İnstitut direktoru Sialə Rüstəmovanın qlamur həyatı - Brend şubalar, obyektlər...
20-02-2023, 00:07
Prezident İlham Əliyev cənablarının 2018-ci ildən sonra hökumətdə apardığı struktur və kadr islahatlarından hələ də bixəbər məmurlar var. Bu cür məmurlar keçmişdə olduğu kimi yenə də müxtəlif yollarla dövlətin büdcəsini mənimsəyir, öz var-dövlətlərini artırırlar.
AzFakt.com xəbər verir ki, dövlət büdcəsini müxtəlif adlar altında mənimsəməklə məşğul olan məmurlardan biri də Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmovadır. Sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun ən yaxın kadrlarından olan Sialə Rüstəmovanın adı həmişə qalmaqalda çəkilib. Sialə Rüstəmova 2010- 2015- ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsində calışarkən bu qurum ölkədə ən çox korrupsiyaya uğramış büdcə təşkilatlarından olub.
Əldə etdiyimiz məlumata görə Sialə Rüstəmova hazırda direktoru olduğu Baytarlıq Elmi Tədqiqat İnstitutunda da korrupsiya ilə məşğuldur.
Belə ki, Sialə Rüstəmovanın Elmi İnstitutun texniki-təsərrüfat işçiləri arasında xeyli sayda "ölü canlarının" olduğu bildirilir. Aylarla işə gəlməyən işçilərin maaş kartları direktora yaxın olan şəxsdə saxlanılır. İnstitutda yol verilən digər korrupsiya festival və konfransların keçirilməsində pulların silinməsidir.
Ötən il İnstitutun nəzdində istifadəyə verilmiş Baytarlıq Klinikasında da korrupsiya hallarının olduğu iddia edilir.
Əldə etdiyimiz məlumata görə illərdir dövlətin büdcəsini mənimsəyən Sialə Rüstəmova Gəncə və onun ətraf rayonlarında, eləcə də Bakı şəhərində özünə böyük biznes yaradıb. Onun qeyd edilən ünvanlarda xeyli sayda obyektrlərinin olduğu deyilir. Büdcə qənimi olan Sialə Rüstəmova özünü biznesledilər kimi aparır. Qlamur həyata öyrəşmiş İnstitut direktorunun daim brend paltarlardan, əşyalardan istifadə etdiyi, çantasında ən azı 4-5 butik mağazaların vizit kartlarının olduğu deyilir.
Yuxarıda qeyd etdiyimizə sadə bir nümunə olaraq qeyd edək ki, ötən ay Aqrar İnnovasiya Mərkəzi tərəfindən regionlarda təşkil olunmuş Festivalda Baytarlıq Elmi Tədqiqat İnstitutu da iştirak edib. İnstitutun direktoru Sialə Rüstəmova isə bu festivala ölkənin məşhur butik mağazalarından birində satılan 6 min manatlıq brend şuba ilə qatılıb.
Heyvanların həyatını xilas edən Elmi Tədqiqat İnstitutunun direktorunun heyvan dərisindən bahalı kürk geyinməsi yəqin ki məmurların büdcəsini talan etdiyi Azərbaycan kimi ölkələrdə olar.
Baytarlıq Elmi Tədqiqat İnstitutu məsələyə münasibət bildirmədi.