Bakıda iş adamlarının `QAYDASIZ DÖYÜŞÜ`... - TƏFƏRRÜAT

16-02-2023, 11:08           
Bakıda iş adamlarının `QAYDASIZ DÖYÜŞÜ`... - TƏFƏRRÜAT
Bu ilin mart və aprel aylarında araz.az-ın dərc etdiyi iki araşdırma yazısında, adları günahkar kimi hallandırılan və “Eldar” Kiçik Müəssisəsində bütün səlahiyyətləri öz əllərində cəmləyən iki qardaş — Zahid və Surac Əkbərovlar tərəfindən, xanım iş adamı Tahirə Mirzəyevanın və oğlu Namiq Mirzəyevin başlarına gətirdikləri oyunlardan yazılıb. Elə, bu yazımız da, həmin yazıların davamıdır. Hədsiz ictimai qınaq yaradan epizodlarının çoxluğu səbəbindən, ötən yazılar sosial şəbəkələrdə, ayrı-ayrı saytlarda və mətbu vasitələrdə də geniş tirajlanıb. Əkbərov qardaşları, bundan sonra, amansız düşmən kimi, sanki xanım iş adamının və onun köməkçisi, oğlu Namiq Mirzəyevin üstlərinə “səlib yürüşünə çıxıblar”. Onlardan qişas almaq üçün, qardaşlar hər cür amansız vasitəyə əl atıblar. Hətta ədalət carçılarını — məhkəmə hakimlərini, məhkəmə icraçılarını, hüquq-mühafizə orqanlarının əməkdaşlarını belə “ələ almaqla”, istədiklərinə nail olaraq, indiyədək onlara acı günlər də yaşadıblar. Bir sözlə, “ağına-bozuna baxmadan” onları dəstəkləyərək, tərəflərində olduqlarını açıq-aşkar nümayiş etdirməkdən çəkinməyən hakimlər və məhkəmə icraçıları, hüquq-mühafizə orqanlarının işçiləri tamamilə onların xeyrinə çıxardıqları ədalətsiz qərar və qətnamələrlə, tərtib etdikləri saxta protokol və digər rəsmi sənədlərlə, birbaşa, dövlət başçısının iş adamlarını hərtərəfli dəstəkləməsi əleyhinə olduqlarını da ortaya qoyublar. Çıxarılan belə qərar və qətnamələr, tərtib olunan saxta protokol və sənədlər, “əl-qollarını daha da geniş açmaları” üçün, Əkbərov qardaşlarına günü-gündən sanki yeni bir “ruh verib”.

Göründüyü kimi, dəhşət doğuran belə qanunsuzluqlara, əvvəllər olduğu kimi, indinin özündə də, daha çox məhkəmələrdə əl atılır və bütün bunlar dövlət rəhbərinin əhalinin güzəranını yaxşılaşdırmaq, ölkədə sahibkarlıq fəaliyyətini daha da inkişaf etdirmək, yeni iş yerləri açmaq, cəmiyyətdə qarşılıqlı anlaşma və dialoq yaratmaq, vətəndaş məmnunluğunu hər sahədə təmin etmək sahəsində apardığı böyük işlər fonunda baş verir. Çox təəssüf ki, belə bir şəraitdə bir çox vəzifə sahibləri, hətta ədalət carçıları belə, ictimai və dövlət mənafeyini deyil, şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu isə, getdikcə artan ictimai narazılığın başlıca səbəbinə çevrilir.

