İran kəşfiyyatına yaxın biznesmenlər Eldar Mahmudov və çevrəsinə villalar hədiyyə ediblər - Keçmiş nazirin SEPAH-la əlaqələri ilə bağlı sensasion ittihamlar
30-10-2015, 16:51
Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun İranın İnqilab Keşikçiləri Ordusu ilə əlaqələri ilə bağlı sensasion ittihamlar səsləndirilir.
Dia.az xəbər verir ki, meydan tv-yə müsahibə verən 90-cı illərdə MTN-də yüksək vəzifə tutan, politoloq Ərəstun Oruclu Eldar Mahmudov başda olmaqla, keçmiş MTN rəsmilərinin İranın dini, hakimiyyət və kəşfiyyat dairələrinə yaxın biznesmenlərlə iş birliyində olduğunu deyib.
"Faktlar var ki, MTN-nin kifayət qədər yüksək rəsmilərinə iranlı biznesmenlər ev də tikib hədiyyə veriblər. Belə olan halda da onlar öz biznes maraqları naminə İranın Azərbaycandakı dini fəaliyyətinə “göz yummalı” idilər və belə də ediblər. Bəlkə də indiki gedişat elə bununla əlaqəli prosesdir."
Politoloq bildirib ki, keçmiş MTN rəsmilərinin səyləri nəticəsində İranın 40-dan çox humanitar, mədəni və sairə adlar altında təşkilatları Azərbaycanda rəsmi qeydiyyatdan keçərək fəaliyyət göstərir.
"MTN rəhbərliyinin dəyişməsindən və bəzilərinin həbsindən sonra Gəncədəki hadisə baş verdi. Mən bu mənada baş verənləri siyasi gündəmi dəyişmək yox, gündəmin davamı kimi qeyd etdim. Çünki həmin keçmiş MTN rəsmilərinin də SEPAH-a yaxın biznesmenlərlə çox sıx əlaqələri olub. Bu barədə əlimizdə onlarla fakt var. Hesab edirəm ki, istintaq orqanlarının da bu barədə məlumatı var."