Xaləddin İsgəndərov Çovdarovun obyektini qorumaqla məşğuldur - İTTİHAM VAR
5-11-2015, 18:07
Dünən Binəqədi rayonundakı Zərifə Əliyeva parkının qarşısında-“Zeytunluq” adlanan ərazidə tikilmiş şadlıq evinin sökülməsinə başlanılıb... Bu barədə (hələ ötən il "Təzadlar"da bu yaşıllıq zolağının məhv edilməsi ilə bağlı həyəcan təbili çalan silsilə yazıları dərc olunmuşdur) ərazidə yaşayan Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun dosenti, yazıçı və jurnalist, pedaqoq Allahverdi Eminov əməkdaşımıza məılumat verdi...
Sonra aidiyyəti qurumlarla əlaqə saxladıq... Ortaya dəhşətli faktlar çıxdı. Məlum olur ki, tikilməkdə olan şadlıq evinin mübahisəsi neçə ildir davam edir... Bildiyimizə görə, bu şadlıq evinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbov hələ 2009-cu ildə sərəncam verib və MTN-nin sabiq idarə rəisi, general Akif Çovdarova məxsusdur... Qəzetin elektron poçtuna göndərilən məktubda isə yazılır ki, "Hələ ötən il bu şadlıq evinin tikintisi ilə bağlı sakinlər Binəqədi RİH başçısı Xaləddin İsgəndərova şikayət edəndə, RİH başçısı obyektin tikiləcəyini bildirdi və deyib ki, bu tikili onun yaxın dostunun obyektidir... Sakinlərin şikayəti bununla bağlanıb... Ekologiya Nazirliyinə edilən şikayətdən sonra isə Binəqədi RİH-dən səlahiyyətlilərdən biri sakinlərə bildirib ki, "Başçı deyir ki, bu şadlıq evi MTN-dəki general dostunundur, zəhləmi tökməsinlər, başqa işlərlə məşğul olsunlar... Hamı bilir ki, bu general Akif Çovdarovdur...".
Mənbə onu da yazır ki, "Dünən isə polis əməkdaşları əraziyə gəliblər və Binəqədi RİH əməkdaşları tikintini sökməyə başlayanda şadlıq evinin sahibi yarımçıq tikilinin üstünə çıxaraq intihar edəcəyini bildirib... Bundan sonra söküntü müvəqqəti dayandırılıb: "Başçı söküntünün rəhbərinə deyib ki, həlik dayanın, danışıqlar gedir... Artıq söz-söhbət gedir ki, Xaləddin İsgəndərov general dostunun obyektinin qanuni olması üçün sənədlər hazırlatdırır... Görəsən ölkə Prezidenti burada baş verənlərdən xəbəri varmı? Görün başçı Prezidentin başının üstündən kimi müdafiə edir???".
Aşağıda Allahverdi Eminovun "Təzadlar"ın 23 oktyabr 2014-cü il tarixli sayında dərc olunmuş yazısını bu günlə əlaqəli və aktual olduğunu nəzərə alıb təkrar təqdim edirik:
Məktub və məktubdakılar niyə yetişmir?
Yaşayış ərazisində salınmış şadlıq saraylarının gözümüzü kor edən kabab tüstüsü hələki bəzilərinin üzünü qara etməkdədir, bəzilərinin isə cibini doldurmaqda...
Birinci məktub
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov cənablarına!
Bədii ədəbiyyatda belə bir janr var: epistolyar. Yəni, iki tərəfin yazışması. Sən demə, belə janr məmurlarla yazarlar (publisist, jurnalist) arasında da olurmuş. O məmur(lar) ki, məsul vəzifə sahibidir(lər), geniş səlahiyyətə malikdir. Xalqın - ərazisində yaşayan ölkə vətəndaşlarının qayğılarını çəkir, ərizələrinə, şikayətlərinə biganə qalmır. Məhz həmin məmura o vəzifə ona görə etibar edilmişdir ki, tənqidə alicənablıqla yanaşsın, neqativ halların qarşısını alsın. Məqalə müəllifinin qaldırdığı məsələyə dərhal reaksiya versin. Mətbuata - qəzetə hörmətlə yanaşsın. Necə deyərlər, yazışmalar ədalətə söykənsin.
Sözümün canı var: Binəqədi rayonu ərazisindəki məşhur (bu sözü inşaat maqnatları yaxşı bilir) Zeytun bağlarının uzun illərdir məhvə doğru getməsi, ağacların qırılıb yerində saysız şadlıq evləri, restoranlar, kafe-kababxanalar tikilməsi və məhz böyük yazıçımız, alimimiz Mir Cəlal Paşayevin adını daşıyan küçədə qərarlaşması “Akademik Zərifə Əliyeva adına parkda nələr baş verir?” məqaləsində (“Təzadlar” qəzeti, 02 sentyabr 2014-cü il sayında) ətraflı işıqlandırılmışdır.
