MEDİA Agentliyindən şübhəli tender – 100 min manat kimə verilib?
20-02-2023, 17:59
“Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi” Publik Hüquqi Şəxsi (MEDİA Agentliyi) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “MAS” MMC (VÖEN – 5101061641) olub.
Teref.az-ın yazdığına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, tender müsabiqəsi 2021-ci ilin dekabr ayında keçirilsə də, nəticəsi satınalmalar portalında 24 yanvar 2023-cü il tarixində yerləşdirilib.
Tenderin ümumi dəyəri 98 min 700 manatdır. Açıqlamadan belə görünür ki, MEDİA Agentliyi ənənəvi medianın rəqəmsal mediayaya inteqrasiyasının təşviq edilməsi və innovativ həll yollarının dəstəklənməsi məqsədilə elektron satış platformasının yaradılması üçün “MAS” MMC-dən proqram təminatı satın alıb.
Ötən il ərzində yəni tender müsabiqəsinin icra olunduğu 2022-ci ildə “MAS” MMC MEDİA Agentliyinin sifarişi əsasında “E-köşk” adlı platforma hazırlayıb. Qəzet və jurnalların rəqəmsal yayım platformasına “e-kiosk.az” saytı vastəsilə daxil olmaq mümkündür. 2022-ci ilin noyabr ayının 24-də “E-köşk” adlı platformanın geniş təqdimatı da keçirilib.
Tender müsabiqəsiylə bağlı diqqət çəkən bir-neçə məqam var.
Qeyd edək ki, “e-kiosk.az” domain adının sahibi Maqsudov Fuad Arif oğludur. Fuad Maqsudov adlı şəxs sosial şəbəkə hesabında özünü MEDİA Agentliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri kimi təqdim edib. Bu şəxs eyni zamada qeyd edib ki, o 2017-2020-ci illərdə “MasSolutions” şirkətində (“MAS” MMC) texniki direktor olub. 2021-ci ilin sentyabr ayından isə MEDİA Agentliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində işləyir.
Yeniavaz.com-un məsələ ilə bağlı MEDİA Agentliyinə müraciətindən sonra Fuad Maqsudov sosial şəbəkə hesabında dəyişiklik edib və qeyd edib ki, o 2021-ci ilin sentyabr ayından 2022-ci ilin sentyabr ayına kimi MEDİA Agentliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri olub.
Maqsudov Fuad Arif oğlu eyni zamanda “Probıll” MMC-nin (VÖEN – 1703420351) qanuni təmsilçisidir. Bu şirkət 14 sentyabr 2022-ci ildə dövlət qeydiyyatına alınıb. “MasSolutions” şirkətinin elektron tətbiqinin adı da “Probill”dir.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə görə satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər.
Açıqlanan məlumatlardan da göründüyü kimi, satınalan təşkilatın, yəni MEDİA Agentliyinin təmsilçisi (“e-kisok.az” bu şəxsin adına rəsmiləşdirilib) 2 il əvvəl – 2020-ci ildə iddiaçının, yəni “MAS” MMC-nin əməkdaşı (texniki direktor) olub.
Məlumat üçün onu da bildirək ki, “MAS” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Dövlət qeydiyatına alınan zaman MMC-nin qanuni təmsilçisi Süleymanov İmran Həmzə oğlu olub. Hazırda “MAS” MMC-nin qanuni təmsilçisi Useynov Vidadi Hüseyn oğludur.
Yazıda yer alan məlumatlara aydınlıq gətirilməsi üçün 26 yanvar 2023-cü il tarixində MEDİA Agentliyinə rəsmi sorğu ünvanlasaq da bu günə kimi cavab verilməyib.