Ağsunun Bico kəndində bələdiyyə sədri ilə icra nümayəndəsinin şıdırğa "al veri"- Bir qoyun 50 qəpik, bir inək 1 manat…

3-03-2021, 17:46           
Ağsunun Bico kəndində bələdiyyə sədri ilə icra nümayəndəsinin şıdırğa "al veri"-
Ağsunun Bico kəndinin torpaqlarını rəsmilər bu hesabla qonşu kəndə örüş yeri kimi satır
“Ağsu rayonunun Bico kəndində 1000 hektaradək örüş sahəsini kənd icra nümayəndəsi Bəhlul Mahmudov və bələdiyyə sədri Mirağa Dadaşovun birgə əməyi nəticəsində yerli və kənar şəxslər işğal edib. Bu proses 2004-cü ildən başlayıb və hazırda kuliminasiya nöqtəsinə yetişib”. Bu məlumat kənd sakinlərinin redaksiyamıza göndərdikləri məktubda (40 imza) öz əksini tapıb.
Kənd sakinləri sonra bildirir:” Bu barədə RİH-nin əvvəlki başçıları Ənvər Seyidəliyevə və mərhum Vahid Tağıyevə dəfələrlə şikayət etmişik, lakin heç bir nəticəsi olmayıb. Dövlət rəhbəri, prezident İlham Əliyevə də bu haqda 2019-cu ildə kənd sakinləri müraciət ünvanlayıb, amma rayon rəhbərliyinin həqiqəti gizlətməklə ölkə rəhbərinə göndərdiyi cavab məktubu sözügedən problemin həll olunmasını əngəlləyib.
Hazırda Bico camaatı olaraq, mal-qaramızı otarmağa örüş sahəsi, heyvanlarımız üçün qış azuqəsi yığmağa biçənək sahəsi, demək olar, tapmırıq. Vəzifəyə gəlişi də qaranlıq olan bələdiyyə sədri, 71 yaşlı Mirağa Dadaşov kəndin şimal-qərbindəki örüş və biçənək sahələrini qonşu kənd olan Gəgəli kəndinin naxır sürülərinin istifadəsinə verib. Təbii ki, rüşvətlə – bir qoyun 50 qəpik, bir inək 1 manat olmaqla. Kəndlə həmin örüş sahələri arasındakı 200 hektaradək torpaq sahəsini isə M.Dadaşovun və B.Mahmudovun birgə səyi nəticəsində kənar şəxslər şumlayaraq əkilib. Üstəlik, böyük bir Sumax meşəsi də məhv edilərək, şumlanıb ki, kəndin sözügedən örüş sahələri ilə əlaqəsi tamamilə kəsilsin və onlar da qonşu kəndlə alverlərini rahatlıqla aparsınlar. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsul nümayəndələrini məhv olunmuş sumağlıq əraziyə dəvət etmişdik. Lakin bələdiyyə sədri ilə olay yerində görüşən ekoloji nümayəndələrdən hələ də bir müsbət xəbər yoxdur. Əvəzində, bələdiyyə sədri sakinlərin pay torpaqlarının arasında istifadəsiz daşlı, şoranlı 1-2 hektar ərazini təmizləyib əkdiklərinə görə 10-a qədər sakindən polisə şikayət edib. Pay torpağından əlavə olduğuna görə həmin xırda sahələr üçün bələdiyyə sədri sakinlərlə müqavilə bağlamaq əvəzinə, onları polisə şikayət edir, amma 100 hektarlarla örüş sahəsini, qanunsuz olsa da, kənar şəxslərə rahatlıqla sata bilir. Səbəbini kənd rəhbərləri bir neçə yerdə belə səsləndiriblər: Füzuli müəllim nə qədər ki, icra hakimiyyətindədi, qorxumuz yoxdu! (Füzuli Kərimov əvəllər Ağsu RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri idi, bir il olar İH-də birinci müavin və bir neçə aydır ki, dünyasını dəyişmiş Başçını əvəz edir.)
Kəndin şimalındakı örüş sahələri və biçənəklər də zəbt altındadır. Bir hissəsinə heyvan binələri yerləşdirilib, bir hissəsi isə Şamaxı rayonunun sərhəd kəndlərinin örüş istifadəsinə çevrilib.
Bələdiyyənin öz balansında olan 80 hektar əkin sahəsi də bir kənd sakininin adına kənar şəxsə icarəyə verilib. Halbuki o ərazi də əvvəlcə kənd sakinlərinə təklif olunmalı idi. 1996-cı ildən sonra kənddə doğulub-böyümüş gənclərin əkməyə bir qarış da torpaqları yoxdur, bu üzdən kənddən qaçaq düşürlər.
Qeyd edək ki, hər il yığılan icarə vergilərinin, dövlətin hər il ayırdığı dotasiyanın hansı məqsədlər üçün xərcləndiyi də məlum deyil. Çünki indiyədək heç bir hesabat yığıncağı keçirməyən bələdiyyə, bu vaxtadək kənd üçün heç bir müsbət iş görməyib, bir-iki su saxlamayan nohur vurublar ki, onlar da təyinatsız və pul silmək üçündür. Ötən il bələdiyyə sədri və icra nümayəndəsi Prezidentin hələ ki, kəndlilərə bağışladığı pay torpaqları üçün nəzərdə tutulan torpaq vergisini məcburən camaatdan yığdılar. Amma həmin böyük məbləğin aqibəti də qaranlıq quyudadır.
Bir sözlə, kəndimizin örüş və biçənək sahələri kənd sakinləri və heyvanları üçün əlçatmaz olub. Ümidimiz Prezidentimizə, aidiyyatı qurumlara və mətbuatadır. Odur ki, Prezidentə, Baş Prokurorluğa, İqtisadi İnkişaf Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət xidmətinə və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinə müraciət ünvanlamışıq. Xahişimiz budur ki, övladlarını ölkəmizin bütövlüyü uğrunda qurban vermiş və buna həmişə hazır olan bir kəndin bürokrat, rüşvətxor məmurların caynağından qoparılmasında və torpaqlarımızın işğaldan azad olunmasında bizə köməklik göstərsinlər, kəndin torpaqlarını kənddə yaşayan kənd sakinlərinin istifadəsinə versinlər.
Xahiş edirik, mətbuat orqanı olaraq, səsimizin aidiyyatı qurumlara çatdırılmasında köməyinizi əsirgəməyəsiniz”./neqativ.com/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.