Prezidentin bəyanatı və MTN əməliyyatı “Azərsun”a dərs olmadı - İTTİHAM VAR

22-10-2015, 14:19           
Prezidentin bəyanatı və MTN əməliyyatı “Azərsun”a dərs olmadı - İTTİHAM VAR
Prezidentin son müşavirədə səsləndirdiyi bəyanatların bir ucu da “Azərsun Holdinq”ə çatır. Ölkənin nəhəng şirkəti dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinə zidd fəaliyyət göstərməkdədir. Holdinqin istehsalı olan məhsullar son həftələrdə misli görünməmiş dərəcədə bahalaşıb.

TİA.AZ-a daxil olan xəbərdə qeyd olunur ki, “Azərsun Holdinq”in məhsullarının qiyməti kəllə-çarxa qalxıb və seçki ərəfəsində kütləvi narazılıq doğurub. Nədənsə, şirkət rəhbəri Abdolbari Gözəl ölkə başçısının sözlərindən nəticə çıxarmaq istəməyib.

İstehsalat müəssisəsi qida məhsullarının qiymətini “ceyran belinə” qaldırmaqla prezidentin son müşavirədə dediyi tezislərə məhəl qoymadığını nümayiş etdirir. Əldə etdiyimiz xəbərə görə, “Azərsun Holdinq” bu azad rəqabət mühitində monopolist qüvvə kimi hələ də işini davam etdirir.

Prezidentin tapşırığı ilə sahibkarların iki il yoxlamasının dayandırılması iqtisadi inqilab kimi qiymətləndirilir. Amma bu halda belə “Azərsun Holdinq” qiymət siyasətində dəyişiklik etmir, əksinə, artım müşahidə olunur.

Məlumatda bildirilir ki, sahibkarlara rəqabət baxımından təzyiq göstərən və alternativ qida şirkətlərini bazardan sıxışdırıb çıxarmağa çalışan holdinq ölkə rəhbərinin daxili iqtisadi siyasətindəki mühüm addımlara qarşı yönəlib.

O da var ki, prezident sahibkarların hüquq-mühafizə orqanları tərəfindən incidilib, təzyiqlə üzləşdiyini müşavirədə bəyan etmişdi.

Ardınca MTN-nin yüksək rütbəli vəzifəlilərinin iş adamlarını hədə-qorxu, şantaj yolu ilə təhdid etdiyi ortalığa çıxdı. Çox çəkmədi ki, keçirilən əməliyyat tədbirləri nəticəsində 7 MTN rütbəlisi həbs olundu.

Və bu proseslərin mürəkkəb bir dövründə, seçki fəallığının və sosial narazılığın baş qaldırdığı vaxtda “Azərsun Holdinq” əhalinin etirazına gətirib çıxaran sahibkarlıq fəaliyyətini yürüdür. Yəni, qiymət artımına gedir.

Qeyd edək ki, holdinq rəhbərliyinin tez-tez adı hallanan neqativ proseslərdə ağır ittihamlar irəli sürülür.

Bu iddiaların içərisində ana xətt kimi keçən tezislər işçilərlə əmək müqaviləsi bağlanmamağı, az maaş qarşılığında onların istismar olunmağıdır. Yer alan xəbərlər arasında şirkətin kütləvi ixtisarlara getməsi, fəhlələrin hüquqlarını pozması ilə yanaşı maxinasiya faktları da üstünlük təşkil edir. Bu günlərdə mətbuatda buna dair məhkəmə faktları dərc olunub.

TİA.AZ-ın araşdırma qrupu da bir sıra mühüm məlumatlar əldə edib. Digər bir məsələ - “Xəyal Adası” layihəsində işləyənlərin haqqı ödənmir. Binə qəsəbəsində, 300 hektarlıq ərazidə inşa ediləcək kompleksin layihəsində sağlamlıq, yaşayış və ticarət mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulmuşdu.
“Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gözəl ilə “Kolon” şirkətinin prezidenti arasında birgə əməkdaşlıq barədə memorandum imzalanmışdı.
Bu gün isə, artıq “Xəyal Adası” layihəsinin həyata keçirilməsilə bağlı inşaat işləri tam sürətlə gedir. Bu ilin əvvəllərində Azərbaycan Prezidenti İlham Əliyev “Xəyal Adası” layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olub.
Bax elə bu məqamda - “Xəyal Adası” layihəsinin tikinti işlərində çalışan, öz zəhməti və əməyi ilə gözəllikləri yaradanlar pullarını ala bilmək üçün məhkəmələrə müraciət etməli olublar.

Növbəti fakt - “Azərsun Holdinq” şirkətinin fabrikləri “ölüm maşını”na çevrilməkdədir. Şirkətin fabriklərində çalışan fəhlələrin həyati təhlükəsizliyinə zəmanət verilmir. Şirkətin minlərlə işçi qüvvəsi var və heç biri ilə əmək müqaviləsi bağlanmır. Hazırda fəhlələr müqaviləsiz, sığortasız qəpik-quruş maaşa çalışır.

Onların istehsalat zamanı üzləşəcəyi qəzaya görə nə kompensasiya ödənilir, nə də ailəsinə yardım olunur.
Məlumatda qeyd edilir ki, yaxın keçmişdə “Azərsun”un yağ fabrikində iki nəfər ehtiyatsızlıqdan əllərini itirib. Şirkət isə bu məsələni ört-basdır etməyi bacarıb.
Hər iki işçinin başına gələn hadisəni gizlətmək üçün “City Hospital” klinikasına yerləşdiriblər. Onların əlləri amputasiya olunub. “Azərsun”da tez-tez fəhlələr xəsarət alır, onlar şirkətin özünə aid olduğu iddia edilən “City Hospital” klinikasına yerləşdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.