Doğrudan da, araz.az-ın həmin və indi dərc etdiyi bu yazılarında barəsində danışılan xanım iş adamı, xeyli müddətdir ki, təhlükə məngənəsindədir və bu çətinlikdən necə çıxacağına ümidi qalmayıb. Çünki əsas günahkarlardan başqa, haqq-ədalət müdafiəçiləri belə, xeyli sərmayə qoyub, yaratdığı iş yerində başına oyun açmaqdan, zərrə qədər də olsa, çəkinmək istəmirlər. Baxmayaraq ki, külli miqdarda pulunu xərcləyərək, icarəyə götürdüyü obyektdə özünə hər bir şəraitə malik çörəkbişirmə sexi quran bu kiçik sahibkarın başına olmazın müsibətlər gətirənlər, xeyli müddətdir onun biznesinə daha ciddi formada tənəzzül dövrü yaşadırlar. Hərtərəfli ziyana düsən iş adamı isə, nə edəcəyini bilmir. Çünki başına gətirilənlərə görə hərtərəfli kömək üçün, aidiyyatı digər dövlət qurumları rəhbərlərinin adlarına yazdığı şikayət xarakterli çoxsaylı müraciətləri də, indiyədək yaxşı bir nəticə verməyib. Bu biganəliyin və saymamazlığın ən pis nəticəsi isə odur ki, adını yuxarılarla bağlayan, istədiyini etməkdən çəkinməyən əsas günahkarın — icarədarın, eləcə də ona yaxın olanların xətrlərinə dəyən tapılmır ki, tapılmır! Elə, bu xoşagəlməz halın özü, hədsiz ictimai qınağın yaranmasına səbəb əsas amildir. Ortada isə, ictimai qınağın yaranmasına səbəb digər amillər də var. Bunlarla və xanım iş adamının üzləşdiyi bütün qanunsuzluqlarla daha ətraflı tanış olmaları üçün, araz.az-ın dəyərli oxucularının, https://araz.az/?p=25383 linki ilə, 23.04.2022-ci il tarixində saytda dərc olunan yazını oxumaları kifayətdir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, əlaqədar dövlət qurumlarında bu işə ədalətli yanaşılmadığını görən və ümidi hər yerdən kəsilən xanım iş adamı, istəyinin reallaşması ümidiylə, ölkə başçısına, Birinci vitse-prezidentə və Məhkəmə-Hüquq Şurasına, eləcə də ölkənin media vasitələrinin rəhbərlərinə üz tutaraq, əsas günahkarlar tərəfindən başına gətirilənlərin qısa xülasəsi olan Müraciətini, kömək üçün, bir daha onların adlarına ünvanlayıb. Bu barədə bizə məlumat verən sahibkarın oğlu Namiq Mirzəyev, onu da bildirdi ki, deyilənlər bir yana, Surac və Zahid Əkbərov qardaşları tərəfindən, anasının və onun başlarına gətirilən digər xoşagəlməzliklər heç vaxt unudulası deyil: “Ümumiyyətlə, başımıza açılan oyunlarla bağlı, az da olsa, şikayət xarakterli bütün müraciətlərimizdə yazmışıq. Yeri gəlmişkən, bir daha demək istəyirəm ki, Bakı şəhəri, Nizamı rayonu, Məmmədov küçəsi, 160 F ünvanında yerləşən və “Eldar” Kiçik Müəssisəsinə məxsus 304,7 kv.m ümumi sahəli qeyri-yaşayış yerinin 120 kv.m-lik hissəsini, əvvəli 2021-ci ilin avqust ayının 16-sı, sonu isə, 2023-cü ilin oktyabr ayının 16-sı müəyyən edilən və rəsmi şəkildə təsdiqini tapan İcarə Müqaviləsi ilə, çörək və digər un məmulatları istehsal edən sex açmaq üçün, icarəyə götürdük. Elə, həmin vaxtdan, sexin normal şəkildə işini qurmaq üçün, əlimizdən gələni etdik. Tez bir zamanda tam düzəldib, lazımi qiymətli avadanlıq və əşyalarla təmin edərək, çörəkbişirmə sexini işə saldıq və işinin yaxşı getməsi üçün, yorulmadan çalışdıq. Çox keçmədən istəyimizə çatıb, istehsal etdiyimiz keyfiyyətli çörək və digər un məmulatları üçün alıcılar da topladıq. Nəticədə, müqavilə ilə müəyyən edilən icarə haqqını, üstəlik, işçilərin əmək haqqını verməkdə çətinliyə düşmədik.

İndi isə, anamın biznesi tənəzzülə uğrayıb. Sexin qapısı bağlı qalıb, isimiz-gücümüz məhkəmələrdə və hüquq-mühafizə orqanlarındadır. Nə edəcəyimizi bilmirik. Bir daha onu da qeyd edim ki, İcarə Müqaviləsində göstərilən vaxtda, cavabdehin təqsiri ucbatından, lazımi qiymətli avadanlıq və əşyalarla təmin etdiyimiz sexin qanunsuz bağlı qalması nəticəsində, indiyədək iş adamı olaraq, anamın biznes fəaliyyətini tamamilə dayandırıb. Çünki hərtərəfli ziyana düşüb və çoxdandır ki, gəlir əldə edə bilmir. Əkbərov qardaşlarının isə, heç nə veclərinə deyil. Məhkəmədə yalandan deyirlər ki, sex bağlı qalıb. Amma məlum olur ki, o, bunu da yalan deyir. İcarə müqaviləsinə görə, bizim ixtiyarımızda olan sexi, sən demə, “Ləzgi çörəyi” bişirən sex kimi, icarəyə verib. İcarəçi isə, orada qalan bizim qiymətli avadanlıq və əşyalardan istifadə edib. Eləcə də, orada qalan 82 ədəd un tayından da, xəbər yoxdur.

