Qızını rektor, qardaşını prorektor edən vəzifəlilər (SİYAHI)

15-02-2023, 00:09           
Qızını rektor, qardaşını prorektor edən vəzifəlilər (SİYAHI)
Xəbər verdiyimiz kimi, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun adı Naxçıvan Dövlət Universitetinin prorektorlar siyahısından çıxarılıb.

Qaynarinfo mövzunun aktuallığını nəzərə alaraq, Azərbaycanda vəzifəli şəxslərin prorektor qohumlarının siyahısını araşdırıb.

Məlum olub ki, əksər universitetlərdə vəzifəli şəxslərin qohumları prorektor (direktor müavini) vəzifəsində çalışır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin qardaşı Fəhrad Möhbalıyev Əmək və Sosial Münasibətlər Akademiyasının Tədris və elmi işlər üzrə prorektorudur. İddiaya görə, akademiyanın rektoru Hüseyn Qaraşov olsa da, sözügedən təhsil mərkəzini qeyri-rəsmi olaraq Fəhrad Möhbalıyev idarə edir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun qardaşı Şahin Pənahov Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorudur.

Yeri gəlmişkən, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru Səhər Hidayət qızı Orucova Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli sabiq səfiri, Əməkdar incəsənət xadimi Hidayət Orucovun qızıdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini Məhbubə Məmmədova sabiq nəqliyyat naziri Ziya Məmmədovun bacısıdır.

Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova sabiq Baş Prokuror Zakir Qaralovun qohumudur.

Həm deputat, həm rektor və prorektor

Deputat Pərvin Kərimzadə 2013-cü ildən Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektorudur.

Deputat Tamam Cəfərova Azərbaycan Dillər Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektordur.

Deputat Eldar Quliyev Azərbaycan Kooperasiya Universitetinin rektorudur. Eldar Quliyevin qızı Aygün Quliyeva sözügedən təhsil müəissəsinin Beynəlxalq Əlaqələr və Təlim-Tərbiyə işləri üzrə prorektorudur.

Sabiq deputat Əhməd Vəliyev Odlar Yurdu Universitetinin rektorudur. Onun oğlu professor Samir Vəliyev Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədridir.

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlinin qızı Nigar Hüseynova universitetin tədris işləri üzrə prorektorudur.

Ağarəhim Rəhimov Bakı Qızlar Universitetinin rektoru vəzifəsindən istefa verdikdən sonra yerinə qızı Sevinc Rəhimova təyin olunub.

Universitet rektorlarının əksəriyyəti öz qohum-əqrabalarını, dostlarını rəhbərlik etdikləri təhsil müəssisələrində vəzifələrə təyin ediblər. Hətta universitetlərin əksəriyyətinin yeməkxanaları belə onların yaxınları tərəfindən idarə edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.