“Müşavirədə Eldar Mahmudov prezidentə yalandan deyib ki...” - 1 noyabr seçkiləri ilə bağlı sensasion açıqlama
29-10-2015, 19:57
- Pənah bəy bu gün seçki kampaniyasl başa çatır. Müsavat Partiyası seçkiləri boykot etdi. “Real” seçkinin nəticələrini tanımayacağını bildirdi. “Azadlıq- 2015”- in deputlığa namizədlərinin əksəriyyəti də seçkidən çəkilmiş kimi görünürlər. Belə bir şəraitdə sizin əvvəlki seçkidə iştirak qətiyyətiniz və optimizminiz yenə qalırmı?
- Mən son kütləvi görüşü Sabirabad şəhərində keçirdim. Necə ki, Quruzma bələdiyyəsi ərazisində stadiondakı açıq hava görüşüm bu ilki seçki kampaniyasında bütün respublika üzrə iştirakçıların sayına, tərtibata, energetikasına görə bir nömrə oldu, sonuncu, qapalı zaldakı görüşümüz də əminliklə deyə bilərəm ki, müqayisəsiz bir nömrə oldu. Hərçənd ki, bu görüşü qapalı zal görüşü də adlandırmaq doğru deyil. 300 nəfərlik stulu olan zalda 200-dən çox adam da ayaq üstə yerləşdi və 100-dən çox adam da həyətdə qaldı. Məcbur qalıb pəncərələri açıb səsgücləndiriciləri həyətə yönləndirməli olduq. Bundan əlavə, əvvəllər də bu tipli tədbirləri çox görmüş biri kimi deyə bilərəm ki, görüş misilsiz idi. Himn çalınanda, çıxışlarda dualar ediləndə, çoşqulu alqışlar zamanı nə qədər adam duyğulanmışdı, təsəvvür edə bilməzsiniz. Hər birində 200-dən çox seçicinin iştirak etdiyi daha üç açıq hava görüşü və bir qapalı zal görüşüm olmuşdu. Məhəllələrdə, çayxanalarda, bazarda, küçələrdə, evlərdə yüzlərlə görüşlərimiz olub və bu son gün də davam edir. Odur ki, tam cəsarətlə deyirəm ki, seçicinin səsini almaq problemini həll edə bilmişik. Təxminən 2005-ci il səviyyəsində səs almam gözlənilir. Belə bir şəraitdə rəqiblərimin mənə çatması tamamilə qeyri-mümkündür.
- Bəs nə əcəb davam edirlər?
- Bilirsiniz, mən bir neçə gün əvvəl demişdim ki, Sabirabadda belə vəziyyətin olması təkcə Pənah Hüseyn amili ilə yox, onunla bağlıdır ki, insanlar inanıb ki, bu dairədə halal seçki olacaq. Adamlarda belə bir rəy formalaşıb ki, bu dairə xüsusi nəzarətdədir və odur ki, bir ürəklənmə effekti var. Bizə təbliğat-təşviqat zamanı da elə bir maneçilik olmayıb və yoxdur. İndi YAP- ın namizədi üçün görüşlərin təşkilində ənənəvi birtərəflilik var, ancaq bunun namizədlərinin xeyrinə, yoxsa zərərinə olması mübahisəlidir. Bir var insanlar öz iradələri ilə görüşə gələ, bir də var zorla gətirilə. Mən deyim ki, bizə müxalifət səsləri ilə yanaşı xeyli bitərəflərin, hakimiyyətə loyal yanaşanların, hətta bir çox YAP üzvlərinin səslərini verməsi gözlənilir. Odur ki, seçici səsi ilə şansı olmayanlar son günlərdə təbliğat və təşviqatı bir tərəfə buraxıb saxtakarlığa kurs götürüblər.
Hər halda bizdə yaranan təəssürat odur ki, ən azı bu günə yuxarıdan verilən “ustanovka” olmayıb əsas etibarı ilə özfəaliyyətdir. Burdakı əsas rəqibimizin bir qardaşı var. Zakir adlı. Son günlər neçə mənim təyin elədiyim komissiya üzvünün, müşahidəçinin, vəkilin üstünə onu-bunu göndərir ki, nə qədər istəyirsiniz verirəm, Pənah Hüseynin tərəfindən seçki günü çəkilin işimiz görək. Onsuz da fondun (mən bilmirəm hansı fondun) pulunu vermişik. Mən onu çoxdan tanıyıram. Əvvəllər ədəbli, hamıya istiqanlı yanaşanın biri idi. İndi bir az pullanıb, görünür oriyentirləri itirib. Məsələn, Rövnəq Abdullayevin yanında sabirabadlı Həbib adlı bir təchizatçı var. Onun Faiq adlı qardaşı gəlib mənim adamıma deyir ki, Zakir deyir, qiymətini desin. Biz araşdırdıq, bu Zakir heç Həbibə özü birbaşa çıxmayıb, SOCAR-da bir vitse-prezident var, adı da yalan, ya doğru, məlum təriqət işində hallanır. Onun vasitəsi ilə çıxıb həmin dediyim Həbibə. Lap ekzotik şeylər də olur. Hay düşdü ki, bəs bizimkilərdən birinin yanına Zakir Abdolbori Gözəli minnətə və vasitəçiliyə göndərib. Təbii inanmadıq. Məlum oldu ki, sən demə, Abdolbori Gozal deyilən “Azərsun”un regional nümayəndələrindən biridir. Zakir ona kimisə tapıb. O da hansısa rayon ruhanisindən xahiş edib və s. Ya Kaliqadan “avtoritet” gətirdib oturdacaq məntəqənin qabağında.
