Novruz Aslanovun qalib elan olunduğu dairədə total saxtakarlıq – VİDEOFAKTLAR
4-11-2015, 02:17
86 saylı İsmayıllı seçki dairəsində baş verənlər haqda müntəzəm yazılar dərc edirdik. Eyni zamanda bu dairədən olan bütün namizədlərin mövqeyini dərc edəcəyimizi ilk gündən bildirmişdik. Seçki prosesi dönəmində də bu prinsipə əməl etdik. İndi cumhuriyyet.az-ın elektron poçtuna seçki günü sözügedən dairədə baş verən qanun pozuntuları ilə bağlı Məzahir Şahvələdovun seçki qərargahı tərəfindən xülasə və videomateriallar göndərilib. Məlumat üçün bildirək ki, Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatında 86 saylı İsmayıllı Seçki Dairəsindən 72,4% səslə bitərəf namizəd Novruzəli Aslanov (bitərəf) qalib elan olunub. Yenə qarşı tərəfin öz mövqeyini ifadə etmək hüququnu tanıyaraq həmin materialları olduğu kimi diqqətinizə çatdırırıq:
“Bu gün noyabr ayının 1-də ölkə ərazisində parlament seçkiləri keçirilir. Cumhuriyyət. az olaraq 86-saylı İsmayıllı seçki dairəsində baş verənləri müşahidəçilərin dili ilə qeydə almışıq.
1. Saat 08:10 55-saylı Hacıhətəmli seçki məntəqəsindən müşahidəçi:İcra nümayəndəsi səsverməyə barmağına boya vurulmadan buraxıldı. Bu ana qədər iki nəfər səsvermədə iştirak edib.
2. Saat 08:15. 58-saylı Mollaisaqlı seçki məntəqəsi müşahidəçi. Səhər saat 07:13-də seçki qutusu möhürləndi. 547-nəfər seçici var. Artıq 7 nəfər səsvermədə iştirak edib. Hələki heç bir pozuntu qeydə alınmayıb.
3. Saat 08:25 şəhər 3-saylı seçki məntəqəsi müşahidəçi. Əhali seçkiyə az gəlir. bu ana qədər hər hansı qanun pozuntusu qeydə alınmayıb.
4. Saat 9:00. Topçu kəndindəki seçki məntəqəsindən müşahidəçi. Artıq saxtakarlığa start verildi. Seçkiyə gələnlərə iki-iki, üç-üç seçki bülletenləri verilir, bülletenlər komissiya üzvüləri tərəfindən seçki qutusuna topa-topa salınır. Müşahidəçilərin fəaliyyətinə imkan verilmir, çəkiliş aparmağa imkan verilmir, bizi məntəqədən uzaqlaşdırmağa çalışırlar.
5. Saat 09:15. Qalacıq 43-saylı seçki məntəqəsi müşahidəçi. Sərhəd qoşunlarının ərazidəki əsgərləri, artıq necənci dəfədir ki, seçkiyə gətirilərək səs verirlər. Seçkiyə gələn bütün şəxslərə bülletenlər iki-iki verilir. Komissiya üzvüləri açıqca, aşikarə saxtakarlığa girişiblər.
6. Saat 09:30. 55-saylı Hacıhətəmli seçki məntəqəsindən müşahidəçi. Seçki qutularından ikisinin möhürü naməlum şəkildə sındırılıb.
7. Saat 10:30-da 8-saylı Yuxarıbaş seçki məntəqəsi. Seçki bülletenləri, seçki qutusuna topa ilə doldurularkən, müşahidəçilər tərəfindən şəkili çəkildi. Biz məntəqəyə getdik və orada məntəqə sədri əvvəlcə çəkiliş aparmağımıza mane oldu. Ancaq bu alınmayanda məntəqə sədri geri çəkilərək yerində əyləşdi. Burada qutuya baxış keçiriləndə açıqca qutuya topa ilə bülleten atıldığı aşkar edildi. Namizəd Məzahir Şahvələdovun təkidli tələbi ilə dairə seçki komissiyasından məntəqəyə ekspert qrupu göndərildi. Ekspert qrupu baş verən olayı sənədləşdirmək istəmədilər və dairəyə getməli olduqlarını bildirdilər. Ancaq sonradan dairədə bu qanunsuzluq sənədləşdirildi. Gün ərzində rayonun ayrı-ayrı məntəqələrindən xeyli sayda saxtakarlıqla bağlı məlumatlar göndərildi.
8. Şəhər 6-saylı seçki məntəqəsi. Seçicilərin sayı 895 nəfər. Saat 16:07-yə kimi cəmi 154 nəfər iştirak edib.
9. Şəhər 60-saylı seçki məntəqəsi. 741 nəfər seçici var. Saat 16:30 iştirak edib, 141 nəfər. Məntəqəyə adam daşıyan avtomaşın aşkar edildi.
10. Şəhər 9-saylı seçki məntəqəsi. 1033 nəfər seçici var. Saat 17:00 səsvermədə iştirak edib 110 nəfər. Seçki bülletenləri topa halında seçki qutusuna atılıb. Buna görə dairəyə müraciət olunsa da heç bir tədbir görülmədi.
11. 51-saylı seçki məntəqəsi. Seçici 813 nəfər, səsvermədə iştirak edib 280 nəfər.
12. Şəhər 2-saylı seçki məntəqəsi. Seçici 1464 nəfər, səsvermədə iştirak edib saat 17:44 olan məlumat. 260 nəfər.
13. Saat 17:55 şəhər 4-saylı seçki məntəqəsi. 1466 nəfər seçici, səsvermədə iştirak edib 251 nəfər.
14. Gün ərzində saat 14:15-də 39-saylı seçki məntəqəsindən şikayət daxil olub. Şikayətdə deyilir ki, kənd icra nümayəndəsi Şahin Musayev səhər tezdən məntəqədədir və seçkiyə müdaxilə edir.
15. Axşam saat 19:09-radələrində namizəd Məzahir Şahvələdov zəng edərək bildirdi ki, hazırda Topçu kəndindədir və burada onun müşahidəçisini çıxararaq, saxtakarlığa başlayıblar.”
16. Gün ərzində Balik, Təzəkənd, Qalagah, Aşıq Bayram, Kürtmaşı, Sumağallı, Buynuz, Quşencə, İvanovka, Diyallı və sair kəndlərdən saxtakarlıqla bağlı xeyli sayda müraciətlər daxil oldu. Hacıhətəmli kəndindən müşahidəçi qeyd edir ki, hazırda özü Bakıda yaşayan, Yadigarov Əhliman Əlfəddin oğlunun adına seçki qutusuna seçki bülleteni atılıb. Hacıhətəmli kəndində gün ərzində kənd sakini Salmanov Ruslan Həkim oğluna məxsus avtomobillə seçki məntəqəsinə seçici daşınıb.
Məzahir Şahvələdovun seçki qərargahı”