Abutalıbovun 17 milyonluq müəmması - ARAŞDIRMA

6-11-2015, 12:24           
 Abutalıbovun 17 milyonluq müəmması - ARAŞDIRMA
«Binəqədi qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi 46, keçmiş 33A ünvanında bir bloklu 12 mərtəbəli binanın sakinləri narazıdırlar. Narazılığa səbəb isə 10 ildir binanın liftinin işləməməsidir” (6 oktyabr, 2015-ci il).

"Qazaxda 9 mərtəbəli olan yalnız bir bina var. Bina bir olsa da, problemləri heç də az deyil. Sakinlər illərdir ki, işləməyən liftin yaratdığı narahatlıqdan əziyyət çəkirlər” (17 oktyabr, 2015-ci il).

"Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 81 (köhnə 73) ünvanının sakinləri müraciət edirək həll edilməyən lift problemindən şikayətçi olublar. Sakinlər bildirirlər ki, onların 1 bloklu binasındakı lift artıq 3 ildir, demək olar ki, işləmir. İşləsə də, üç gün işləyib aylarla təmirə bağlanır” (4 noyabr, 2015-ci il).

"Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Samir Cəfərov küçəsi bina 9 a sakinlərinin lift problemiylə bağlıdır. Belə ki, artıq bir həftədən çoxdur ki, sakinlər liftdən istifadə edə bilmirlər. Liftin işləməməsi sakinlər üçün əlavə problemlər yaradıb. Xüsusilə də yaşlı insanlar və uşaqların yuxarı mərtəbələrə qalxmasında çətinliklər meydana çıxıb” (14 oktyabr, 2015-ci il).

Bunlar Bakı və bölgələrdə illərdən bəridir həllini gözləyən lift problemi ilə bağlı internet üzərindən ağardığımız kiçik axtarış nəticəsində sadəcə son bir ayla bağlı göstəricilərdir və şübhəsiz, vətəndaşların şikayətlərinin cüzi bir hissəsidir.

Daha ətraflı araşdırma apardıqda isə aydın görünür ki, Bakıda, eləcə də Sumqayıt və Gəncədə sakinlərin liuftlərin işləməsi sarıdan giley-güzarının nə sayı var, nə hesabı. Elə liftlərin alınması, təmiri və yenidən qurulması üçün illərdir ayrılan dövlət vəsaitlərinin məbləği kimi!

Arqument.Az xəbər verir ki, qaynar.info-nun araşdırmasına görə, təkcə 2013-cü ildə Bakıda binaların liftlərinin möhkəmləndirilməsi ilə bağlı prezident İlham Əliyevin sərəncamı ilə 7 milyon manat vəsait ayrılıb. Bundan əvvəl - 2008-ci ildə isə prezident şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb.

Cəmi 5 il fasilə ilə ayrılan həmin 17 milyon manatın necə xərcləndiyi məlum deyil. Bu qədər vəsaitin təyinatı üzrə xərcləndiyinə dair şübhələri gücləndirən xeyli səbəb göstərmək olar, bunun biri və birincisi isə heç şübhəsiz, Bakıda, eləcə də digər rayon və şəhərlərdə liftlərin normal vəziyyətdə olmamasından, onların işləməməsindən şikayətlənənələrin çoxluğudur.

Üstəlik, nəzərə almaq lazımdır ki, hər il dotasiya şəklində büdcədən Bakı Lift-Təmir İstehsalat Birliyinə də kifayət qədər böyük məbləğdə vəsait ayrılır.
Adıçəkilən İstehsalat Birliyi Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) tabedir, bu da paytaxtın lift probleminə görə BŞİH rəhbəri Hacıbala Abutalıbovun hədəf seçilməsinə gətirib çıxarır (yeri gəlmişkən: Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov məhz paytaxt merinin kadrı sayılır, onun bu vəzifəyə Hacıbala müəllimin səyləri nəticəsində təyin edildiyi söylənilir). Bildirilir ki, liftlərlə bağlı ayrılan milyonlarla manat dövlət vəsaitinin hesabını ilk növbədə məhz cənab Abutalıbovdan soruşmaq lazımdır. Izah edilməli, əsaslandırılmalıdır ki, bu qədər fantastiki pullar ayrıldığı bir halda niyə Bakıda lift problemi səngimək əvəzinə, vətəndaşların şikayəti hər gün daha da çoxalır? Bu təzadın, ziddiyyətin və absurdun məntiqli bir izahı olacaq, ya yox?!

Daha bir müəmma...

Qeyd edək ki, bir neçə həftə öncə paytaxtın Suraxanı Rayonu Hövsan qəsəbəsində binalardan 28 lifin "əyləc dolağı" oğurlanmışdı. Hövsan Lift İdarəsinin müdiri Amin Cabbarlı liftlərdə "əyləc dolağı"nın oğurlandığını Arqument.Az-a təsdiq etmiş, bununla bağlı baş idarəyə də məlumat verdiyini demişdi. 103 və 104 saylı Mənzil Kommunal İstismar Sahələri də hadisədən məlumatlı olduqlarını, polisə müraciət etdiklərini bildirmişdilər. Ancaq problemin həlli sakinlərin üzərində qaldı. Sakinlər mənzilbaşı 15 manatdan pul toplayaraq 70 manat civarında olan "əyləc dolağı"nı aldılar. 104 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Mircəfər Həşimov axar.az-a bildirmişdi ki, Suraxanı Rayon Polis Şöbəsi (RPŞ) Hövsan qəsəbəsindəki lift oğurluğunu araşdırır.

Onun sözlərinə görə, Hövsanda binalardan 28 liftin oğurlanması faktı ilə bağlı həm sakinlər, həm MKİS tərəfindən polisə xəbər verilib, tezliklə binalar liftlə təmin ediləcək. Buna baxmayaraq, polisin araşdırmasından heç bir xəbər çıxmadı. Sakinlər isə bildirirlər ki, liftləri məhz Bakı Lift-Təmir İstehsalat Birliyinin əməkdaşları "aradan" çıxarır, sonra da sakinlərə satırlar. Bundan başqa, sakinlərə son aylar verilən ödəniş qəbzlərinə möhür vurulmur. Bu da ödənilən məbləğin "havaya uçduğundan" xəbər verir...

Oğurla, sonra da sat...

Suraxanı rayon İcra Hakimiyyətinin sözçüsü Bərxudar Bərdudarovun isə Arqument.Az-a açıqlaması olduqca maraqlı olmuşdu. Belə ki, saytın Suraxanı rayon İcra Hakimiyyətinə zəng edən əməkdaşı ilə İcra Hakimiyyətinin müavinin arasında təxminən belə bir dialoq baş vermişdi:

- Hövsanda 28 liftin "əyləc dolağı" oğurlanıb. Neçə vaxtdı camaat əziyyət çəkir. Sakinlər pul da toplayıblar. Problemi niyə həll olunmur?
- Dediyiniz hissənin biri 70 manatadır.
- Pulu hara verək?
- Elə idarənin özünə...

Demək, real mənzərə ortadır. Təbii ki, bu məsələ hansısa bir rayonun kiçik ranqlı məmurunun səlahiyyətində olan məsələ deyil. Bu məhz Abutalıbovun yarıtmaz və talançı fəaliyyətinin nəticəsidir. Amma bu mənzərə demək olar ki, paytaxtın bütün rayonlarındakı mövcud vəziyyəti tam çılpaqlığı ilə əks etdirir...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.