Rus jurnalist Putinin varislərinin pərdəarxası savaşından YAZDI - “İvanov Medvedevi üstələyirdi, amma.."

24-10-2015, 16:30           
Rus jurnalist Putinin varislərinin pərdəarxası savaşından YAZDI - “İvanov Medvedevi üstələyirdi, amma.."
Müstəqil jurnalist Mixail Ziqar “Bütün Kreml elitası” kitabında Putin Rusiyasının bütün tarixini təhlil edib. Kiçik tirajla çap olunan kitabda 2000-ci illərin əvvəllərində Qərbin liberal islahatçı gözü ilə baxdığı Putinin onilliyin sonunda avtoritar rejim başçısına çevrilməsi metomorfozu tədqiq olunur. O dövrün bir çox nazirləri, biznesmenləri və siyasətçiləri ilə müsahibələrdən formalaşan kitab Rusiyada oxucu diqqəti qazanıb. Modern.az saytı rus journalist Mixail Zıqarın “Bütün Kreml elitası” kitabını ixtisarla təqdim edir.

Mixail Zıqar yazır:

“Hər gün müharibə

Prezident səlahiyətlərinin başa çatmasına daha az vaxt qaldıqca, Putin daha çox qıcıqlanırdı. Bu isə Rusiyanın xarici siyasətinin də nervoz olmasına yol açırdı. O “Varis əməliyyatı”nın uğurla başa çatacağına əmin deyildi. Digər tərəfdən, onun özü də varisinin kim olacağına, nə vaxt onun adını çəkəcəyinə və bu keçid prosesində problemin yaranıb-yaranmayacağına əmin deyildi.

Qıcıqlanma üçün ikinci səbəb ABŞ-la münasibətlər idi. Qarşılıqlı narazlıqlar yığılırdı və kiminsə üzərində partlamalı idi. Ona görə də 2006-2007-ci illər qalmaqallarla – Rusiyanın öz kiçik qonşuları ilə mübarizəsi fonunda keçmişdi.

2006-cı ilin yazında Rusiya qərbyönlü siyasət yürüdən Moldova və Gürcüstanı cəzalandırmaq qərarına gəldi. Ölkəyə Moldova və gürcü çaxırının, mineral sularının idxalı qadağan olundu. Gürcüstan hakimiyyəti rusların casus qrupunu zərərsizləşdirdiklərini elan etdikdən sonra, Rusiya cavab olaraq antigürcü kampaniyasına start verdi və 1 həftə ərazisindəki Gürcüstan pasportlu yüzlərlə vətəndaşı deportasiya etdi. Polis onları tez tapmaq üçün məktəbləri gəzərək, gürcü soyadlı uşaqları qeydiyyata götürürdü. Paralel olaraq Tbilisi ilə hava reysləri də ləğv olunmuşdu.

Polşada isə xuliqanlar Rusiya səfirliyinin əməkdaşlarının uşaqlarını döydülər. Putin bu insidentdə təxribat və Rusiyanı alçaltmaq niyyətini gördü. Putin yadına saldı ki, prezidentliyinin ilk illərində Polşanın keçmiş kommunist prezidenti Aleksandr Kvasnevski onun etimadını qazanmış, amma sonradan Ukraynada “narıncı inqilab” zamanı vasitəçi rolunda çıxış edərək Viktor Yuşşenkonun hakimiyyətə gəlməsinə şərait yaratmışdı. Və Rusiyada bu dəfə antipolyak kampaniyası başladı, bu ölkənin məhsullarına qadağa qoyuldu.

Nəhayət, 2007-ci ilin yazında əsas düşmən obrazı Estoniyaya keçdi. Yerli millətçilərin təzyiqi ilə respublika hökuməti Tallinin mərkəzində dəfn olunmuş sovet əsgərlərinin nəşini və ərazidəki abidəni hərbi qəbirstanlığa köçürmək barədə qərar verdi. Estoniyanın rusdilli əhalisi arasında etirazlar başladı və Kremlin yaratdığı “Naşi” (“Bizimkilər”) gənclər təşkilatı onları dəstəklədi. Bu təşkilat Tallinə öz üzvlərini göndərdi və eyni vaxtda Moskvadakı Estoniya səfirliyini mühasirəyə aldı.

Onların cənfəşanlığını dərhal Kremlin təbliğat maşını da dəstəklədi – Rusiya dövlət telekanalarında Estoniya rəhbərliyini nasistlərin varisləri adlandırdılar və 2007-ci ildə baş verənlərlə İkinci Dünya Müharibəsində yaşanan hadislərin paralelləri aparıldı, “rus”-“faşist” mübarizəsinin yarım əsr əvvəli kimi davam etdiyini göstərdilər.

