Kərəm Həsənovun da başı dərddə - “özəlləşdirmə”, yoxsa “özününküləşdirmə”?
3-11-2015, 14:49
Azərbaycanda sahibkarlara qarşı qeyri-qanuni davranışlarına görə daha bir iri məmuru ciddi başağrısı gözləyir. Bu, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovdur.
Qaynar.info-nun hökumətə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, xüsusilə açıq səhmdar cəmiyyətlər ətrafında cərəyan edən qaranlıq proseslər ucbatından Həsənovu qarşıda olduqca çətin günlər gözləyir. “Söhbət xüsusilə Açıq Səhmdar Cəmiyyətlər (ASC – red.) ətrafında cərəyan edən kifayət qədər qaranlıq proseslərdən gedir. ƏMDK bu qeyri-şəffaf və şübhəli proseslərin bilavasitə iştirakçısına çevrilib, bu zaman dövlət əmlakının müxtəlif çirkli oyunlar nəticəsində talan edilməsinə faktiki olaraq, göz yumub. Təbii ki, bu, Kərəm Həsənova və onun komitəsinin rəhbər şəxslərinə kifayət qədər böyük rəqəmlərlə ifadə olunan qazanc gətirib" - deyə saytımıza daxil olunan məlumatda bildirilir.
Mətbuatdan məlum olduğu kimi, 2000-ci ildən etibarən Azərbaycanda özəlləşdirmənin “zorən və kütləvi saxtakarlıqla müşaiyət olunan dövrü” başladı. Həmin il özəlləşdirmə ilə bağlı II Dövlət Proqramı qəbul olundu. Bu dövrdə birinci mərhələdə paylanıb və hələ istifadə olunmayan 26 091432 ədəd özəlləşdirmə çeki dövriyyədən çıxarılmalı idi. “Elə proqramdaca bəzi vətəndaşların əleyhinə olan yeniliklər edildi. İxtisaslaşdırılmış çek hərracının keçirilməsi müddəti 14 gündən azaldılıb 5 günə endirildi. Əmək kollektivinin hüquqlarının pozulması da yaddan çıxarılmadı. Belə ki, I Dövlət Proqramı çərçivəsində ASC-yə çevrilmiş müəssisənin əmək kollektivinin hər bir üzvü bərabər sayda özəlləşdirmə payı və ya çeki təqdim edib, qapalı abunə yazılışının 15 % -nin qalibi olurdu. II Dövlət Proqramı qəbul olunduqdan sonra ASC-yə çevrilmiş müəssisənin əmək kollektivinin hər bir üzvü 40-50, bəzi müəssisələrdə isə 100 və daha çox özəlləşdirmə payı təqdim etməli idi ki, qapalı abunə yazılışının qalibi olsun. Əks halda əmək kollektivi müəssisənin qapalı abunə yazılışı üçün müəyyən edilmiş səhmlərinin 0, 01-0,02 faizinin sahibi olurdu” - bu, vaxtilə ölkə KİV-lərinin yazdıqlarıdır.
Elə həmin yazılanlardan da necə yaradıldığı bəlli olmayan ASC-lər vasitəsilə dövlət əmlakının kağız üzərində özəlləşdirmə, reallıqda isə kimlər üçünsə özününküləşdirmə siyasəti aparıldığl aydın görünür.
Məsələn: Ötən ilin payızında ölkə mətbuatı yazırdı ki, “Cənub” mehmanxanasının torpağı payçılarının iradəsinin əleyhinə hərraca çıxarılıb. Cəmiyyətin səhmdarlarından Şahin Əlizadə KİV-ə açıqlamasında bildirmişdi ki, 2014-cü ilin sentyabrında müəssisənin keçirilən ümumi yığıncağında cəmiyyətin istifadəsində olan torpağın özəlləşdirilməsi müzakirəyə çıxarılıb. Hotelin səhm nəzarət paketi sahibi nümayəndəsinin “səhmdar cəmiyyətin büdcəsində yetərli qədər vəsait yoxdur ki, biz onu müəssisənin adına özəlləşdirək” bəhanəsinə minoritar səhmdarlar “torpağı özəlləşdirmək lazımdırsa, gəlin özəlləşdirək”, deyə maliyyələşməni öz üzərlərinə götürməyi təklif ediblər. Sözügedən ərazidə torpaq sahəsi olmadığından və yerin dəyəri nəzərə alınsa, səhmdarlar müəssisənin torpağını yarım milyon manat dəyərində qiymətləndirirlər.
