Tahir Kərimovu MTN-lə nə bağlayır

27-10-2015, 10:57           
Tahir Kərimovu MTN-lə nə bağlayır
Daha bir icra başçısının başı cəncəldədir. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya ötürülüb. Xəbəri verən mənbə iddia edir ki, "MTN işi" ilə əlaqədar "vurulacaq" məmurlar sırasında Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun da adı var.

Mənbə dia.az-a bildirir ki, zaman-zaman özünü sabiq nazir Eldar Mahmudova yaxın fiqur kimi göstərən və hətta qanuni yuxarı instansiyaların göstərişlərini belə qulaqardına vurma cəsarəti nümayiş etdirən Tahir Kərimov bu gün çətin duruma düşüb və vəzifəsindən alınacağı günü gözləməkdədir.

Qeyd edək ki, düz il yarım əvvəl Tahir Kərimov MTN-dən təlimat aldığını dolayı yolla etiraf da etmişdi. Belə ki, rayonda yerli sahibkarlara divan tutmasını MTN-dən aldığı təlimatlar əsasında icra etdiyini söyləyən başçının həmin ifadələrini xatırlatmaq yerinə düşər:

"Salyan rayonunda qanunsuz balıqçılıqla məşğul olan şəxslərin balıq təsərrüfatları ləğv olunacağını deyən Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov deyib: “Bu günlərdə Azərbaycanın Nazirlər Kabinetindən və Milli Təhlükəsizlik Nazirliyindən (MTN) mənə məktub göndərilib ki, Salyanda mövcud olan qeyri-qanuni balıq təsərrüfatı ləğv olunsun. Çünki torpağın münbit qatını erroziyaya uğradır, iri taxılçılıq təsərrüfatına zərər gətirir. Mən də tapşırıq vermişəm ki, kimin balıqçılıq sənəti yoxdursa və öz başına balıq təsərrüfatı ilə məşğul olursa, onlar ləğv olunsun. Yəni indi mən Milli Təhlükəsizlik Nazirliyinin sərəncamını icra etməməliyəm?”".

Görünən dağa nə bələdçi...

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.