Eldar Həsənovun hakimiyyətə qarşı “Cülyetta” əməliyyatı
10-11-2015, 22:33
Beləliklə, məşhur kriminal Niku Gearanın, Sapunaresku və Skobeltin bandalarının timsalında Balkanlardakı kriminal qruplaşmanın izinə düşmüş rumın həmkarlarımızın köməyi ilə başladığımız jurnalist araşdırmalarımız davam edir.
N.Geara haqda ötən saylarımızda yazmışdıq. Həmin yazıda oxuculara Azərbaycanın Rumıniyadakı keçmiş, Serbiyadakı indiki səfiri Eldar Həsənovun oyun biznesinə bağlılığı barədə danışılırdı. O da bildirilirdi ki, Azərbaycan diplomatik nümayəndəliyinə məxsus avtomobillərdən yuxarıda adları çəkilən şəxslərin şirkətlərinə məxsus malların şübhəli surətdə daşınmasında qeyri-qanuni olaraq istifadə edilir.
Böyük şübhələr var ki, bu maşınlar qanunsuz pul kütləsi, narkotik daşınmasında və insan alverində istifadə olunub.
Bu gün əlimizdə əsas və ciddi bir sübut var: Avstriya Mərkəzi Bankının yüksək rütbəli məmurlarını ələ almaq üçün ayrılan pul kütləsi Vyanaya Eldar Həsənovun Rumıniyada səfir olduğu dövrdə Buxarestdəki səfirliyimizin binasından çıxarılaraq aparılıb.
E.Həsənovun Niku Geara şəbəkəsindəki iştirakı haqda araşdırmalarımızın nəticələri yaxın vaxtlarda oxucuların mühakiməsinə veriləcək.
Bununla yanaşı Rumıniyada yeni korrupsiya və siyasi qalmaqal qızışıb. Eldar Həsənov da bu işin içindədir. Rumıniyanın ən nüfuzlu biznesmenlərindən biri, Azərbaycanda da təmsiliçiyi olan “UTİ Group” şirkətinin sahibi Tiberiu Urdareanu oktyabrın 28-də Rumıniya Milli Antikorrupsiya İdarəsində sorğu-sual edilib. Rumın jurnalistlər müəyyən edib ki, prokurorluq iş adamını istintaqa iri maliyyə maxinasiyalarında şübhəli bilinən şəxs kimi cəlb edib.
“UTİ Group” Rumıniyanın kommunikasiya və qiymətli kağızlar bazarında əsas oyunçulardan biridir. T.Urdareanu geniş siyasi əlaqələrindən yararlanaraq ən əlverişli dövlət sifarişlərini öz şirkətinə almağa uzun illər boyunca nail olub. Bu şirkət səhiyyə sahəsində elektron qeydiyyat sisteminin tətbiqi üzrə işləri həyata keçirib. İctimai nəqliyyatda elektron qeydiyyat bazası yaradıb. Buxarest metrosunun yeni stansiyalarının elektron sxemlərini hazırlayıb və s.
Şirkətin illik dövriyyəsi 130 milyon dollardır. Urdareanu ötən il Rumıniyanın ən varlı adamları sırasında 46-cı olub. Onun sərvəti 100 milyon dollar qiymətləndirilir.
Məlum olub ki, T.Urdareanu səfir E.Həsənovla sıx bağlı olub. O, məhz bizim səfirin yardımı ilə 2011-ci ildə Azərbaycanda biznes qurub. Şirkət həmin ilin noyabrında Azərbaycan Vergilər Nazirliyində qeydiyyatdan keçib.
Virtualaz.org saytı “UTİ Group Azerbaijan” şirkətinin Azərbaycandakı fəaliyyətini araşdırarkən müəyyən edib ki, bu şirkət ölkənin kiber-təhlükəsizliyi ilə bağlı layihənin hazırlanması üzrə tenderin qalibi elan olunub.
Çox qəribədir ki, vurulmuş səfirə yaxın şirkət ölkənin milli təhlükəsizlik sistemindən ötrü strateji əhəmiyyətə malik sahəyə dair tenderin qalibi olub.
Yeri gəlmişkən, E.Həsənov siyasi ambisiyalarını öz tərəfdarlarına tez-tez xatırladır. E.Həsənovun Bakıya qayıdacağı barədə anonslar müxalifət mətbuatının səhifələrində xeyli dərəcədə gözlənilməz və müntəzəm şəkildə peyda olur. Həmin məlumatlarda səfirin gah Prezident Administrasiyasının, gah da MTN-in rəhbəri kimi qayıdacağı bildirilir. Son vaxtlar bəzi müxalif saytların “ötürməsi” ilə səfirə yeni don - Azərbaycanı indiki hakimiyyətdən xilas edəcək yeni ümummilli lider kimi təqdim etməyə də başlayıblar.
Bu layihənin detallarını hələ araşdırmağımız lazım gələcək: E.Həsənovun adamlarının Bakıdakı məqsədi nə idi? Şirkət hansı kiber-təhlükəsizlik sistemi qurmağa nail oldu? Hansı məqsədlə? Şirkət bunun müqabilində nə əldə etdi? Biz bu suallara yaxın vaxtlarda cavab verəcəyik.
