Rəfael Cəbrayılovla bağlı ilginc iddia - “prorab”lıqla deputatlığı səhv salıb
27-10-2015, 11:23
Parlament seçkilərinin günü yaxınlaşdıqca özünü “aydan arı, sudan duru” kimi təqdim edən namizədlərin ifşası da çoxalır. Belə namizədlərdən biri də 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd olan Rəfael Cəbrayılovdur.
Mənbənin sözlərinə görə, Cəbrayılovun 46 saylı Şirvan seçki dairəsindən təzədən namizəd olması seçicilərin ürəyincə olmayıb. Şirvan seçiciləri onların taleyinə, problemlərinə laqeyd yanaşan, dərd-sərinə şərik çıxmayan, sosial məsələlərini dinləməyən, camaatla görüşməyən deputata mandat vermək istəmir. Qeyd edirlər ki, seçkidən seçkiyə seçiciləri yada salan R.Cəbrayılov nə parlamentdə Şirvanın problemlərini dilə gətirib, nə də verdiyi vədlərə əməl edib.
Üstəlik, bu dəfəki seçki platformasını də təkrar açıqlayıb. Hərçənd, köhnə vədlər və yerinə yetirilməyən məsələlər yenə də bu platformada yer alıb.
Bu azmış kimi, deputat savadsızlığını nümayiş etdirib. Demək olar ki, platformanın hər cümləsində səhvlər var. Millət vəkili olan bir siyasətçinin geniş həcmli olmayan yazıda ardıcıl səhvlər buraxması sadəcə, biabırçılıq adlana bilər. Seçkini başlı-başına buraxmış Rəfael Cəbrayılovun əhali ilə görüşləri də bərbad səviyyədədir. Belə ki, cumhuriyyet.az-a verilən məlumata görə, sözügedən şəxs əslən Şirvanlı olsa da, əhalinin heç də rəğbətini qazana bilməyib. Elə bu səbəbdəndir ki, deputat seçiciləri ilə görüşü inzibati qurumların imkanlarından yararlanmaqla təşkil edir. Bəzi iddialara görə isə Cəbrayılov bu zaman maddi imkanlarından da yararlanır.
Onun seçki kampaniyasındakı digər bir biabırçı cəhəti yazdığı platformasında qəribə iddialar irəli sürməsidir. Məsələn, həmin platformada yazılıb: “Sovet dövründə inşa edilmiş cox mərtəbəli yaşayış binalarının əsaslı təmir olunması da məqsədimdir”. Əvvəla bir deputatın vəzifəsi tikinti işləri ilə məşğul olmaq deyil. Həmçinin millət vəkili yol çəkmək, qaz xəttinin çəkilməsini təmin etmək və digər bu kimi işlərlər məşğul olan şəxs deyil. Bunlarla dövlət qurumları məşğul olmalıdır və onların bilavasitə vəzifələridir. Görünür, Rəfael Cəbrayılov həqiqətən də “prorab”lıqla deputatlığı səhv salıb.