Naxçıvan təhsilində rüşvət bəlası...- İTTİHAM

23-02-2023, 09:27           
Naxçıvan təhsilində rüşvət bəlası...- İTTİHAM
Naxçıvan Dövlət Universitetinin Pedagoji fakültəsində tələbələrdən rüşvət alındığı bildirilir.
Teref.az yazır ki, bu haqda “Gündəlik Naxçıvan”a fakültənin texnologiya müəllimliyi ixtisası üzrə birinci kursda təhsil alan bir qrup tələbəsi və onların valideynləri məlumat verib. Şikayətçilər bildirir ki, tələbələri rüşvət verməyə fakültənin kafedra müdiri Mətanət Quliyeva məcbur edir. Onların sözlərinə görə, rüşvət verməyən tələbə, biliyindən asılı olmayaraq, imtahanlardan kəsilir.
Şikayətçi tələbələrdən M.A (ad şərtidi) deyir ki, rüşvət əsasən „Ağac və metal məmulatlarının hazırlanması” əl işi fənnindən verilən imtahanlar üçün yığılır:
“Qiymətlər 10 bal üzərindən verilir. 5 bal nəzəri biliklər, 5 bal da əl işlərinə görə. Həfədə bir dəfə əl işi istəyirlər. Fərqi yoxdur əl işi hazırladın, ya yox, hər bir iş üçün 50 manat rüşvət verməlisən. Ayda bir dəfə isə daha böyük iş, yəni kollekviuma olur. Bunun da hər birinin qiyməti 70 manatdır. Kursun sonunda sərbəst iş olur ki, onun da qiyməti 80-90 manatdır. Yəni, 3 aylıq kursu bitirmək təkcə bir fənn üçün 700 manata yaxın vəsaitə başa gəlir. Burada laboratoriya müəllimlərinin heç bir günahı yoxdur. Pulların hamısını Mətanət müəllimə alır”.
Şikayətçi valideynərdən K.K (ad şərtidir) deyir ki, kasıb ailə olduqlarından tələb olunan pulu verə bilmirlər:
„Universitetə illik 1300 manat qanuni ödəniş etməliyəm. Uşaq hələ birinci kursdadır. Ödənişi haradan tapıb ödəmək dərdi bir tərəfdən, hələ bir rüşvət də ödəməliyik. Verməyəndə, kəsirlər imtahandan. Məcburuq, borc-xərc tapıb, verək. Universitetdə ən çox rüşvət alınan fakültə buradır. Buranı bitirənlər də deyir ki, Təranə müəllimə çox rüşvətxor adamdır. O, tələbələrə deyib ki, birinci kursdasınız deyə, hörmət edib, yalnız bir fənndən pul alırıq. Növbəti kurslarda hər fənn üçün pul ödəməlisiniz. Belə getsə, uşağı çıxaracam universitetdən. O qədər pulu haradan tapa bilərik? Hər il valideynlər Mətanət müəllimədən şikayət etsə də, nəticəsi olmur. Çünki, arxasında İsa Həbibbəyli dayanır. Düşündük ki, xan getdi, hər şey düzələcək. Əksinə, daha pisləşir getdikcə“.
Məsələyə münasibət öyrənməl üçün NDU ilə əlaqə saxlasaq da, şikayətçilərin iddialarına cavab almaq mümkün olmadı.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.