Müddətli müqavilə fırıldağı və ya "Lenkoran Hotel and Resort Company" MMC-nin rəhbərləri kimə arxayındır FOTOFAKT

5-11-2020, 06:33           
Müddətli müqavilə fırıldağı və ya
Müharibədə qələbənin həlledici şərtlərindən biri ön cəbhə ilə arxa cəbhənin vəhdətidir. Bu vəhdət təkcə dövlət-xalq, müxalifət-iqtidar birliyində deyil, həm də ailə münasibətlərində özünü göstərir. Adətən cəbhəyə yola saldığı oğlu üçün anası, qardaşı üçün bacısı, əri üçün həyat yoldaşı sonsuz narahatlıq hissi keçirir, sağ-salamat qayıdıb gəlməsi üçün dönə-dönə dualar edir, qurbanlar boyun olur. Hələ Böyük Vətən Müharibəsi illərində bir üzü qız, bir üzü gəlin nənələrimizin bu yolda necə böyük məhrumiyyətlərdən, fədakarlıqlardan keçdiyi çoxlarımıza bəllidir. Biz bunu nəinki kitablardan, tarixi salnamələrdən oxuyuruq, indinin özündə belə canlı şahidlərdən eşidə bilirik. Ön xətdə olan əsgər evini, ailəsini düşünməməli, onların həyatı, güzəranı üçün narahat olmamalıdır. Əks halda onun döyüş əzmi sarsıla bilər.
Ancaq bəzən cəbhədəkilərin başı düşmənlə ölüm-dirim savaşına qarışdığı vaxt, arxada qoyub gəldikləri ana-bacıları kiminsə haqsızlığına tuş gəlir, məsələn, işdən çıxarılır, məvacibi kəsilir, məcburi məzuniyyətə göndərilir, şikayətinə baxılmır və s. İnanmıram ki, 1941-1945-ci illərdə hansısa əzazil kolxoz sədri, yaxud zavod müdiri buna cəsarət etsin. Amma müasir bazar iqtisadiyyatı dövründə təəssüf ki, bu mümkündür.
Belə işəgötürən firmalardan biri də "Lenkeran Hotel and Resort Company" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu MMC Paşa Holdinq şirkətlər qrupu ilə eyni ünvanda yerləşdiyi üçün onun kölgəsində gizlənir, adından istifadə edir və regional maraqlara zidd hərəkətlərini onun adı ilə bağlayır. MMC rəhbərlərinin biznes maraqlarından irəli gələn məsuliyyətsiz qərarları indiki çətin məqamda sadə insanlara, dövlətin məşğulluq siyasətinə xəyanətdən başqa bir şey deyildir.
Qeyd edək ki, bu MMC-nin saxta sənədlər əsasında 2017-ci ildə Lənkəran rayonunun Haftoni qəsəbəsindəki 150 nəfərlik "Lənkəran" (İstisu) sanatoriyasına sahib çıxmasına dair əlimizdə təkzibolunmaz sübutlar var. Belə ki, hələ "2004-2008-ci illər regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı"nın Tədbirlər planında "İstisu" sanatoriyasının əsaslı təmiri nəzərdə tutulmuş və tədbirin icrası 2005-ci ildə Lənkəran şəhər icra hakimiyyətinə tapşırılmış, lakin sonradan sanatoriyanın əsaslı təmiri layihəsinə cəlb edilmiş podratçı firmalarla bağlanmış müqavilələrdə sifarişçi tərəf kimi "Lenkeran Hotel & Resort Company" MMC göstərilmiş və həmin müqavilələrdə ərazinin bu şirkətə məxsus olması ayrıca qeyd edilmişdir.
Tədbirin icrasının şəhər İcra hakimiyyətindən özəl şirkətə keçməsinin səbəbləri barədə çoxsaylı sorğularımıza İcra hakimiyyətindən verilən cavablarda birmənalı olaraq iki fikir səslənir: 1) "Lənkəran" (İstisu) sanatoriyası Lənkəran şəhər İcra hakimiyyətinin balansında deyil; 2) ona görə də İcra hakimiyyəti bu məsələdə informasiya sahibi deyildir. Göründüyü kimi, icra hakimiyyəti ağrımayan başına dəsmal bağlamır və uşaq başı aldadırmış kimi özündən cavab uydurur.
Digər müvafiq dövlət qurumlarına göndərdiyimiz sorğulardan isə məlum olmuşdur ki, sözügedən obyektin satılması, hərraca çıxarılması, yaxud mülkiyyətə, icarəyə və ya müvəqqəti istifadəyə verilməsinə dair kommersiya sirri təşkil etməyən heç bir rəsmi məlumat mənbəyi mövcud deyil. Bu səbəbdən adıçəkilən obyektin "Lenkeran Hotel and Resort Company" MMC tərəfindən qeyri-qanuni zəbt olunmasına dair əsaslı şübhələr vardır.
2015-ci ildə təsis edilmiş "Lenkaran Hotel and Resort Company" MMC-nin cəmi iki il sonra sifarişçi qismində müxtəlif tikinti firmaları ilə milyonluq müqavilələr bağlaması da belə bir əsaslı şübhə doğurur ki, Dövlət Proqramı çərçivəsində tədbirin icrasına ayrılan vəsaitlər dolayı yollarla bu MMC-nin hesabına köçürülmüşdür.
