Türkiyədəki zəlzəyə görə Axısqa türklərinə baş sağlığı verən icra başçısı biabır oldu

17-02-2023, 00:08           
Türkiyədəki zəlzəyə görə Axısqa türklərinə baş sağlığı verən icra başçısı biabır oldu
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yanlışlığa yol verib.

Qlobal.az xəbər verir ki, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir neçə gün öncə Türkiyədə baş verən zəlzələ ilə əlaqədar rayonun Orta Salahlı kəndinə gedərək burada məskunlaşmış Axısqa türkləri ilə görüşərək onlara baş sağlığı verib.

Fevral ayının 13-də reallaşan səfərdə İcra başçısı ilə yanaşı, deputat Səməd Seyidovun köməkçisi və İcra hakimiyyətinin məsul şəxsləri də iştirak edib.

Rəcəb Babaşov görüşdə "Özümə borc bildim ki, bu gün gəlib sizlərlə görüşüm, dərdinizə şərik olum” deyə sözə başlayıb.

Xəbər İcra Hakimiyyətinin saytında yerləşdirilib.

Lakin bir müddət sonra ciddi səhvə yol verdiklərini anlayan Qazax rayon İcra Hakimiyyəti xəbəri saytdan silib.

İcra başçısının bu qədər savadsız olması, rəhbərlik etdiyi rayonunun əhalisini tanımaması sosial şəbəkələrdə ciddi müzakirəyə çevrilib.

Qlobal.az Qazax rayon İcra Hakimiyyətinin Axıqsa türkləri ilə görüşdən hazırlanan (sonradan silinən) xəbərini təqdim edir:

"Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciə, on minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqını, uşağından tutmuş böyüyünə kimi hər kəsi dərindən sarsıtdı. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da baş vermiş faciə ürək ağrısı ilə qarşılandı. Hər kəs zəlzələ zamanı həlak olanların, faciə qurbanlarının əziz xatirəsini ehtiramla andı. Qardaş Türkiyədə elan olunan matəm Azərbaycanda da elan edildi, hər kəs qardaş Türkiyənin dərdinə şərik olaraq öz dəstəyini əsirgəmədi.

Fevralın 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirovla birlikdə Qazax rayonunun Orta Salahlı kəndində yaşayan Axısqa türkləri ilə görüşüb. "Özümə borc bildim ki, bu gün gəlib sizlərlə görüşüm, dərdinizə şərik olum”, - deyən icra başçısı Türkiyədə baş vermiş zəlzələdə həlak olanlarla bağlı başsağlığı verib.

Zəlzələ zamanı həlak olanların ruhuna dua oxunub, əziz xatirələri ehtiramla yad olunub.

İcra başçısı Türkiyədə baş vermiş zəlzələni Azərbaycan xalqının, hər bir vətəndaşın ürək ağrısı ilə qarşıladığını qeyd edib. Zəlzələ zamanı dünyasını dəyişən insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Rayon rəhbəri bütün dünyanın bu ağır günlərdə bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi olduğunu, xalqımızın, uşağından tutmuş yaşlı insana kimi, hər kəsin Türkiyədə zərər çəkən insanlara yardım etmək üçün səfərbər olduğunu söyləyib. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında xalqımızın Türkiyədə zəlzələdən əziyyət çəkən bacı-qardaşlarımıza dəstək olmaq üçün əllərindən gələni əsirgəmədiklərini vurğulayıb. İcra başçısı bildirib ki, necə ki, 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin dəstəyini hiss etdik, onlar bizim yanımızda idi, dar günümüzdə bizə dəstək oldu, bu gün də biz onların yanındayıq. İcra başçısı Türkiyə dövlətinin, türk xalqının, qardaşlarımızın yanında olmağın hər birimizin borcu olduğunu vurğulayıb.

"Fevralın 6-da uca Yaradan türk xalqını bir daha sınağa çəkdi. Baş vermiş faciədə on minlərlə insan öz həyatını itirdi, on minlərlə insan yaralandı. Lakin türk xalqı bir daha dözümlülüyünü, əyilməzliyini nümayiş etdirdi. Bu gün necə ki, türk xalqı uçurum altından insanların sağ çıxmasına sevinir, dünyasını dəyişənləri dərin hüznlə yad edir, biz də eyni ağrı-acını hiss edir, sevinclərinə, kədərlərinə eyni dərəcədə şərik oluruq”, - deyən rayon rəhbəri bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə arasında olan qardaşlığın bundan sonra da əbədi, daimi, dönməz olacağını qeyd edib.

İcra başçısı bildirib ki, bu təbii fəlakətin baş verməsinin ardından Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirdi, dərhal qardaş ölkəyə öz dəstəyini göstərdi. Hadisənin ilk saatlarından ölkə Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayaraq ona və bütün Türkiyəyə başsağlığı verdi və Azərbaycanın bu ağır günlərdə daim türk xalqının yanında olduğunu, hər növ yardıma hazır olduğunu bildirdi. Prezidentin göstərişi ilə ölkəmizdən qardaş Türkiyəyə xilasedicilər, həkimlər, eləcə də yardımlar göndərildi. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə həyata keçirilən humanitar yardım aksiyaları, Heydər Əliyev Fondunun dəstəyi ilə qardaş ölkəyə çatdırılan yardımlar da zəlzələdən zərərçəkən, evsiz qalaraq qışın sərt soyuğu ilə üzləşmiş insanlar üçün böyük əhəmiyyət daşıyır.

Rayon rəhbəri qeyd edib ki, bu gün də acı faciənin fəsadlarının aradan qaldırılması üçün Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirilməkdə və qardaş Türkiyə xalqına humanitar yardım göstərilməkdədir. Eyni zamanda, Azərbaycan xalqının nümayəndələri könüllü olaraq yardım təşəbbüsləri irəli sürür, maddi və mənəvi dəstək göstərirlər. Rayon rəhbəri bütün Azərbaycan xalqı kimi, Qazax Rayon İcra Hakimiyyətinin də qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara göstərilən humanitar yardım kampaniyasına qoşulduğunu, bu çətin günlərdə Türkiyə xalqının yanında olduğunu və fevralın 10-da 1 tır humanitar yardım göndərildiyini bildirib.

Axısqa türklərindən din xadimi Mikayıl Qədimov və başqaları onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər. Azərbaycana gəldikləri ilk gündən qardaş münasibətinin şahidi olduqlarını söyləyiblər. "Dövlət və xalq olaraq bizə isti qucaq açdılar, biz burada özümüzü heç vaxt qəriblikdə hiss etmədik. Qardaşlığın, doğmalığın nə demək olduğunu ilk gündən gördük, hiss etdik”, - deyən Axısqa türkləri həmin qayğını bu gün də hiss etdiklərini vurğulayıblar. Bugünkü ziyarətə, başsağlığına və türk xalqına verilən dəyərə görə rayon rəhbərliyinə razılıqlarını bildiriblər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.