Həbs olunan MTN-çilərin banklarla birlikdə iş adamlarını hansı sistemlə soymaları bəlli oldu - Cahangir Hacıyevin də missiyası var imiş...

21-10-2015, 14:41           
Həbs olunan MTN-çilərin banklarla birlikdə iş adamlarını hansı sistemlə soymaları bəlli oldu - Cahangir Hacıyevin də missiyası var imiş...
Milli Təhlükəsizlik Nazirliyinin bəzi əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı informasiyalar gəlməkdə davam edir. MTN-də çalışan həmin qanunpozanlar bəzi banklarla birləşərək hansı soyğunçuluqları etməsi, polis rəislərini və iş adamlarını necə tələyə salmaları ilə bağlı Hafta.az-a maraqlı məlumatlar daxil olub. Polis sistemində işləyən, adının çəkilməsini istəməyən mənbənin danışdıqları bizi şoka saldı.

Mənbə bildirir ki, bir az imkanı olan - evə, maşına, obyektlərə sahib iş adamları, hətta polisdə işləyən bəzi rütbəli şəxslər əvvəlcədən nəzarətə alınırmış:

“Bir müddət həmin adamla bağlı yoxlamalar aparılırdı. Təbii ki, MTN kimi strukturun əlində bu adi məsələdir. Dövlətin yaratdığı bütün imkanlardan özləri üçün istifadə ediblər. Nəzarətə götürülən şəxsin bütün malı-mülkü qeydə alındıqdan sonra onların telefonları dinlənilməyə alınır. Və adi bir bəhanə ilə həbs edilərək, MTN-nin zirzəmisinə salınırmış. Onları uydurma ittihamlarla qorxutmağa başlayırlar. Hətta bəzilərinin evinə maskalılar gedib, guya əməliyyat keçirirmiş. Sonra da deyirlərmiş ki, 1 milyon pul gətirsən səni buraxarıq. Təbii ki, həmin insanlarda 1 milyon olmur. Azərbaycanda bu qədər pula hər insan sahib ola bilməz. Bank sistemi, yəni sabiq nazir Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın keçmis sədri Cahangir Hacıyev bu mərhələdə dövriyyəyə girirmiş. Bu işdə başqa banklar da olub, yəni faktiki olaraq nazirin qudasının nəzarətində olan strukturlar.

Adam deyəndə ki, “axı mənim o qədər pulum yoxdur” ona izah edirlər ki, biz sənə pul təşkil edərik. Belə ki, bu adam xüsusi nəzarətçilərlə banka göndərilir. Maşınını, evini, obyektini girov qoyaraq 1 milyon kredit götürməyə məcbur edilirmiş. Həmin pul isə heç insanın əlinə də dəymədən MTN-ə gəlirmiş. Bir çoxları bu kreditləri ödəmək iqtidarında olmayıb. Və bu zaman da Cahangir Hacıyev ucuz qiymətə villaları, maşınları, obyektləri insanların əlində ala bilirmiş. İki quda birləşib, ölkədəki iş adamlarına bu sistemlə tələ hazırlayırlarmış”.

Qeyd edək ki, bu günlərdə əvvəl DİN-in tabeliyində olan bir qurumun rəhbərinin zorla MTN-in zirzəmisinə salınıb və ondan 1 milyona yaxın pul alınması ilə bağlı xəbərlər mətbuatda yer almışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.