Şirvanda iki bacanaq "islahat"a qarşı - İlqar Abbasovla müavini Suraxanı "uğurlarını" davam etdirir

15-06-2021, 00:07           
Şirvanda iki bacanaq "islahat"a qarşı -
Paytaxtın Suraxanı rayonuna rəhbərlik etdiyi dövrdə satmadığı torpaq sahəsi, talamadığı büdcə pulları qoymayan İlqar Abbasov - Etibar Yolçuyev tandemi analoji fəaliyyəti Şirvan şəhərində davam etdirirlər.

İ.Abbasov Şirvana təyinat alandan sonra E.Yolçuyevi Suraxanıda tək qoymadı, dərhal yanına gətirdi, onu müavini təyin etdi ki, qeyri-rəsmi işlərini asanlıqla görə bilsin. Çünki Abbasovla Yolçuev ayrılmaz məmr cütlüyüdürlər.

Teref.az bildirir ki, icra başçısı İ.Abbasovla müavini E.Yolçuyev Suraxanıdan qalan adətləri indi də Şirvanda reallaşdırırlar. Bu da təsadüfi deyil. Yolçuyev Abbasovun bacanağı olduğu üçün can deyib, can eşidir, birgə addımlayırlar.

Suraxanını viran qoyan, abadlıq işləri görməyən icra başçısı ilə müavini Şirvana gəldiyi gündən də əlini ağdan qaraya vurmayıblar. Şəhərdə nə abadlıq-quruculuq işlərində, nə Mərdan Camalovdan qalan problemlərin həllində hansısa dəyişiklik olunub. Görəsən, o boyda Şirvanda bir müavin tapmaq olmurdu? - məqsəd bəllidir.

Bütün maxinasiyaları gizlətmək üçün komandaya “yad adam” buraxmaq olmaz. Bəli, İlqar Abbasov Nərimanovda, Suraxanıda qazandığı təcrübəni indi də Şirvanda tətbiq edir.
İ.Abbasovun kadr təyinatlarının qəribəliyi təkcə bacanağını yanına gətirməsi ilə məhdudlaşmır. Məsələn, Sabirabad rayon sakini Şirvan şəhər icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub.

Belə ki, Orxan Əhmədağa oğlu İbrahimovun Şirvan şəhər icra hakimiyyətinin başçısına şəhər təsərrüfatı üzrə müavin təyin etməklə ciddi və kobud qanun pozuntusuna yol verilib. Çünki icra başçısının müavini həmin şəhər və rayondan olmalıdır.
Şirvan İH başçısına yeni müavin təyin olunub

Orxan İbrahimov Sabirabad rayonundan olan Baş Şirvan kollektor idarəsinin rəisi Əhmədağa İbrahimovun oğludur. Əhmədağa İbrahimovun Şirvanın icra başçısı İlqar Abbasovla yaxın dostdurlar. Orxan İbrahimov Şirvanda fəaliyyət göstərən “Aqrolizinq”in müdüri vəzifəsində çalışırdı.

Atasının maşın dolusu payları və yenidən tikilən Fizuli parkında 80 min manatlıq iş görməsi, texnikalarını tikintiyə cəlb etməsi Orxanın icra başçısına müavin təyin edilməsinə şərait yaratdı. İddialara görə, Orxan İbrahimov bu vəzifəyə gəlməsinə görə çox peşman olduğunu açıq etiraf edir. Hətta acığını xidməti avtomobilini özü avtoxuliqan kimi sürüb idarə etməsiylə çıxıb.

“Bizim Şirvan” səhifəsi yazıb ki, mərhum müavin Şəfahət Əsgərovun vəzifəsini Orxan İbrahimov kimi şəhərdən bixəbər, naşı və savadsız gəncə həvalə etmək yalnız İlqar Abbasovun idarəçilik məharətinin məhsulu ola bilərdi. Şirvanda kadr qıtlığı olduğundan Bakıdan, Sabirabadan adamlar gətirilir vəzifələrə təyin edilir. Bu böyük bir şəhər üçün təhqirdən savayı bir iş deyil.

O da deyilir ki, İ.Abbasov təmir-tikinti, abadlıq işlərinə zərurət olan ərazilərdə işlərin xərcini yerli məmurların boynuna biçir. İcra başçısı bununla həm özünü şirvanlılara iş görən göstərir, həm də maxinasiya imkanları yaranır. Bütün bunlar isə Şirvan İH rəhbərliyinin yeganə əməlləri deyil. Şirvanın bərbad küçələri, baxımsız və təmirsiz binaları, İ.Abbasovun qəbuluna gələn şikayətçilərin qapıdan qovulması və s. reallıqlar yerli camaatı icra başçısından narazı salmaqdadır.

Baxmayaraq ki, Prezident dəfələrlə icra hakimlərinə xalqla işləməyi tapşırıb. Ancaq İ.Abbasov həmin məmurdur ki, hələ Suraxanıda İH başçısı olarkən iştirak etdiyi qeyri-rəsmi məclislərin birində “Guya Prezident bilmir ki, biz dağıdırıq, alırıq, talayırıq” deməklə özünü ifşa etmişdi. O baxımdan onun Şirvanda da oxşar fəaliyyəti İ.Abbasovun əməllərini təftiş etmək zərurəti yaradır. Şirvandakı özbaşınalıqlar, narazılıqlarla bağlı növbəti araşdırma yazımızda yeni nüansları açıqlayacağıq. /Tia.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.