“Optimal Elektroniks»ə fırıldaqçılıq ittihamı
8-06-2016, 22:25
Şirkət borcunu ödəmiş müştərilərindən əlavə haqq tələb edirmiş, özü də məhkəmə vasitəsiylə
Azərbaycanda geniş reklamları gedən, müştərilərinə məmnuniyyət vəd edib, lakin sonradan aldadan daha bir şirkət üzə çıxıb. Aktual.az xəbər verir ki, bu dəfə ortalığın qarışmasına səbəb olan «Optimal Elektroniks» şirkətidir.
Məlumatda deyilir ki, şirkət rəhbərliyi kreditə məişət avadanlıqları verdiyi müştərilərindən əlavə pul qoparmaq üçün yeni vasitəyə əl atıb. Belə ki, şirkət pul ödənişində qismən yubanma olan şəxslərin adlarını təcili komplektləşdirərək, məhkəməyə təqdim edir. Məhkəməylə anlaşaraq, həmin şəxslər barəsində qərar çıxarır. Lakin məhkəmə prosesi dönəmində həmin şəxslər heç nədən xəbərsiz kimi, pullarını ödəməkdə davam edirlər. Amma prosesin sonunda ödənişlərini bitirən şəxslərə məhkəmə qətnaməsi təqdim olunur ki, bəs, guya, həmin şəxslərin «Optimal Elektroniks»ə borcu var və qərara əsasən həmin pul ödənilməlidir.
Aktual.az hazırda belə vəziyyətlə üzləşmiş 4 nəfərin şəxsiyyətini müəyyənləşdirib. Həmin şəxslər artıq sənədlərini hazırlayaraq, məhkəməyə təqdim etməyə başlayıblar. Əldə edilən məlumatlara görə, «Optimal Elektroniks» məsələ böyüdükdən sonra prosesi qismən səngidib. İşin ən ilginc tərəfi odur ki, bu prosesdə şirkət Xətai Məhkəməsinin hakimlərindən biriylə anlaşma əldə edib. Və bütün işlər də ona yönəldilərək, toplu şəkildə qətnamələr çıxarılıb.
Məsələnin geniş məzmunu barədə yaxın günlərdə geniş məlumat verəcəyik.
**
Şirkətdən JAM.AZ-a verilən açıqlamada deyilir ki, "Optimal Elektroniks"in müştəriləri ilə belə problemi olub və yanlışlıq aradan qaldırılıb. Belə ki, şirkət ödənişləri gecikdirənlərlə bağlı şəxslərin adlarını məhkəməyə göndərdikdən sonra məlum olub ki, onların bəziləri ödənişlərini ödəyib, qurtarıblar. Şirkət hətta həmin şəxslərlə görüşərək, onlardan üzürxahlıq da edib.
Qeyd edək ki, "Optimal Elektroniksi" məhkəməyə verənlərin hələlik 4 nəfər olduğu JAM.AZ-a da məlum olub. Və onlar təzminat tələb edirlər. Şirkətin isə onlardan üzür istəmədiyini bildirirlər.