Tam bir əyalət məzhəkəsi. Elə bilirlər ki, mandat da metrodan alınan saxta diplom kimi şeydir, alıb idarə müdiri işləmək olduğu kimi, pulla mandat alıb, deputat da işləmək olar. Mənə pis gələn odur ki, bəzi adamlar hesab edir ki, insanların ehtiyacda olmasından istifadə edib onların şərəfi, ləyaqəti, heysiyyətinə toxunmaq, oynamaq olar, əlinə beş-üç manat hardansa oğurluq-doğurluq olması məlum olmayan var düşübsə, xalqı ayaqlayıb keçə bilərsən. Mən bunu heç vaxt bağışlamaram. Hər halda mütləq əksəriyyət onların ağzından vurub vəd etdikləri pula da qatıq almağı məsləhət görüblər. Bu yolla bir şey edə də bilməzlər və edə də bilməyəcəklər. Həm biz güclü nəzarət qurmuşuq, həm açığı hiss edirik ki, “nəyin bahasına olursa-olsun, qutudan filankəs çıxsın” tapşırıqları da mənim bir həmkəndlim icra nümayəndəsi var, o ağılda olanların özfəaliyyətidir. Hələ ki bu cür “ustanovka”nın ciddi instansiyadan verildiyi görünmür, adamlar ümid edir ki, görünməyəcək də.
- Pənah bəy, hər halda siyasi müxalifətin və demokratik düşərgənin bu seçkilərdə yekdil münasibəti kontekstində tutaq ki, siz qalib gəldiniz, mandat da aldınız, ya verildi, ya təsdiqləndi, bunun sizin siyasi reputasiyanız üçün neqativ nəticələrini hesablamısınızmı?
- Əvvəla, bu seçkilər məncə strateji yox, taktiki əhəmiyyətlidir. Bununla bağlı bir məsələyə mətbuatda ilk dəfə ötəri də olsa toxunmaq istəyirəm.
Bu barədə sizin qəzetin dünənki sayındakı manşetində də işarələr var. Bəlkə gələcəkdə daha təfərrüatlı danışmaq mümkün olacaq. Lakin, “Azadlıq- 2015” seçki blokuna daxil olan 7 partiya sədri təsdiq edər ki, seçkilərin rəsmən təyin edilməsindən bir neçə gün əvvəl blokun Sədrlər Şurasında belə informasiya gündəliyə salınıb müzakirə edilmişdi ki, prezident yanında bu ilki seçki ilə bağlı son müzakirə olub, seçkilərlə bağlı çoxları üçün gözlənilməz olan bu gün müşahidə etdiyimiz ən sərt ssenari Eldar Mahmudovun guya MTN analitiklərinin rəyinə əsaslanan çıxışından sonra qəbul edilib.
Prezidentin köməkçilərindən və PA məsul əməkdaşlarından birinin seçki taktikası müəyyənləşdirilərkən beynəlxalq amilin, konkret olaraq beynəlxalq dairələrin təzyiqinin zəiflədilməsi və siyasi partiyalarla gedən prosesin də nəzərə alınmasının lazım olduğu təklifi ilə çıxışından sonra Eldar Mahmudov əks mövqeni əsaslandırıb və siyasi partiyalarla dialoq görüşlərində cənab prezident təhqir edilir kimi faktiki olaraq doğru olmayan və siyasi şantaj xarakterli böhtan dolu məlumat səsləndirib. O vaxt E.Mahmudovun belə mövqeyi bizə axıra qədər aydın olmadı. Hətta informasiyanın yanlış olması fikri də irəli sürüldü.
Lakin indi məlum olur ki, bu, təsadüfi deyilmiş və cəmiyyətdə gərginliyin saxlanması və destablizə olunması planının tərkib hissəsi imiş. Suala qayıdaraq davam etmək istəyirəm ki, strateji, uzunmüddətli məsələlər bu gün az ehtimallı olsa da gündəmdən çıxmayıb. Hazırlanmasında mənim də iştirak etdiyim demokratiyaya yumşaq keçid situasiyası reallaşa bilər.
Son günlər hakim komandadakı təbəddülatları və antiböhran tədbirlərinin müsbət impulslarını görməzlikdən gəlmək olmaz. Əlbəttə göz gördüyündən qorxar. Həmişə cəmiyyətdə belə ümidlər yaranıb, ancaq proses yarımçıq dayanıb və gözləntilər də məyusluqla əvəzlənib. Lakin əvvəl-axır bu proses nə vaxtsa başlamalıdır. Başlasa, nəticələr neqativ yox, pozitiv olacaq. Hamı üçün.