Di gəl ki, onlar bu işi o yerə çatdıra bildilər ki, nə qədər etsək də, hakim sexin normal vəziyyətdə olmasını və işinin yaxşı getməsini özündə əks etdirən və redaksiyanıza da təqdim etdiyim video-görüntüləri və foto-faktları belə, əsas fakt və inkaredilməz dəlil kimi bizdən qəbul edib, işin içinə qoymadı. Axı, iş normal getməyibsə, sex necə təkrar icarəyə verilib?! Özü də, bərli-bəzəkli “Ləzgi çörəyi” reklamı altında!..

Konkret olaraq, demək istəyirəm ki, ciddi məsələyə çevrilən belə bir ciddi işin hüquq pozuntularıyla aparılması, qanunlara məhəl qoyulmaması və ədalətin bu dərəcədə tapdalanması ilə, bizi dərindən məyus etdilər. Əlbəttə, bu qanunsuz və ədalətsiz işin arxasında şəxsi marağın dayanması da şəksizdir. Yoxsa, məhkəmə hakimləri və məhkəmə icraçısı arxayınlıqla bu miqyasda qanunsuzluqlara rəvac verməzdilər. Çünki onlar da açıq-aydın görürdülər ki, qarşı tərəf milli ənənə, biznes əxlaqı, vicdan və ədalət anlayışlarını bir kənara qoyaraq, bizim yaratdığımız sexin fəaliyyətini iflic etmək üçün, bütün resursları işə salıb. Anam öz Müraciətində də, bu məqama daha çox diqqət çəkməyi yuxarılarda oturanların hamısından xahiş edib. Sonda isə, məcburiyyətdən, yenə məhkəməyə, bu dəfə Bakı Kommersiya Məhkəməsinə müraciət etməyi qərara alıb. Lazım gəlsə, Ali Məhkəməyə, Konstitusiya Məhkəməsinə də müraciət etməyi qərara almışıq”.

Xanım iş adamının Bakı Kommersiya Məhkəməsinə ünvanladığı həmin İddia Ərizəsini, olduğu kimi, dərc edirik:

“Mən, Mirəzyeva Tahirə Səyyaf qızı, 16 avqust, 2021-ci il tarixdə, cavabdeh “Eldar” Kiçik Müəssisəsinin adından çıxış edən Əkbərov Zamir Əkbər oğlu ilə icarə müqaviləsi bağlamışdım. Müqaviləyə görə, icarəyə verən “Eldar” Kiçik Müəssisəsi Bakı şəhəri, Nizami rayonu, İ. Məmmədov küçəsi, ev, 8 ünvanında yerləşən 43 saylı qeyri-yaşayış sahəsinin 120 kv/m-ni mənə icarə vermişdi. İcarə müddəti 16.08.2023-cü il tarixinədək müəyyən edilmişdi. Müqavilənin şərtlərinə görə, müqavilə vaxtının bilməsinə 1 ay qalmış, tərəflər həmin Müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir.

Müqavilənin şərtlərinə görə, icarə haqqı 120 manat müəyyən olunmuşdu. Müqavilənin şərtlərinə görə, icarəçi, 16.02.2022-ci il tarixinədən əvvəl çıxarsa, sonrakı altı aylıq icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 7-ci bəndinə görə, müqavilənin ləğv edilməsi, tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq, həyata keçirilir.