İndi isə Bakıdakı araşdırmalarımızın ilkin nəticələri haqda. Buxarestdən Bakıya qayıdaq. “UTİ Group Azerbaijan”ın ofisi E.Həsənova məxsus binada yerləşir. Bu da sizə Azərbaycan diplomatının fəaliyyətindəki daha bir korrupsiya faktı. Sahibkarlıqla maraqların münaqişəsi göz önündədir. Bu isə qanunla qadağandır və ya qadağan olunmalıdır. Amma bu, sözügedən qalmaqalın hələ ən xırda tərəfidir.
Şirkətin mərkəzi ofisində səfirin ən etibarlı adamı - moldovalı Leonela Lenes oturur. Xanım Leneslə E.Həsənovu qarşılıqlı inam və etimada söykənən münasibətlər birləşdirir.
E.Həsənovun Rumıniya və Balkanlardakı xüsusi əməliyyatlarının başında da elə bu moldovalı xanım dayanıb. Bu xüsusi əməliyyatı şərti olaraq “Cülyetta” adlandıraq.
Bir zamanlar - “soyuq müharibə”nin və iki qütbün qlobal qarşıdurmasının ən güclü vaxtlarında xüsusi xidmət orqanlarının virtuozlarından biri, əfsanəvi şəxsiyyət, “Ştazi”nin şefi Markus Volf şərti kod adı “Romeo” olan xüsusi əməliyyat hazırlamış və uğurla həyata keçirmişdi. Şərqi Almaniyadan olan və “Ştazi” tərəfindən xüsusi hazırlanan gənc intellektuallar, yaraşıqlı oğlanlar kapitalist ölkələrinə göndərilirdi. Həmin gənclər orada ən nüfuzlu avropalı məmurların katibə və köməkçiləri ilə sevgi münasibətləri yaradırdı. Nəticə də o oldu ki, M.Volf bir müddətdən sonra Qərbi Almaniyanın və digər Qərbi Avropa ölkələrinin ən nüfuzlu məmurlarının qəbul otaqlarına nəzarəti ələ keçirdi. Bu şəbəkə sayəsində Şərq Almaniyanın xarici kəşfiyyat idarəsinin ofisinə birinci əldən ən gizli məlumatlar da gəlib çıxırdı.
Bu “Romeo” əməliyyatını təsadüfən xatırlatmadım. Azərbaycan və Şərqi Avropa ölkələrinin hökumətləri arasındakı danışıqların bütün stenoqramları da E.Həsənova bu qayda ilə ötürülür. Əlbəttə, Leonele Lenesin və onun tərcüməçi qızlarının sayəsində...
Beləliklə, “Cülyetta” xüsusi əməliyyatı haqda.
E.Həsənov hələ Buxarestdə işləyəndə xüsusi tərcüməçi qızlar ştatları yaratmışdı. Bu qızlar səfirin və onun köməkçisi L.Lenesin yanında böyük şəxsi etimada malikdirlər.
Bakıdan Buxarestə gedən bütün nümayəndə heyətləri bu qızların “hakimiyyəti” altında olurdu. Təqdimat isə belə idi ki, onları guya bizim səfirlik yox, Rumıniya tərəfi məsləhət görüb. Səfirin özünün iştirak etmədiyi daha məxfi danışıqlardan sonra isə bu söhbətin stenoqramı E.Həsənovun masası üzərinə qoyulurdu.
Daha maraqlısı odur ki, həmin tərcüməçi qızlar Buxarestdə gedən ən yüksək səviyyəli danışıqların stenoqramını bu günə qədər də Belqrada - Serbiyadakı səfir Eldar Həsənovun hazırkı iş yerinə yollayırlar.
Sual olunur: Azərbaycan və Rumıniya hökumətləri arasındakı danışıqların məzmunu Serbiyadakı səfirin nəyinə gərəkdir? Axı Rumıniya E.Həsənovun maraq dairəsinə (hər halda rəsmən!) daxil deyil...
Mənə başqa məsələ də çox maraqlıdır: bizim xarici işlər naziri Elmar Məmmədyarovun bu “Cülyetta” xüsusi əməliyyatından xəbəri varmı? Nazirin digər hökumət adamları kimi onun özünün də bağlı qapılar arxasındakı bütün görüşlərinin və danışıqlarının məzmununun Belqraddakı səfirin stolunun üstünə qoyulmasından xəbəri varmı?
Bizim xüsusi xidmət orqanları ilə bağlı vəziyyət aydındır. Başı öz biznes imperiyasının qayğılarına qarışmış Eldar Mahmudovun milli təhlükəsizlik məsələləri ilə məşğul olmağa vaxtı harada idi?! Bəs XİN necə? Serbiyadakı səfirin təxribatçı, mahiyyətcə casus sxemi haqda nazirlikdə nəsə bilirlərmi? XİN səfir E.Həsənovun fəaliyyətinin kriminal xarakterini nəzərə alaraq Balkan ölkələrində strateji əhəmiyyətli danışıqlar aparan rəsmi nümayəndə heyətlərinin hansı təhlükə ilə üz-üzə qalmasını anlayırmı?
E.Həsənov özünün bütün diqqətini niyə məhz Buxarestdə bağlı qapılar arxasında aparılan danışıqlara yönəldib? Niku Gearanın kriminal qruplaşması ilə qarşılıqlı əlaqələr fonunda Həsənovu xüsusi narahat edən məsələ nədir?
Bu haqda növbəti yazılarımızda danışacağıq. Araşdırmalarımız davam edir.
Eynulla Fətullayev