Səhmdar bildirirb ki, müəssisənin torpağı hərraca çıxarılsa da, bu barədə elanı görən olmayıb. Sitat: “Mülkiyyət” qəzetinin noyabr ayındakı bütün saylarını ələk-vələk elədim. Qəzetin 8 noyabr 2014-cü il tarixli 44-cü (894) sayında, 6-cı səhifədə Bakı şəhərində hərrac vasitəsilə satılması nəzərdə tutulan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi barədə elan var. Qiymətli kağız sahiblərinin reyestrindən çıxarışın nömrəsi AZ 1001008031-dir. Ünvan sütununda Bakı şəhəri və 31 rəqəmi göstərilib, küçənin adı, obyektin sahəsi və qiyməti isə qaralanıb, göründüyü kimi, üzərində şrtixlər qoyulub. Torpaq sahəsinin satışının dekabrın 3-ü saat 11-ə təşkil olunacağı bildirilib.
Səhmdarlar bu elanın məhz “Cənub”a aid olduğunu və onun məxfi qrif altında verildiyini deyiblər. Qəzetin 15 noyabr tarixli 45-ci sayının yenə 6-cı səhifəsində bildiriş verilib. Söhbəti gedən qeyri-yaşayış sahəsinin hərracının dekabrın 9-na keçirildiyi elan olunub. Dəyişiklik ediblər, ancaq qaralama barədə düzəliş verilməyib. İlkin ehtimallara görə, elandakı Səbail rayonu Zərifə Əliyeva küçəsi 31 ünvanıdır, yəni “Cənub” otelin yerləşdiyi ərazi. Məlumatlara görə, torpağın hərrac qiyməti 30 min manatdan bir qədər çox təyin olunub - faktiki dəyərindən 15 dəfə az. Fikirləşdim, bəlkə sadəcə məndəki qəzetdə belədir, bəzi səhmdarlara zəng elədim. Onlarda da ünvan, sahə və hərracın qiyməti eynilə qaralanmışdı”.
Səhmdarın sözlərinə görə, bu dəfə “Mülkiyyət” qəzetinin redaksiyası ilə əlaqə saxlayıb, texniki işçi və mühasib də özlərində olan qəzetlərə baxıb həmin hissədə qaralama olduğunu təsdiqləyiblər”.
Əslində bu cür “oyunlar” azərbaycanlı səhmdarlar üçün nə birinci, nə də sonuncudur. Belə çaşdırıcı xarakter daşıyan “ssenarilərə” ölkənin özəlləşdirmə bazarında tez-tez rastlamaq olar. Bu və buna bənzər situasiyalarda ən böyük məsuliyyət və cavabdehlik isə məhz Kərəm Həsənovun rəhbərlik etdiyti komitənin üzərinə düşür.
Xüsusilə sahibkarlara qarşı “ənənəvi” münasibətin dəyişdiriləməsi zərurətindən danışıldığı, iş adamları ilə bağlı qanundankənar addımlar atan vəzifəli şəxslərin kəskin formada cəzalandırılmasına dair kəskin mesajlar verildiyi bir vaxtda ƏMDK və onun rəhbərliyinin şübhəli alqı-satqı, xüsusilə də özəlləşdirmə (əslinə qalsa isə “özününüküləşdirmə”!) əməliyyatlarında iştirakının araşdırılması böyük zərurət kəsb edir. Belə araşdırmalar zamanı digər önəmli dövlət qurumlarının, eləcə də adıçəkilən Dövlət Komitəsinin ölkədəki sahibkarlıq fəaliyyəti lə bağlı hansı arzuedilməz işlərə qol qoyduğu aydın şəkildə gözlər önünə səriləcəkdir...