Eldar Mahmudovun Rabitə Nazirliyindəki iki adamı işdən çıxarıldı
25-10-2015, 22:18
Mahmud Mahmudov yazdıqlarımızdan sonra vəzifəsindən azad edilib, amma qohumu Vəli Mahmudov hələ də görəv başındadır
Ötən günlərdə xəbər vermişdik ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçmiş MTN şefi Eldar Mahmudovun iki qohumunun işlədiyi barədə məlumat vermişdik. Nazirlikdəki mənbələrdən JAM.AZ-a daxil olmuş məlumatda qeyd edilirdi ki, RTYN-in Mərkəzi Xüsusi Rabilə İdarəsinin rəisi Mahmud Mahmudov və onun müavini sabiq nazirin yaxın qohumlarıdır.
Kifayət qədər strateji postlar olan qurumda daha bir Mahmudov da rəhbər vəzifə tuturdu ki, o da nazirliyin Hərbiləşdirilmiş Mühafizə İdarəsinin rəis müavini olan Vəli Mahmudovdur. Bu gün aldığımız məlumata görə, oktyabrın 22-də Mahmud Mahmudov və müavini işdən çıxarılıb.
Lakin HMİ-nin rəis müavini Vəli Mahmudov isə hələ də iş başındadır. JAM.AZ-a verilən məlumatda vurğulanır ki, hərbi xidmətə yararsız olan və ordudan qovulmuş Mahmudovun hələ də vəzifə başında qalması kifayət qədər müəmmalıdır. Üstəlik, onun 65 min manatlıq xidməti maşında gəzir. «Vəli Mahmudov bahalı maşında gəzsə də, tabeçiliyində olan işçilərinin problemi ilə qətiyyən maraqlanmayıb. O, postları yoxlamaq yerinə, daha çox otağına qapanmağı və ya restoranlarda gəzməyi üstün tuturdu. Ona görə də, dövlətin kifayət qədər strateji obyektinə nəzarət etməli olan adamı yerində tapmaq olmurdu. Xidmətin yoxlanılmasına xavabdeh olan şəxslər isə idarədə maşın və benzin davası edirdilər».
Bu əsnada onu da bildirək ki, JAM.AZ-a daxil olan məlumatlarda Eldar Mahmudova yaxınlığı ilə seçilən RTYN rəsmilərindən biri kimi «Azərpoçt»un rəhbəri Qəmbər Bəybalayev göstərilir. İddia edilir ki, Mahmud Mahmudov əlil olmasına rəğmən, yüksək posta təyinatı məhz onun sayəsində alıb. Əvəzində isə Bəybalayevin oğlunu MTN-də işə götürməyə yardımçı olub.