Kərəm Həsənovun qardaşı MTN işində: - Şahin Həsənov da dindiriləcək?
16-11-2015, 12:37
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun MTN işində adının hallandırılması haqda yazmışdıq
“Kərəm Həsənov-Eldar Mahmudov ikiliyi “ümumi katyol”a necə “atıb”?” başlıqlı yazımızdan sonra redaksiyamıza yeni məlumatlar4 daxil olub.
Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, sabiq MTN naziri Eldar Mahmudov və komandası ilə bağlı istintaq qrupunun apardığı “MTN işi”nin “yanğını” Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Şahin Həsənova da çatıb. Bu barədə bizi məlumatlandıran özəl mənbənin sözlərinə görə, Eldar Mahmudov və Kərəm Həsənov arasındakı isti münasibətlər sonucunda MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyinə gətirilən Şahin Həsənovla bağlı bir sıra qaranlıq məqam var ki, bunlardan biri adıçəkilən şəxsin təyinatı ilə bağlıdır.
Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, E.Mahmudov Şahin Həsənovun beynəlxalq əlaqələr şöbəsinə təyinatı məsələsində nəzərə alınması gərəkən başlıca prinsiplərin heç birinə əhəmiyyət verməyib və nəticədə beynəlxalq əlaqələr şöbəsi üçün tamamilə yararsız bir şəxs bu şöbənin rəhbərliyi postuna gətirilib.
MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyində təmsil olunan şəxsin ən azı iki xarici dil bilməsinin şərt olduğunu bildirən mənbə, Ş.Həsənovun heç bir əcnəbi dil bilmədiyinə diqqət çəkib. Mənbənin bildirdiyinə görə, Ş.Həsənov beynəlxalq münasibətər sistemində baş verən proseslər, beynəlxalq hüquq və əməkdaşlıq kimi məsələlərlə bağlı da minimal bilgi, analiz və manevr səriştəsinə malik deyil.
Bütün bunlar azmış kimi Ş.Həsənovun sabiq nazirin yol verdiyi bəzi qanunsuzluqlarda “pay sahibi” olduğu ilə bağlı ciddi şübhələr var ki, bu da onun sadəcə işdən azad edilməsi ilə deyil, həm də istintaqa cəlb edilməsi ilə nəticələnə bilər. Mənbənin verdiyi məlumatdan və MTN-lə bağlı baş verən olayların ümumi mənzərəsindən belə qənaətə gəlmək olar ki, Ş.Həsənov bəzi həmkarları kimi istintaqa gedən yolun astanasındadır. Bu yolun Ş.Həsənovu hansı sonluğa aparıb çıxaracağını isə zaman göstərəcək.