Kimlərəsə yaşıllığı məhv etmək OLARMIŞ... - FAKT BUDUR!

14-01-2022, 10:10           
Kimlərəsə yaşıllığı məhv etmək OLARMIŞ... - FAKT BUDUR!
Xatırlayırsınızsa bir müddət öncə Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 134 ünvanında, Sosial Tibbi Ekspertiza və Reabilitasiya mərkəzinin ərazisində bir neçə çoxillik şam ağaclarının kəsilməsi barəsində məlumat dərc etmişdik.

Həmçinin eyni məlumatı rəsmi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Binəqədi rayon İcra Hakimiyyətinə və Şəhərsalma və Arxitektura Komitəsinə də göndərmişdik.

Müraciətimizə cavab olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən bizə bildirildi ki, sözügedən ünvanda ağacların kəsilməsi faktı araşdırılıb və təsdiqini tapıb. Tikinti aparılan zaman 5 ağacın kəsildiyi və təbiətə 3480 (üç min dörd yüz səksən) AZN ziyan dəydiyi müəyyən edilmiş, məsələ cinayət tərkibi yaratdığından, toplanmış sənədlər Baş Prokurorluğa göndərilmişdir.

Məsələdən artıq 1 aydan çox müddət keçməsinə baxmayaraq, hələ də Şəhərsalma və Arxitektura Komitəsi sorğumuzu cavablandırmayıb. Binəqədi rayon İcra Hakimyəti də sorğumuzu cavablandırmadığı təqdirdə isə İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva ilə telefon əlaqəsi saxladıq. Leyla xanım bildirdi ki, "İcra Hakimiyyəti iaşə obyektlərinə baxmır".

Bu gün 7-ci polis bölməsinin tədqiqatçı əməkdaşı redaksiyamız ilə əlaqə saxlayıb, məsələ ilə bağlı dəqiqləşdirilməsi üçün bəzi suallar verdi.

Biz məsələnin Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Baş Prokurorluğa yönləndirildiyini bildirdik. Tədqiqatçı cavab verdi ki, cinayət tərkibi olduğundan baxılması üçün bir nüsxəsi Baş Prokurorluğa, bir nüsxəsi isə 7-ci polis bölməsinə yönləndirilib.

Qeyd edək ki, araşdırmalar zamanı məlum olub ki, sözügedən obyekt tikinti üçün müvafiq olmayan ərazidə inşa edilib.

Təbiətə qənim kəsilən "SAĞLAMLIQ OCAĞI"
Qeyd: Qarşıdakı günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron ünvanına, Daşkəsən rayon, "Çanaqçı" kəndində, çayın məcrasında tikilmiş dəbdəbəli yaşayış villası ilə bağlı göndərdiyimiz sorğunun nəticələri və həmin tikinti üçün nazirliyin atdığı son addımlar barəsində ətraflı məlumat dərc edəcəyik.

Mövzu diqqətimizdədir.

DogruXeber.az




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.