Təfsilatına varmırıq. Və inanmırıq ki, sosial şəbəkələrdə yayımlanmış, qəzetin saytında yerləşdirilmiş bu yazıda qaldırılmış problemdən Binəqədi Rayon İcra Hakimiyyətinnin başçısı Xaləddin İsgəndərov cənabının xəbəri olmasın. Ona görə əminliklə deyirəm ki, əvvəla, bu ərazidən az qala hər gün ərşə dirənən və ətrafı görünməz edən kabab tüstü-dumanının bir ucu da havaların küləksiz vaxtında ta Binəqədi RİH binasına qədər gedib çatır, Bakı tüstü-dumana bürünür... İkincisi, ona görə əminliklə deyirəm ki, məmurların xətrinə dəyən bir cümlə yazılan kimi dərhal həmin qəzeti məhkəməyə verirlər. Bu yazıda isə nəinki bir cümləlik, bir dastanlıq söz demişik. Deməli, o xətrə dəyən bir cümləni oxuyan məmur ola bilməz ki, bu bir dastanlıq tənqid və təklifdən, şikayətdən xəbərsiz olsun.
Məqalədə haqlı olaraq Binəqədi RİH başçısının adı hallandırılmışdı. Səbəbsiz deyildi: Məqalədə adları çəkilmiş iaşə obyektlərinin qırılmış ağaclar hesabına tikilib istifadəyə verilməsi, bu gün də ağacların qətlə yetirilməsi hesabına üç nəhəng binanın tikintisinin davam etməsi vurğulanmışdı. Axşamlar həmin “Şadlıq evləri”ndən qalxan zəhərli tüstü burulğanının çoxsaylı sakinlərin sağlamlığını əlindən alması, bağın ağacları arasında “Qala qapısı” kafe-kababxanadan qalxan tüstünün fəsadları və s. bu yazının əsas mövzusu idi.
Mən bu olayı yazanda ümid etdim ki, rayonun icra başçısı, hansı ki, Ölkə Prezidentinin səlahiyyətli nümayəndəsidir, bir əncam çəkəcəkdir. Ən azı “tarixi” olayı gözlərilə müşahidə edəcək və sayını hesablaya bilmədiyim vətəndaşların axşamüstü saat 19 radələrindən başlayaraq acı tüstünün fəsadlarına dözməyinə ürəyi ağrıyacaqdır.
Bu saatlarda Mir Cəlal Paşayev küçəsinin həmin ərazisində insanların yolunu kəsib toya gətirilən maşınları görüb köks ötürəcək və pıçıldayacaq: “Bu adamların günahı nədir, ilahi?”. Və bu sualdan heyrətlənəcəkdir. Görəsən biz azərbaycanlılar hansı məqamlarda heyrətlənirik?!
Məqalənin dərcindən iki ay ötmüşdür, acınacaqlı vəziyyətə rayon icra hakimiyyəti və digər qurumlar tərəfindən heç bir reaksiya yoxdur. Ona görə yox ki, yazıya reaksiya vermək həvəsində deyillər. Ona görə ki, tədbir görmək halında deyillər. Çünki bu obyektlər böyük adamlara məxsusdur! Başqa səbəb bilmirik. Eləcə də Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də bu ekoloji fəlakətə susurlar. Niyə???
Belə çıxır ki, səlahiyyətli şəxslər üçün insan kapitalı anlamı elə də əhəmiyyət daşımır?
Hörmətli icra başçısı, unutmayın ki, Respublika Prezidenti, cənab İlham Əliyev bütün çıxışlarında, görüşlərində insana qayğını önə çəkmiş, insan kapitalına bəzi səlahiyyətli məmurların laqeyd münasibətini isə pisləmişdir. Elə isə niyə susmağa üstünlük verilir?
Mövzuya təkrar qayıtmaq fikrində deyildim, çünki məqalə qəzetdə dərc olundu, aidiyyatı şəxslər dərhal cavab verməlidir. Problem isə: yüzlərlə ailənin zəhərlənmiş havanı, kabab qoxusunu udması, habelə ağacları qırıb, yerində çoxmərtəbəli binaların tikintisində (hələlik üç binanın inşası davam edir) davam edir.
Müraciət-məqaləmin fabulasına qayıdıram.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının hələlik susmasını heç cürə başa düşmürəm. Amma bir yazıçı, pedaqoq kimi bu yazıya cavab verərsə, olacaq real “epistalyar” janr!
