Hərrac dəllalları Anar, Rəfail kimdir..? - İTTİHAM VAR!
23-02-2023, 11:35
Məlumdur ki, 70 illik sovet dönəmində şəxsi, özəl mülkiyyət olmayıb, bütün mülkiyyət dövlətə məxsus olub. Əlbəttə, söhbət kiminsə şəxsi evindən, yaxud həyətyanı sahəsindən, 5-10 qoyun-quzusundan getmir. Müstəqillik dönəmində dövlət əmlakının ÖZƏLləşdirilməsi ortaya çıxdı. Və bunun üçün qanun qəbul edildi. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin nəzdində Respublika Auksion-Hərrac Mərkəzi və onun bölgələrdə filialları yaradıldı. Qısa məlumat üçün qeyd edək ki, HƏRRAC bir mülkün ən çox pul verənə verilmək üzrə açıq satışa qoyulmasıdır.
Bu da hərrac komissiyaları tərəfindən həyata keçirilir. Hərracın təşkilatçısı hərraca çıxarılan əmlak haqqında hərrac gününə ən azı 30 gün qalmış kütləvi informasiya vasitələrində hərracın keçirilmə forması, əmlakın tam adı, hüquqi ünvanı və ya yerləşdiyi ünvan, start qiyməti, sifarişlərin qəbulunun başlanma və başaçatma tarixləri, sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları, hərracda iştirak etmək üçün sifarişçilərin sifarişi ilə birlikdə verəcəkləri sənədlərin siyahısı və onların tərtib edilməsi üçün irəli sürülən tələblər, hərracın keçirilmə tarixi, vaxtı və ünvanı, əmlakın start qiymətinin 10 faizi həcmində hesablanan BEHİN məbləği və behin köçürülməsi üçün müvafiq bank hesabı, digər məlumatları almaq qaydasını əks etdirən elan dərc etdirir. Və hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifariş və digər zəruri sənədləri hərracın başlanmasına ən geci 3 (üç) bank günü qalanadək təqdim etmiş, müəyyən edilmiş qaydada beh ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
İndi gördünüzmü, dövlətimiz hərracların şəffaf və ədalətli keçirilməsi üçün lazım olan müasir qanunları qəbul edib. Amma min təəssüf ki, bəzi hərrac dəllalları bu sahədə də saxtakarlığa, qanunsuzluğa, ədalətsizliyə yol verirlər. Belə hərrac dəlları arasında Anar, Rəfail və başqa şəxslər də var. Biz etika xatirinə bəzilərinin adını çəkmirik, amma əlimizdə kifayət qədər dəlil-sübut, hətta video materiallar var. Hərrac dəllalları vaxtilə özləri Hərrac Komissiyalarının üzvləri olublar, bu işi pis mənada əla mənimsəyiblər. Yəni hərracın bütün fırıldaqlarını bilirlər.
Məlumdur ki, mülkiyyətin ilkin qiyməti, ən yüksək təklif, alıcılar barəsində şəxsi məlumatlar Hərrac Komissiyalarının paketində gizli, məxfi saxlanılmalıdır. Amma hərrac dəllalları bu məlumatları ələ keçirib, hərrac oyunu qururlar.
Biirncisi, soruşan lazımdır ki, paketlərdəki məlumatları bu dəllallara kimlər çatdırır..?
Təsəvvür edirsinizmi, rayonlarda hektarlarla torpaq sahəsi, böyük şəhərlərdə yüzlərlə kv.m torpaq hərraclarda satışa çıxarılır və əvvəlcədən bəlli şəxsə satılır, yəni o hərrac komissiyası tərəfindən qalib elan edilir. Lap əvvəlcədən uduzlumuş idman oyunları kimi. Bu birbaşa cinayət əməlidir. Yəni paketdəki məlumatları bilən şəxs 1 manat artıq təklif etməklə hərracı udmuş olur. Yəni hərracın ədalət prinsipi pozulur.
Məlumdur ki, hərracda iştirak edən şəxslər əvvəlcədən əmlakın 10 faizi dəyərində beh verirlər və hərracda iştirak edirlər. Hərracda geri çəkilmək isə 1000 manatla başlayır. Bu şəxslərə qarşı baş verənlər əsl istintaq, məhkəmə materialıdır. Belə şəxslər qanun qarşısında cavab verməlidirlər. Söhbət təkcə torpaq sahəsindən getmir ee... Hansısa dövlət qurumunun balansında olan avtomobilləri hərraca çıxardır. Yenə ortada hərrac dəllalları at oynadır.
Sözün qısası, özəlləşdirmə, hərrac adı altında açıq bazar gedir. Yəqin ki, müvafiq dövlət qurumları, İqtisadiyyat Nazirliyi bu məsələyə münasibət bildirəcək. //gundelik-baku.com//