Eldar Mahmudovala Çingiz Əsədullayevin 240 minlik maxinasiyası - EVİ ALINAN QADIN DANIŞDI
22-10-2015, 11:51
Bu sözləri 2008-ci ildə iki nəfər ilə birlikdə 4 otaqlı evini girov qoyaraq “Azəriqazbank”dan 250 min dollar kredit götürən Bakı şəhər sakini Namazova Sədaqət Hüseyn qızı deyib.
Redaksiyamıza daxil olan məlumatı təqdim edirik:
“Ümumilikdə bizim tərəfimizdən banka 165 min dollar pul ödəniş edilib. Hansı ki, bu ödənişin 119 min 188 dollarını bir il ərzində mən etmişəm. 2010-cu ildə kredit müddətinin bitməsinə 6-7 ay qalmış iki nəfər tərəfindən gecikdirmələr oldu. Nəticədə bizə bildirdilər ki, yerdə qalan borcumuz 158 min dollar gecikmələrə görə üstünə faiz gəldiyindən 240 min dollar olub.
Nəticənin bu cür olacağını gözləmirdik. Bu rəqəm açıq-aşkar şişirdilmiş rəqəm idi. Məsələ ilə bağlı bank rəhbərliyinə şikayət etdikdə maraqlı cavab aldıq: “Kimə şikayət edirsizsə edin, heç bir nəticəsi belə olmayacaq. Onsuz evlərinizi əlinizdən alacağıq”.
Başqa çıxış yolumuz olmadığı üçün, Nərimonov rayon məhkəməsinə müraciət etdik. Məhkəmə bizim borcumuzun 240 min deyil, 202 min 320 dollar olduğu və bunun tez bir zamanda ödənilməsi üçün girov qoyulan evlərin hərraca çıxarılması barədə qərar qəbul etdi.
Beləliklə, digər iki şəxs kimi mənim də Məhəmməd Hadi 111 mənzi 102-də yerləşən 4 otaqlı evim hərraca qoyuldu. Qərar çıxan kimi elə həmin gün məni qətiyyətlə evdən çıxartdılar. Hətta adi bir paltarımı belə evdən çıxarda bilmədim.
Nəhayət evlər satıldı, lakin bizə heç bir qalıq təqdim edilmədi. Bununla bağlı Səbail rayon məhkəməsinə müraciət etdik. Məhkəmə bankın hərrac işinin obyektiv aparılmadığı barədə qərar qəbul etdi. Lakin qarşı tərəf işi Apellyasiya Məhkəməsinə verdi. Apellasiya Məhkəməsindəki hakim işi təhlil etmədən, araşdırma aparmadan Səbail rayon məhkəməsinin çıxartdığı qərarı ləğv edərək bankın xeyrinə qərar verdi. Bankın əməkdaşları açıq-aşkar bizə bildirirdilər ki, məhkəmələrdə onlara dayaq duran şəxslər var.
Ali Məhkəməyə müraciət etdim. Qarşı tərəf məhkəmələrə gəlmədi, buna baxmayaraq məhkəmə çıxarılan qərarı qüvvədə saxladı”.
Ən maraqlısı isə, şikayətçi Namazova Sədaqət Hüseyn qızının, məhkəmələr zamanı hakimlərə ünvanladığı sualların cavabsız qalması olub: “Mən bütün “Azəriqazbank”ın leyhinə olan məhkəmələrdə verdiyim suallar cavabsız qaldı. Hakimlərə ünvanladığım suallarıma cavab istərkən, onlar hər zaman bir yolnan yayındılar. Səbəb? Çünki mən haqlı idim. Hüquqlarımı tələb etdiyim üçün, bir çıxış yolları vardı – susmaq!”
Sədaqət xanım dəfələrlə “Azəriqazbank”ın müşahidə şurasının sədri Çingiz Əsədullayevin qəbuluna getdiyini, ancaq heç bir zaman görüşə bilmədiyini də əlavə edib: “Mən xeyli vaxtdır ki, Çingiz müəllimin qəbuluna gedirəm, özü kimisə göndərir ki, gedin o xanımın probleminə baxın. Gəlirlər, yenə hər zaman deyilən sözləri deyilir və problem olduğu kimi qalır”.
Burdan açıq-aşkar görünür ki, “Azəriqazbank”ın müşahidə şurasının sədri Çingiz Əsədullayev uzun müddətdir quda olduğu keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova arxalanaraq, “ağalıq” edirmiş. Sabiq nazir, vəzifəsindən uzaqlaşdırıldıqdan sonra isə, Çingiz Əsədullayev ortalıqda görünmür.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov da iddia edib ki, Eldar Mahmudov qudası, Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə bərabər dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib. O, bundan əvvəl də bu cür maliyyə maxinasiyalarına yol veribmiş, lakin həmin zamanlarda cəzalardan bir təhər canını qurtara bilib. Səfir həmçinin idda edirdi ki, mənimsənən pulların bir qismi isə xaricə qaçırılıb – bu işdə ona başqa bir qohumu – “Azəriqazbank”ın sahibi Çingiz Əsədullayev kömək edib.
90 saylı Ağdaş seçki dairəsindən deputat seçilmiş, hazırda yenidən seçkilərə qatılmış Çingiz Əsədullayev şok vəziyyətlə üzləşib. Əsədullayevi şoka salan iki hadisə olub.
Həmin hadisələrdən biri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasıdır. Belə ki, sabiq nazirlə quda olan Əsədullayev mandat almaq imkanlarının artıq xəyal olduğunu düşünməyə başlayıb.
Çingiz Əsədullayevi şoka salan ikinci hadisə isə Müşahidə Şurasının sədri olduğu “Azərqaz” Bankda qəfil yoxlamalara başlanılmasıdır. Mənbənin iddiasına görə, bu yoxlamalar Eldar Mahmudovun məsələsi ilə bilavasitə bağlıdır. Belə ki, bankda şübhəli hesabların olması barədə rəsmi qurumlarda məlumatlar olub. Güman edilir ki, həmin şübhəli hesablar sabiq nazirə və ya onun yaxınlarına məxsusdur. Və araşdırma qrupu da bunu dəqiqləşdirməyə çalışır.
Məlumatda o da iddia olunur ki, əgər araşdırmaçılar hər hansı bir neqativ hal aşkar edərsə, “Azərqaz” Bankın Müşahidə Şurasının sədri olan Çingiz Əsədullayevi heç də yaxşı perspektiv gözləməyəcək. Onun mandatını itirəcəyi ilə yanaşı, bankdan uzaqlaşdırılacağı, hətta istintaqa cəlb olunacağı qaçılmaza çevriləcək. Mümkündür ki, onu digər məsələlərdə də ittiham etsinlər.
7nevs.az