03.10.2021-ci il tarixində, Etibarnamə ilə, “Eldar” Kiçik Müəssisəsini təmsil edən Əkbərov Surac Zamir oğlu, icarəyə götürülmüş obyektin açarını məndən almış və icarə haqqını 800 manat ödəyəcəyim barədə məlumat vermiş, əks halda isə, obyektdən çıxmağımı tələb etmişdi. Bu zaman, obyektdə 82 ədəd unla dolu kisə (hər birinin qiyməti 42 manat) var idi. Həmin tarixdən həmin obyektdə fəaliyyətim dayandırıldı. Bundan əlavə, obyektdə mənə məxsus olan 1 ədəd üç gözlü peç, dəyəri 500 manat, xamır qarışdıran, dəyəri 1500 manat, 10 kisə duz, dəyəri 56 manat, 2 ədəd çörək daşıyan araba, -dəyəri 500 manat, 55 ədəd çörək bişirən list, dəyəri 500 manat, soyuducu, dəyəri 200 manat, 2 ədəd tərəzi, dəyəri 70 manat və çörək şkafı, dəyəri 100 manat olan əmlaklarım da orada qaldı. Həmin əmlaklarımı və ya onların dəyərini cavabdehdən tələb edirəm. Bundan əlavə, biz Müqavilə bağlayarkən, razılaşmışdıq ki, mən, ən azı 2 il orada işləyəcəm. Lakin cavabdeh buna imkan vermədi, bu Müqavilənin şərtlərinə əməl etmədi və məni oradan çıxardı. Mənim həmin yerdən gündəlik qazancım ən azı 50 manat idi. Ona görə də, hesab edirəm ki, müqavilə bağlanan gündən, yəni 16.08.2021-ci il tarixdən, 16.08.2023-cü il tarixə kimi, cəmi 730 gün üçün, hər gün 50 manat əldən çıxmış gəlir, yəni 36500 manat pul da, cavabdehdən alınıb, mənə verilməlidir.

Mülki Məcəllənin 389.1 -ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması Müqavilə sayılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə, Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər, bu Məcəllədə və ya Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə, öhdəlikləri icra edərkən, tərəflər Müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün, birgə hərəkət etməli və Müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsinə görə, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149 — 150-ci maddələrini rəhbər tutaraq, Məhkəmədən

XAHİŞ EDİRƏM:

Cavabdeh “Eldar” Kiçik Müəssisəsindən mənə məxsus olan 82 kisə un, hər kisənin qiyməti 42 manat olmaqla, cəmi 3444 manat, 1 ədəd üç gözlü peç, dəyəri 500 manat, xəmirqarışdıran, dəyəri 1500 manat, 10 kisə duz, dəyəri 56 manat, 2 ədəd çörək daşıyan araba, dəyəri 500 manat, 55 ədəd çörək bişirən list, dəyəri 500 manat, soyuducu, dəyəri 200 manat, 2 ədəd tərəzi, dəyəri 70 manat və çörək şkafı, dəyəri 100 olan əmlaklarımın və ya onların ümumi dəyərinin 6870 manat pulunun alınıb, mənə verilməsi, həmçinin 16.08.2021-ci il tarixdən, 16.08.2023-cü il tarixə qədər, cəmi 730 gün, hər gün üçün 50 manat, əldən çıxmış ümumi 36500 manat gəlirin, mediasiya üçün ödədiyim 200 manat, 234 manat, 117 manat, 261 manat dövlət rüsumlarının cavabdehdən alınıb, mənə verilməsi barədə qətnamə çıxarasınız!”.

Bir müddətdir naəlac qalan iş adamı inanır və ümid edir ki, bu yüksək səlahiyyət sahibləri və ölkə mətbuatının rəhbərləri bu ciddi məsələyə biganə qalmayacaq, onların bu işə müdaxilələri ilə, tezliklə ədalət bərpa olunacaq, haqq öz yerini tapacaq.

Bəli, şikayətçinin bu İddia Ərizəsindən də, əvvəl yazdıqlarından və rəsmi nümayəndəsinin dediklərindən də, məlum olur ki, baş verən bu olaylar zamanı ciddi zərbə alaraq, külli miqdarda ziyana düşən, hər şeyini itirən də iş adamı olub. Ortada qazananlar isə, ədaləti və haqqı tapdalayan günahkarlar, bir də onlara tərəfdar olmaqdan çəkinməyərək, haqsız yerə ədalətsiz Qərar və Qətnamə çıxaran, protokollar tərtib edən hakimlər və məhkəmə icraçısıdır.

Bu yerdə onu da qeyd etməyi lazım bildik ki, iş adamı öz Müraciətində ölkə mətbuatının rəhbərlərindən, vicdanlı və obyektiv jurnalistlərdən dönə-dönə onu da xahiş edir ki, bu məsələni daim diqqətdə saxlasınlar. Medianı hakimlərin onun vətəndaş hüquqlarını pozmağa yönəlik ədalətsiz Qərar və Qətnamə qəbul etmələri barədə ictimaiyyəti daha ətraflı məlumatlandırmağa çağıran şikayətçinin çətin durumda olduğunu nəzərə alıb, araz.az xəbər portalı olaraq, baş verənləri daim diqqətdə saxlayacağıq. Yazıda qeyd olunanlala bağlı, mətbuat haqqında qanunların tələblərinə uyğun olaraq, qarşı tərəfin mövqeyini işıqlandırmağa hazır olduğumuzu da, öncədən bildiririk.

araz.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.