Binəqədidəki “yanan bina işi” “MTN işi”nə birləşdirilir? - İlginc gəlişmələr
12-11-2015, 20:23
Bu il mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümünə, 56 nəfərin xəsarət almasına gətirib çıxaran yanğın baş verdi. Yanğından dərhal sonra prezident yanında Dövlət Komissiyasının ilk iclasında baş prokuror Zakir Qaralov binanın qəsdən yandırılması fərziyyəsinin istisna olunmadığını açıqladı.
Qısa bir vaxtda məlum oldu ki, bina poliuretan adlı materialla üzlənib və həmin material tezalışandır. Belə bir vəziyyətdə binanın kibrit kimi yanan materialla kimin və hansı hesabdan üzlətdirməsi sualı ortaya çıxdı. Qəsdən yandırma versiyasının istintaqda araşdırılan versiyalardan biri olduğunu Baş Prokurorluq olayla bağlı sonradan verilən açıqlamalarda da vurğulanıb. Azadlıq.info yazıb ki, bu ilin mayında Azadlıq prospektində 15 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı istintaq yekunlaşıb məhkəməyə göndərilməli olsa da, “MTN işi”nə görə bu məsələ saxlanılıb. Qəzet xatırladır ki, prezident İlham Əliyevin yanğınla bağlı yaratdığı Dövlət Komissiyasının sədri olan Abid Şərifov hələ iyul ayında bildirib ki, istintaq 10 günə yekunlaşacaq. Qəzetin yazdığından belə anlaşılır ki, binadakı “yanğın işi” ilə “MTN işi” eyni icraatda araşdırılacaq.
“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinə sorğu ilə müracət edib. Xidmət rəhbəri Eldar Sultanovun sorğumuza verdiyi cavab belə olub: “Binəqədi rayonunda çoxmərtəbəli binada ölümlə nəticələnən yanğın hadisəsi üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirlir. Həmin cinayət işinin Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda istintaq edilən cinayət işinə birləşdirilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır”.
Yada salaq ki, bu günə qədər ictimaiyyətə yanan binaya “ölüm paltarı”nın hansı hesabdan alındığı haqda məlumat verilmir. “Yeni Müsavat” əməkdaşı olaydan bir neçə gün sonra, daha dəqiq - mayın 23-də Maliyyə Nazirliyinə informasiya sorğusu yollayıb. Həmin sorğuda aşağıdakı suallara aydınlıq gətirilməsi istənilib:
1. Binəqədi rayonunda binaların üzlənməsinə dövlət büdcəsindən hər il nə qədər vəsait ayrılıb?
2. Vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsinin auditi hansı nəticələr verib?
3. Ayrılmış vəsaitdən bilavasitə yanmış binanın üzlənməsinə nə qədər vəsait xərclənib?
4. Həmin binaya ayrılan vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsinin auditi həyata keçirilibmi?
5. Keçirilibsə, nəticəsi necə olub?
Maliyyə Nazirliyinin mətbuat katibi, informasiya azadlığı üzrə məsul şəxs Mais Piriyev müvafiq araşdırmalardan sonra sorğumuza mayın 29-da cavab verəcəklərini bildirmişdi. Aylar ötüb, bina yenidən təmir olunub, sakinlər yanan binadakı mənzillərinə köçüblər, lakin hələ də sorğumuz cavabsızdır...
Qeyd edək ki, yanğından sonra həyata keçirilən istintaq tədbirləri çərçivəsində 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov tutulub. Onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun həbsi ilə bağlı yayılan ilkin rəsmi məlumatda deyilir ki, Q.Novruzov binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olub, lakin nəzarət etməyib və bu gün də səhlənkarlığının cəzasını çəkir. Bəs həmin o poliuretan üzlüyün binaya vurulmasına kim göstəriş verib? Həmin poliuretan üzlüyün binaya vurulması üçün pulu kim verib?
Hazırda istintaqçılar yanğınla bağlı araşdırmalarını davam etdirirlər. Artıq yanğının hansı səbəbdən baş verməsi haqda rəy də istintaq orqanına təhvil verilib. Binanın təsadüfi qığılcımdan və ya bilərəkdən yandırılması haqda suallara istintaq cavab verməlidir.