İkinci məktub
Azərbaycan Respublikasısının ekologiya və təbii sərvətlər naziri cənab Hüseyn Bağırova!
Hörmətli cənab nazir H.Bağırov!
Siz yəqin ki, “Təzadlar” qəzetində (Bax: 02 sentyabr 2014-cü il) “Akademik Zərifə Əliyeva parkında nələr baş verir?” adlı geniş həcmli praktik faktlar əsasında hazırlanmış məqaləni (müəllifi Allahverdi Eminovdur) oxumusuz. Konkret söhbət “Zeytun bağı” adı ilə məşhurlaşan (təbiətin qənimləri baxımından) bağa - hansı ki, parkla qovuşmuşdur, tutulan divandan, on ildir yamyaşıl ağacları qətlə yetirən (bəzi üsullarla: yandırmaq, dibinə neft tökmək, sudan məhrum etmək və s.) korrupsiyaçıların, adı hamıya məlum “Şadlıq evləri”nin, restoranların, kafe-kababxanaların sahibkar-şəxslərin anti-insani hərəkətləri ciddi tənqid olunmuşdur. İaşə müəssisələrinin minlərlə ölkə vətəndaşlarına ünvanladığı acı tüstünün zəhərləyici təsiri, uşaq, qoca, xəstə... durumu, eləcə də sağlam adamları belə xəstə edən bu vəziyyət məqalədə yazılmışdır.
Digər tərəfdən, zeytun və başqa cinsli ağacları gecə ilə kəsib, çoxmərtəbəli binalar inşa etmələri və mövcud tikilməkdə olan daha üç binanı xatırlatmışdım (eyni zamanda redaksiya əməkdaşı). Bu proses 3 ildən artıqdır (tikilən binaları nəzərdə tuturam) davam edir. Təəccüblü odur ki, Sizi alicənab gənc nazir kimi tanıyıram, bu acınacaqlı vəziyyəti ya görmürsünüz (görmək ən azı Sizin tabeliyinizdə olan çoxsaylı idarə rəhbərlərinin, onların çoxsaylı işçilərinin vəzifə borcudur), yaxud bundan həqiqətən də xəbərsizsiniz. Hesab edirdim ki, bunları qəzetdə oxuyandan sonra bu ölkənin bir vətəndaşı kimi Siz həmin əraziyə baş çəkəcəksiniz və Prezidentimizin təbiətin qorunması haqqında sərəncam və göstərişlərini yerinə yetirəcəksiniz! Və məlum edirəm ki, bu bağ-parkda böyük alim, Prezidentin müqəddəs anasının adına Park olduğunu, heykəl-abidəsi ucaldığını xüsusi qiymətləndirəcəksiniz. Bəlkə doğrudan da Bakı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin, onun çoxsaylı müfəttişlərinin bu hoqqalardan xəbəri yoxdur?!
Hörmətli cənab nazir!
Sizin təbiətə, atmosferə, sağlamlığa müsbət münasibətinizdəndir ki, məhz təyinatlı nazirliyə nazir vəzifəsinə gətirilmisiniz. Digər tərəfdən, Siz təhsildən gəlmisiz, təhsilin fəlsəfəsini bilən şəxssiz. Lakin mən Binəqədinin həmin ərazisində yaşayıram və mənfi proseslərin şahidiyəm, zəhərli hava ilə qidalanan, yaşıllığın gözəlliyindən məhrum sakinəm və təkcə beşinci binada (Cavadxan küçəsində yerləşən beşinci binada (dördü var) 170-dən çox ailə yaşayır! Yalnız bir binada. Yəqin nazirliyin ekspertləri zərərçəkən insanların uçotunu dəqiqləşdirəcək, məhv olmuş - qətlə yetirilən ağacların sayını da... Eləcə də iaşə obyektlərinin mübhəm sahiblərini də... Bir məsul nazir kimi buna vəzifə səlahiyyətiniz imkan verir.
İstəməzdim, hüquqları pozulan saysız Azərbaycan vətəndaşları respublikanın səlahiyyətli hüquq-mühafizə orqanlarına üz tutsunlar, haralarasa şikayət etsinlər. Bəlkə kimsə gözləyir ki, bütün bu zərərlərə görə Nazirliyinizi, yaxud kimlərisə Avropa Məhkəməsinə verək, BMT-nin yaşıllıqların və təbiətin, ekologiyanın mühafizəsi ilə bağlı konvensiyasının tələblərini kimdənsə tələb edək. Çünki Azərbaycan bu Konvensiyaya qoşulub, öhdəliyi var. Sizin isə ekologiyamızın qorunmasına nəzarət öhdəliyiniz.
Hörmətlə:
Allahverdi Eminov,
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun dosenti,
yazıçı və jurnalist, pedaqoq