Putin həmin il 9 May Qələbə günü keçirilən ənənəvi paradda çıxış edərkən faktiki olaraq ABŞ-ı Hitler Almaniyası ilə müqayisə etdi, 5 ay sonra isə Avropa Birliyini Estoniya və Latviyanın timsalında “nasist cinayətkarlarının və onların əlaltılarının qəhərmanlaşdırmasına” görə tənqid etdi.

Putinin varisləri - Sergey İvanov yoxsa Dmitri Medvedev

Sergey İvanov nəinki Putinin potensial varisi, həm də onun ABŞ-la münasibətlərdə səlahiyyətli nümayəndəsi idi. Amma İvanov tezliklə xarici siyasətlə bağlı sərt bəyanatlar verməyə başladı. Anti-eston isteriyası başa çatdıqdan sonra o, “Naşi” (Bizimkilər” təşkilatının fəalları ilə görüşərək, onlara fəaliyyətlərindən dolayı təşəkkür etdi. Moskvadakı Estoniya səfirliyinin mühasirəyə alınması Venesiya konvensiyasının kobud pozulması faktı idi və Kreml rəsmləri bu işdə əllərinin olmadığını idda edirdilər. Halbuki, o zamanlar Rusiyanın müdafiə naziri olan İvanov fəallarla görüşündə onların “partizan əhval-ruhiyyəsini” dəstəklədiyini deyir və buna görə minnətdarlıq edirdi.

Faktiki olaraq 2007-ci ildə Sergey İvanov xarici siyasətdə Putindən sonra ikinci nüfuzlu şəxsə çevrilmişdi. Onun vətənpərvər çıxışları bütün xəbər lentlərində verilirdi və reytinqinin artmasına səbəb olurdu.

Eyni vaxtda, hər iki varis (Sergey İvanov, Dmitri Medvedev) bölgələrə səfər edərək, guya, onların kurasiyasında olan sahələri yoxlayırdılar. Əslində bu seçkiqabağı yarış idi. Medvedev yeni xəstəxanalar, universitetlər açır, pulsuz ev paylayır və yeni kənd təsərrüfatı obyektlərini gəzirdi.

İvanov isə sənayenin kuratoru kimi yeni zavodların açılışında iştirak edir, Rusiya istehsalı olan yeni təyyarə və kompüterlərin istehsalının başlanacağına söz verirdi.

Bütün telekanallar bu səfərləri mütləq şəkildə göstərirdilər: axşam xəbərlərində həmişə Putin, İvanov və Medvedev haqda ayrı-ayrı süjetlər verilirdi.

2007-ci ilin yayı üçün İvanovun qalib olduğu hiss edilirdi. Onun vətənpərvər mövzuda çıxışları tamaşaçılarda daha çox simpatiya doğururdu: rəhbərliyin xüsusi göstərişi olmasa da, dövlət telekanalları ictmai fikri nəzərə alaraq, onun haqda süjetlərin daha sıx verilməsinə başlamışdı. İvanovun reytinqi Medvedevin reytiqnrini açıq-aşkar üstələyirdi. Nəhayət, Kremlin əsas ideoloqu olan Vladislav Surkovun da simpatiyası get-gedə ona doğru yönəlirdi.

Varislərin hər birinin öz aparatı və daha vacibi – namizədliklərinin möhkəmləndirilməsi üçün öz qeyri-rəsmi qərargahları var idi.

Kremlin o zamankı əməkdaşlarının xatirələrinə görə, ilk səhvi İvanov etdi. O prezidentlik şansının yüksək olduğuna çox inandı. İvanov hiss edirdi ki, bütün parametrlərdə Medvedevi üstələyir və Putinin varisi olmaq istəyinin gücü ona ehtiyatı əldə verməsinə yol açdı.
2007-ci ilin iyununda Peterburq iqtisadi forumunun açılışını etmək şərəfi məhz İvanova həvalə olundu. Forumun ilk günü İvanovun benefisi ilə yadda qaldı, Putin növbəti gün forumda çıxış etdi. Müəyyən məqamda İvanov aydın olmayan səbəbdən səhvə yol verdi.

Məsələn, belə bir epizodu xatırlayırlar.

Asiya ölkələrindən birinə səfər zamanı Putin və İvanov həmin ölkəyə hava hücumundan müdafiə sistemlərinin satılmasını müzakirə edirdilər. Müdafiə naziri İvanov hərbi sahədən daha yaxşı anladığı üçün Putinlə məsləhətləşmədən qarşı tərəfin suallarına cavab verməyə başlamışdı. Prezident ona doğru dönərək asta səslə: “Nə olub sənə, mənim yerimə də danışırsan artıq?”- deyə xəbərdarlıq etdi".

Ardı var












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.