"2004-2008-ci illər regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində Lənkəran "İstisu" sanatoriyasının əsaslı təmirinin məqsədlərindən biri də yerli sakinlərin məşğulluq imkanlarının artırılmasıdır. Lakin hazırda bu MMC-nin apardığı məşğulluq siyasəti əmək qanunvericiliyinin ziddinə olaraq işçilərlə qısamüddətli müqavilələrin bağlanmasına əsaslanır. Burada məqsəd işçini daim təzyiq altında saxlamaqdır. Belə ki, qısamüddətli müqavilə Domokl qılıncı kimi daim işçinin başı üzərində asılıb. Hətta bir neçə il qüsursuz işləyən, çalışdığı müddətdə heç bir intizam tənbehi almayan işçi belə hər belə qısamüddətli müqavilə bitdikdən sonra ən adi səbəblərdən, məsələn, onun hansısa sözü rəisin xoşuna gəlmədiyi üçün işdən qovulmaqdan sığortalanmayıb. Bir sıra hallarda belə asılılıq işçini işəgötürənin quluna çevirir, onda yaltaqlıq və qorxaqlıq kimi keyfiyyətlər formalaşdırır ki, bu da cəmiyyətin mənəvi-əxlaqi tərbiyəsi yolunda təhlükəli tendensiyadır. Xüsusilə, tək qadınlara münasibətdə cinsi ayrı-seçkilik və seksual qısnama motivi ilə işdən kənarlaşdırma hallarına dair artıq əlimizdə faktlar vardır. Mövcud əmək qanunvericiliyinə görə isə işçilərlə müddətli əmək müqavilələri yalnız o halda bağlanılır ki, orada görülən iş və ya göstərilən xidmət müvəqqəti, mövsümi xarakter daşısın. Buna görə də müqavilələr bağlanarkən, bir qayda olaraq, 47-ci maddənin "f" bəndi tətbiq olunur ki, bu da işçinin qısamüddətli müqaviləyə razılıq verməsini nəzərdə tutur.
Belə hiyləgər üsullarla işçilərin əmək hüquqlarının pozulmasına görə MMC-dən müvafiq icra hakimiyyəti orqanlarına edilən şikayətlər bir qayda olaraq heç bir nəticə vermir. Görünən odur ki, "Sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması haqqında" mövcud qanunu əsas gətirərək, əslində isə "Paşa Holdinq"-in adından qorxaraq Dövlət Əmək Müfəttişliyi, Lənkəran ŞRPŞ, yaxud məhkəmə və ya prokurorluq orqanları bu saxta MMC-yə diş batıra bilmir.
MMC-də çalışan işçilərin əmək hüquqlarının pozulması həm də bununla izah olunur ki, burada işçilərlə işəgötürən arasında əmək münasibətlərini tənzimləyən, müddətli müqavilə fırıldağının qarşısını ala biləcək hər hansı ictimai nəzarət orqanı və ya həmkarlar ittifaqı yoxdur. Bu səbəbdən işəgötürənlə işçilər arasında kollektiv müqavilələrin bağlanması praktikası tətbiq olunmur. Bundan əlavə, Lənkəran "İstisu" sanatoriyasının keçmiş işçilərindən və ya onların hüquqi varislərindən heç kim MMC-də hər hansı formada təmsil olunmayıb ki, bu da mövcud qanunvericiliyə ziddir.
MMC-nin rəhbər vəzifəli şəxsləri haqsız yerə işdən çıxarılan işçilərə "gedin kimə istəyirsiz şikayət edin" deməklə arxalı olduqlarına və buna görə heç kimdən qorxmadıqlarına işarə edirlər. Amma onlar iki şeyi unudurlar: əvvəla, arxalı köpəyi qurd basar. İkincisi, onlar öz çirkin əməllərini hakim ailəyə yaxın insanların təmsil olunduğu nüfuzlu bir şirkətin kölgəsində nə qədər gizlətsələr də, quyruqlarının çöldə qalmasından xəbərləri yoxdur. Bu dar təfəkkürlü insanlar dərk eləmirlər ki, əslində ölkə prezidentinin də, birinci xanımın da ali məqsəd və məramı insanları mümkün dərəcədə sosial qayğılardan azad etməkdir. Cənab prezident özü də bu yaxınlarda deyib ki, pandemiya dövründə tutarlı səbəb olmadan işçini işdən azad etmək olmaz. Amma sanki bu xəbərdarlıq "Lenkoran Hotel and Resort Company" MMC-nin rəhbər vəzifəli şəxslərinə aid deyil. Yerli sakinləri işə götürüb, qısa müddət sonra bayıra atmaq sanki onlar üçün adi haldır. Çətinliklə özünə iş yeri tapmış kasıb insana qarşı belə münasibətin ancaq bir adı var: namərdlik! Təməli haramla başlayan təşkilatdan bundan artıq nə gözləyəsən.

Alim HÜSEYNOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Lənkəran
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.