb-yaratmasına baxmayaraq, xalq şairi Məmməd Araz ədəbiyyatda və ictimai həyatda həmişə azərbaycançılıq mövqeyinin böyük müdafiəçisi olmuşdur. Məmməd Arazın vətəndaşlıq poeziyası indiki müstəqillik mərhələsində də millət və milli dövlət yolunda döyüş səngərindədir. Şeirimizin "Daş əsgəri" kimi ədəbiyyata gələn sənətkarın "qaya-sərkərdə" səviyyəsində əbədi yaşamaq səlahiyyəti qazanması ömrün də, sənətin də çoxillik və çətin imtahanlarından alınan yekun qiymətidir. Yarım əsrlik çoxcəhətli və mənalı yaradıcılığı ilə Məmməd Araz bütövlükdə mənsub olduğu xalqın ürəyində, düşüncəsində məskən saldığını, əbədi yaşamaq haqqı qazandığını təsdiq etmişdir:

...Bütün keçilməzliyi, Vətən,
adınla keçdim...
Haqqın var Məmməd Araz,
Haqqın var yaşamağa!

Məmməd Araz rəsmi təltiflərini - xalq şairi fəxri adını, "İstiqlal" ordenini, əməkdar incəsənət xadimliyini, Dövlət mükafatını Vətənə və xalqa məsuliyyətlə xidmət edərək böyük halallıq və qürurla qazanmışdır.

Böyük sənətkar müstəqil dövlətimizin yüksək diqqət və qayğısı ilə də əhatə olunmuşdur. Xalqımızın və ədəbiyyatımızın böyük qayğıkeşi, görkəmli dövlət xadimi Heydər Əliyev xalq şairi Məmməd Arazın sənətinə və şəxsiyyətinə böyük ehtiram bəsləmişdir. Məmməd Arazın anadan olmasının 60 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunması, şairin yüksək "İstiqlal" ordeni ilə təltif edilməsi, Almaniyaya müalicəyə göndərilməsi tədbirləri Məmməd Arazın bədii yaradıcılığının inkişafına böyük təkan vermişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqındakı 27 sentyabr 2013-cü tarixli sərəncamı görkəmli sənətkarın böyük sənətinə dövlət səviyyəsində göstərilən yüksək diqqəti və qayğını dolğun şəkildə ifadə edir. Sərəncamda öz əksini tapmış aşağıdakı fikirlərdə Məmməd Arazın ölməz sənətinin ana xətləri ümumiləşdirilmiş şəkildə diqqət mərkəzinə çəkilmişdir: "Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizin və milli ədəbi fikrin tükənməz xəzinəsindən almışdır. Ana dilinin bütün incəliklərini özündə toplamış bu poetik irs gəncliyin milli-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir".

Xalq şairi Məmməd Arazın kamil, müdrik, mübariz sənəti yaşayır və xalqımızın daha böyük üfüqlərə doğru müasir inkişafına uğurla xidmət edir.

İsa HƏBİBBƏYLİ - AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.