Lənkəranın yollarına ayrılan pullar necə "yolunu azıb", ciblərə gedir? - FOTOLAR

15-11-2015, 21:09           
Lənkəranın yollarına ayrılan pullar necə "yolunu azıb", ciblərə gedir? - FOTOLAR
Hər il büdcədən ən çox yollara maliyyə ayrılır. Amma hər il də ən böyük problem yollarda olur. İstər paytaxt Bakıda, istərsə də bölgələrdə yol əziyyəti bitmək bilmir.

Bəzi küçələrə illərdir asfalt çəkilmir, bəzilərinə isə ildə 3 dəfə asfalt döşənir. Məsələ illərdir belə davam etdiyi üçün artıq hansısa küçəyə asfalt çəkildiyini görən insanların ağlına "Yenə pul "yemək" üçün çalışırlar" sözləri gəlir.

Bakıda küçələrinə, daha dəqiq desək göz önündə olan küçələrə 3-4 dəfə asfalt çəkilməsinə baxmayaraq, bölgələrdə palçıq içində "üzən" insanlar var. Belə yerlərdən biri Lənkəran şəhəridir.

Azərbaycanın ən böyük şəhərlərindən biri olan Lənkəranın bu durumda olması heç də ürəkaçan bir vəziyyət deyil. Musavat.com-a şikayət məktubu ünvanlayan sakinlər deyirlər ki, şəhərin bir neçə əsas küçəsindən başqa heç bir küçəsi təmir edilməyib.

Bu da diqqət çəkən bir məsələdir. Çünki Lənkəran şəhəri bölgələr arasında ən çox pul ayrılan yerdir. Məsələn, Astara rayonuna 2013-cü ildə 3 milyon, 2014-cü ildə 4,7 milyon, 2015-ci ildə isə 5,5 milyon (3 milyonu yolların salınması üçün) pul ayrılıb.

Lerik rayonunda isə uyğun göstərici belədir; 2014-cü ildə 2 milyon, 2015-ci ildə isə 7 milyon (hər iki vəsait yollar üçün nəzərdə tutulub).

Masallı rayonuna isə prezidentin ehtiyat fondundan 2013-cü ildə 6 milyon, 2015-ci ildə isə 7 milyon manat (ASAN xidmət mərkəzi üçün) vəsait ayrılıb.

Bundan başqa Yardımlı rayonuna son illər eyni fonddan yol tikintisi üçün üst-üstə 6 milyon 300 min manat vəsait verilib. 2015-ci ilin avqust ayında da Cəlilabad-Astara-Cənqan-Soltankənd kənd yolunun salınması üçün 3 milyon manat pul ayrılıb.

Lənkəran bunlar arasında ən diqqət çəkənidir. Yolların tikintisi və təmiri ilə bağlı son üç ildə Lənkəran rayonuna prezidentin sərəncamı ilə 12 milyon 800 min manat vəsait verilib. Misal üçün bu ilin aprel ayında ölkə başçısı belə bir sərəncam imzalayıb: " Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,0 (dörd) milyon manat ayrılsın". Əgər hələ də daxili küçələr bərbad durumdadırsa, bu pullar haraya xərclənib?

Lənkəran sakinlərinin şikayət etmələrinə səbəb, ayrılan pulların düzgün xərclənməməsidir: "Şəhərin ən böyük bazarının yolu bərbad gündədir. Uzun zamandır ki, Lənkərana ayrılan pullarla ancaq gözlə görünən əsas küçələrə yol çəkilir. Camaatın ən çox istifadə etdiyi yollar isə palçıq əlindən keçilməz haldadır. Hər dəfə yağış yağandan sonra əziyyət çəkirik. 21-ci əsirdə, Azərbaycanın ən böyük şəhərlərindən biri hesab edilən Lənkəranın bu durumuna hamı göz yumur. Bu zamana kimi heç bir tədbir görülməyib".

Şikayətçilər bildirib ki, Lənkəranda mərkəzi bazar sayılan ərazini palçıq küçəsi adlandırmaq olar. Çünki bu küçəyə təmiz geyimdə girib, palçığa batmadan çıxmaq mümkün deyil: "Bazar tamamiylə bərbad durumdadır. Şəhərin yolları üçün 7 milyon manat pul ayrılıb. Amma sadəcə Heydər Əliyev prospekti, Zərifə Əliyeva küçəsi, bir də İcra Hakimiyyətinin qarşısı yüksək səviyyədə təmir edilib. Bu küçələrin ümumi məsafəsi təqribən 15 kilometrdir. Bu qədər yola 7 milyon manatı nə etsən xərcləmək olmaz.

Dediyimiz küçələrdən başqa hamısı bərbad durumda qalıb. Kanalizasiya xətlərinin üstünü betonlayıb, obyekt tikirlər. Tamamən sahibsizlikdir. Baxan yox, diqqət edən yox.."

Sakinlərin dediklərindən belə məlum olur ki, Lənkərana ayrılan pulların böyük hissəsi mənimsənilir. Olmasa, vəziyyət bu halda olmazdı. Belə çıxır ki, şəhərə ayrılan pullarla sadəcə prezidentin şəhərə gələrkən istifadə edəcəyi yollar təmir edilib. Digər yerlər isə bərbad vəziyyətdə qalmaqda davam edir. Yəni, bu yolla pullar mənimsənilir.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.