Hüseynbala Mirələmov Arif Hacılıdan geri düşüb.. - Bilsəydi, Müsavat başqanını qeydə alacaqlar...
27-10-2015, 20:29
1 noyabr parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi ab-hava daha da gərginləşir. Seçkiyə qatılanlar, namizədliyi qeydə alınanlar, təbii ki, bu gərginliyi daha çox hiss edirlər. Hazırda xüsusi gərginlik içində olanlardan biri də 33 saylı Xətai 1-ci Seçki Dairəsindən namizədliyi qeydə alınmış Hüseynbala Mirələmovdur. YAP tərəfindən namizədliyi irəli sürülmüş H.Mirələmovun əndişələnməsi daha çox iki səbəblə izah edilir. Birincisi, ötən illər ərzində seçicilərin etimadını doğrultmaması, onları özündən kəskin şəkildə narazı salması, ikincisi isə ciddi bir rəqiblə -Müsavat başqanı Arif Hacılı ilə üz-üzə qalmasıdır.
Birinci səbəblə bağlı fikir irəli sürərkən ilk növbədə xatırladaq ki, H.Mirələmov adı çəkilən dairədən artıq iki dəfə 2005 və 2010-cu illərdə millət vəkili seçilib, bu onun artıq üçüncü cəhdidir.
Təəssüf ki, ötən 10 il ərzində H.Mirələmov seçicilərin etimadını doğrultmaq, onların hörmətini qazanmaq üçün heç bir iş görməyib. Sakinlərin problemləri ilə maraqlanmayıb, onların müraciətlərinə laqeyid yanaşıb. Millət vəkilinin Əhmədli qəsəbəsində, “Bakı” kinoteatrının yaxınlığındakı “Murad” şadlıq sarayı ilə üzbəüz yerləşən seçki qərargahının – şəxsi ofisinin qapısı illərlə bağlı qalır. Qeyd edək ki, həmin ofis yalnız seçkidən- seçkiyə qapılarını seçicilərin üzünə taybatay açır. H.Mirələmovun sədri olduğu YAP Xətai rayon Şöbəsinin binasına da yaxın düşmək qeyri-mümkündür. Buraya yüz dəfə müraciət etsən, yalnız bir cavab eşidərsən: “Hüseynbala müəllim yerində yoxdur”. Ötən illər ərzində millət vəkilinin seçicilərə verdiyi vədləri yerinə yetirməməsi artıq hər kəsə bəllidir. Seçicilərin ciddi narazılığına səbəb olan bir fakta diqqət yetirmək yəqin ki, yerinə düşər. Seçki dairəsinin ərazisində yerləşən Məhəmməd Hadi küçəsindəki 1, 2, 7, 9, 21 və 23 nömrəli, Sarayevo küçəsindəki 73 nömrəli, Məzahir Rüstəmov küçəsindəki 10 nömrəli binaların, həmçinin, digər ərazilərdə yerləşən bir neçə binanın sakinləri dəfərlərlə bildiriblər ki, yaşadıqları evlərin zirzəmiləri su ilə dolub və bu onlara çox ciddi problemlər yaradır. Ancaq təəssüflə qeyd edilməlidir ki, həmin suların təmizlənməsi və problemlərin birdəfəlik həlli üçün millət vəkili aidiyyatı qurumlar qarşısında məsələ qaldırmayıb, bununla bağlı heç bir addım atmayıb.
H.Mirələmovdan ciddi şəkildə narazı olan seçicilər bir müddət əvvəl ona xəbər göndəriblər ki, namizədliyini başqa dairədən irəli sürsün. Nə qədər gec deyil, H.Mirələmova dairəsini dəyişməyi, onu tanımayanları aldatmağı məsləhət biliblər. Çünki, əvvəlki iki seçkidə verdiyi yalançı vədlər bu dəfə işə keçməyəcək. Artıq onun kimliyi, nəyə qadir olduğu hər kəsə bəllidir.
Ancaq H.Mirələmov deyilənlərə fikir verməyib və üçüncü dəfə eyni dairədən deputat seçilməyə israrlı olduğunu nümayiş etdirib. O, fikirləşir ki, ötən seçkilərdə olduğu kimi yenə də 40-50 nəfər ətrafına adam yığacaq və seçicilərlə görüşə gedəcək. Həmin adamlar da kütlənin içindən “Ura” sədaları ilə ona dəstək verəcək və beləliklə də, “seçicilərinin rəğbətini qazanıb” görüntüsünü yaradacaq. Lakin, H.Mirələmovun bu arzusu çox güman ki, baş tutmayacaq. Çünki, seçicilər “Bakı” kinoteatrında nəzərdə tutulan görüşdə ona əməlli-başlı “sürpriz” hazırlayıblar.
Görüş zamanı sifarişli çıxışlara da imkan verilməyəcək. Xatırladaq ki, 2010-cu ildə belə çıxışlardan biri rəsmi dövlət qəzetlərindən birinin əməkdaşı tərəfindən edilmiş və kəskin narazılıqla qarşılanmışdı.
Seçiciləri H.Mirələmovdan narazı salan, ən çox qıcıq yaradan tələblərdən biri də onun görüşlərə çoxsaylı mühafizəçilərlə gəlməsi və özünü fövqəladə şəxs kimi, az qala hansısa ölkənin prezidenti kimi göstərməyə çalışmasıdır.
H.Mirələmovun seçki prosesində atdığı ən diqqət çəkən addımlardan biri , hər binadan bir neçə şəxsi ələ alması və onların vasitəsilə iş aparmasıdır. Artıq gözü açılan seçicilərin bu oyuna da gedəcəkləri mümkünsüzdür.
H.Mirələmovu seçki ərəfəsində qayğılandıran və hətta qorxuya salan məsələlərdən biri də onun Müsavat başqanı Arif Hacılı ilə eyni dairədən namizəd olmasıdır. Oktyabrın 3-də Arif Hacılının namizədliyinin qeydə alınması H.Mirələmovda az qala şok effekti yaradıb. O, seçicilərin gözündən tamamilə düşdüyü bir vaxtda müxalifət liderlərindən biri ilə rəqabət aparmağın nə demək olduğunu yaxşı anlayır. Çox güman ki, H.Mirələmov Arif Hacılının namizədliyinin qeydə alınacağını gözləmirdi. Əks təqdirdə, o namizədliyini başqa dairədən irəli sürərdi.
H.Mirələmovu çətin duruma salan məsələlərdən digəri də son illər cəmiyyətdə onunla bağlı mənfi fikirlərin formalaşmasıdır. Xüsusilə, ona məxsus olan məşhur “1001 Gecə” restoranında vaş verən hadisə hər kəsin qəzəbinə səbəb olub. Qardaşı oğlu Rəşad Mirələmovun həmin restoranda güllə ilə bir nəfəri qətlə yetirib, digər şəxsi ağır yaralaması, bu cinayətin ardınca millət vəkilinin hər vəchlə öz qohumunu məsuliyyətdən yayındırmağa çalışması onu tamamilə nüfuzdan salıb.
H.Mirələmovun razılığı ilə Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun mütəmadi olaraq ceyran əti adı ilə “1001 Gecə” restoranına çəpiş əti daşıması, həmçinin, sözügedən obyektdə digər bir sıra çirkin əməllərə yol verilməsi də gələn məlumatlar arasındadır.
Seçkilərin obyektiv keçiriləcəyi təqdirdə H.Mirələmovu nələr gözlədiyini yaxın gələcək göstərəcək. Ardı var.
Həsrət Gündoğan
Faktinfo.az