Kənd təsərrüfatı mütəxəssisindən Mehriban Əliyevaya müraciət - İnam Kərimov və komandası qarşıdakı aylarda...
21-02-2023, 10:19
Kənd təsərrüfatı mütəxəssisi, təqaüd yaşıma 3 il qalmış mühəndis-mexanik vəzifəsindən kənarlaşdırılan İsgəndərov Qədir İsgəndər oğlu Azərbaycan Respublikasının vitse prezidenti Mehriban Əliyevaya MÜRACİƏT ünvanlayıb.
Bir nüxsəsi Faktinfo.az saytına ünvanlanan müraciətdə şikayətçi aqrar sektorun idxaldan asılılığından yazır, İnam Kərimov və komandasının qarşıdakı aylarda heç şeyi gizlədə bilməyəcəyini vurğulayır.
Əmək müqaviləsinə heç bir əsas olmadan xitam verilmiş kənd təsərrüfatı mütəxəssisinin müraciətini olduğu kimi təqdim edirik:
40 ilin kənd təsərrüfatı mütəxəssiyəm, təqaüd yaşıma 3 il qalmış əmək müqaviləmə "Aqroservis" ASC-nin sədri Elmin Rəhimov tərəfindən xitam verildi. Məni 20.12.2022-ci ildə "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa bölməsində mühəndis-mexanik vəzifəsindən uzaqlaşdırdılar. (Onu da qeyd edim ki, elə də bir vəzifəliliyi yox idi, isti yay günlərində sahələrdə, maşın və mexanizmləri təmir etmişəm, kabinetdə oturub rüşvət yığmamışam, vəzifə maaşımla dolanmışam).
Nazirə, ölkə rəhbərliyinə etdiyim şikayətlərə bir neçə cümlə ilə Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbərindən aldığım məktubda deyilir: "Etdiyiniz şikayətlərlə bağlı Əmək Məcəlləsinin, qanunvericiliyin tələblərinin pozulmadığı müəyyənləşib. Anlayışla qarşılamağınız xahiş olunur”.
Yəni belə anlaşılır ki, Əmək Məcəlləsinin tərəflərini əsas götürüb müddətli əmək müqaviləsi bağlamışdıqsa, istər ixtisaslı, istərsə də ixtisassız, həmçinin təqaüd yaşınıza 3 il qalmış işinizdən kənarlaşdırmışıqsa, qəbul edib, susmalısan.Digər tərəfdən o demək olur ki, bir qrup uğursuz hüquqşünas dəstəsinin korporativ maraqlarına uyğun gəlmədiyindən işdən kənarlaşdırılmısan.Sus və verilmiş qərarla barış.
Hörmətli Mehriban xanım!
Nazirlik rəsmisi işəgötürənin əmək müqaviləsinin hər il yenilənməsini, 2023-cü il üçün isə mənimlə əmək müqaviləsinin bağlanmamasını normal hesab edir. Amma əmək müqaviləsinin 46-cı maddəsinin bəzi hissələrini nəzərə alsaq, bu o demək deyil ki, mənimlə əmək müqaviləsi bağlanmaması normaldır.
Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin başa çatması) əsas götürülüb əmək müqaviləmə xitam verilib. Bu maddə təsdiq edir ki, qanun pozuntusuna, nöqsana yol verməmişəm. Heç bir əsas göstərilmədən əmək müqaviləmə xitam verilib. Digər tərəfdən isə sual olunar: "Aqroservis" ASC-nin Ağstafa bölməsində işlədiyim mühəndis-mexanik ştatı ixtisara düşməyibsə və bu ştata ehtiyac varsa, rəhbərliyin nə marağı var ki, mənimlə əmək müqaviləsi bağlamır, xahiş edirəm bunun aydınlaşdırılmasına göstəriş verin.
Hörmətli Mehriban xanım!
Nazir İnam Kərimov və komandası yüzlərlə kənd təsərrüfatı mütəxəssisini qeyri-peşəkarlarla əvəzlədi. Narazılığın miqyası belə nəzərə alınmadı. Olsun! Əminəm, bir gün bunlara bu mövzuda sual verən tapılacaq. Kənd təsərrüfatı mütəxəssislərini işdən kənarlaşdırdınız, heç olmasa bir uğura imza atdınızmı, sualı veriləcək. Məqsədiniz bol və məhsuldar kənd təsərrüfatı məhsulu istehsal etmək idisə, nədən ölkə bu qədər idxaldan asılı vəziyyətə salındı, sualı onlara veriləcək. Hətta, 2017-ci ildən aqrar sektora ayrılan dövlət vəsaitinin həcminin dəfələrlə artması hesabına nə əldə edildiyi soruşulacaq.
Əminəm ki, onda mənim və mənim kimi yüzlərlə kənd təsərrüfat mütəxəssisinin nə qədər haqlı olduğu müəyyənləşəcək.
Hörmətlə,
İsgəndərov Qədir İsgəndər oğlu