MTN-in əks-kəşfiyyatındakı həbslərin pərdəarxası - “İlanın başı da əziləcək”
11-11-2015, 12:37
Son günlər Milli Təhlükəsizlik Nazirliyinin Əks-Kəşfiyyat İdarəsində gedən proseslər gündəmi zəbt edib. Qurum daxilində aparılan həbslərin sayı artmaqdadır. Hər keçən gün idarənin bir neçə əməkdaşı ya işdən çıxarılır, ya da barələrində həbs-qətimkan tədbiri seçilir. Təsadüfi deyil ki, son 4 gündə əks-kəşfiyyat idarəsinin 10-a yaxın yüksək rütbəli məmuru qandallanıb. Onlara qarşı ən ağır ittihamlar irəli sürülüb.
Ölkənin əsas təhlükəsizlik orqanının daxilində yaşananlar hər kəsi narahat edir. İctimaiyyətə dolğun məlumatların verilməməsi də narahatlığı günbəgün artırır. Əks-Kəşfiyyat İdarəsi hər bir dövlətin həyatında mühüm rol oynayır.
Bəs o zaman bu həbslər nədən xəbər verir, yaxud nə ilə bağlıdır?
Azərbaycan MTN-in Əks-Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Ərəstun Oruclu hesab edir ki, həbslərə səbəb törədilmiş cinayətlərə adekvat cavabın verilməsidir: “MTN-in əməkdaşlarının biznesmenlərə, başqa-başqa şəxslərə qarşı törətmiş olduqları cinayət əməllərini görmüşük. Bütün bunlar onu deməyə əsas verir ki, orada böyük bir kəsim cəzalandırılmalıdır. Burada qeyri-adi bir şey görmürəm. Bu həbslərin dövlətçiliyə heç bir təhlükəsi yoxdur. Əgər 11 il ərzində dövlətin belə bir mühüm qurumu başdan-ayağa bir cinayətkar dəstənin marağına xidmət göstəribsə, deməli, heç bir təhlükəsi yoxdur. Çünki dövlətə ən böyük təhlükə onlar olub. Mənə elə gəlir ki, hazırda çox sağlam bir proses gedir. Hər kəs öz əməlinə görə cəzasını almalıdır. Ümid edək ki, hər kəs də cəzasını alacaq. Kimliyindən asılı olmayaraq. Dövlətin ən mühüm institutlarından birinin həmin ünsürlərdən təmizlənməsi və daha layiqli kadrlarla əvəzlənməsi prosesi gedir. Bu da istənilən halda müsbət addımdır. Düşünmürəm ki, MTN-dən çıxarılan, yaxud həbs edilən şəxslərin yerinə təyin edilənlər ölkənin təhlükəsizliyini qorumaq iqtidarında olmasınlar. Düşünürəm ki, indi olmasa da, bir müddətdən sonra Azərbaycanın təhlükəsizliyi daha etibarlı olacaq. Ən azından əvvəlki 11 ildən fərqlənəcək”.
Ə.Oruclu həbslərin davam edəcəyi qənaətindədir: “Proses hələ yekunlaşmaq üzrə deyil. Düşünmürəm ki, indiyə qədər həbs edilən şəxslər ən ağır cinayət törədənlərdir. Hələ çoxlu sayda həbs olunmalı şəxslər var. Ad çəkmək istəmirəm. Amma xeyli yüksək rütbəli məmurlar var ki, onlar cəzalandırılmalıdır. Çünki onların razılığı, göstərişi olmadan hansısa orta rütbəli şəxslər bu qədər kütləvi şəkildə cinayət törədə bilməzdilər. Burada söhbət mütəşəkkil dəstədən gedir. Təbii ki, o dəstənin hələ ki orta təbəqəsi zərərsizləşdirilib. Əminəm ki, ilanın başı da əziləcək”.