“Azərpoçt” Avropa Məhkəməsinə göndərilən şikayətləri gömrükdən keçirir

18-04-2023, 16:58           
“Azərpoçt” Avropa Məhkəməsinə göndərilən şikayətləri gömrükdən keçirir
Beynəlxalq qurumlara , məhkəmələrə müraciət etmək yerli qanunvericilik aktları, Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq olsa da, bilərəkdən bu hüquqdan yararlanmanı , az qala , dövlətə xəyanət kimi qəbul edilməsi də söz qonusudur. Özəlliklə, xüsusi xidmət orqanları Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətləri açıq bildirməsə də , gizli şəkildə yolverilməz sayırlar və bu hüququn qarşısına çeşidli yollarla “hasar çəkirlər”. Bir döyüş dostumuz illərdir məhkəmə qərarı ilə pensiyasının artımına haqq etsə də, hələ də haqqının rəqəmlə hesablanması həyata keçirilmədiyindən çıxılmaz durumda qalıb. Çıxılmazdan çıxmağın yolu Avropa Məhkəməsidir, ona müraciət etməklə isə xüsusi xidmət orqanında işləyən yeznəsinin işdən çıxmasına nədən olmasından çəkinir. Heç nədən çəkinmədən hüququndan yararlanmağı qərara alanların da məktublarının ölkədən çıxışına elə qadağalar qoyulur ki!
05.04.2023-cü ildə Mərkəzi Poçtdan Fransanın Strasburq şəhərində yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən 426 qramlıq RR007197007AZ kodlu məktubun 10 gün sonra 14.04.2023-cü ildə “import gömrüyünə təqdim edilməsi” və “import gömrüyündən qaytarılması” bilgisini poçt göndərişlərinin izlənməsi yolu ilə bəlirləyən məktub yiyəsi şoka düşməsin, neyləsin? ! Axı məktubun gömrük nəzarətindən keçirilməsi nəzərdə tutulmayıb? Bəlkə gömrük adına xüsusi xidmət orqanları “dövlət maraqlarının qorunması” amacı ilə məktubu dəyişirlər? “Bəlkə” ehtimalını əminliklə də əvəz etmək olar . Nədən “Azərpoçt”un Avropa Məhkəməsinə göndərilən və sözügedən məhkəmədən daxil olan məktubları it – bata salması normaya çevrilib. Ən “yaxşı” halda, məktubun məzmununu elə hala salırlar ki, ərizəçinin şikayəti qəbuledilənlik şərtlərinə uyğun olmur.
5 il qabaq bu sətirlərin yazarının vəkilinin Avropa Məhkəməsinə göndərdiyi məktub “Azərpoçt”un “radarlarından” yoxa çıxdığından, nə qədər şikayət etsək də, axtarılmasından imtina edildi. Bilirsiniz niyə? Vəkilin özü müraciət etməyib , hüquqlarını qoruduğu müvəkkilinin şikayətinə baxıla bilməz. (?) Belə çıxır, məktubun “itirilməsi” kodla yox, məktubu imzalayanın adı ilə yoxlanılır və hüquqları pozulan şəxsin soruşmaq hüququ da yoxdur?
Bəs buna , görəsən , “Azərpoçt” nə deyir? Bəyəm məktub gömrükdən keçməlidir? Harada yazılıb? Malın , məktubun yiyəsinin iştirakı olmadan “müayinədən keçirilməsi” yolverilməz deyilmi? Əlbəttə, biz texniki vasitələrlə vizual müayinəni nəzərdə tutmuruq.Onu da elə poçt özü yola salanda yoxlayır.
Məktubun açılması isə ciddi hüquq və qanun pozuntusudur. Avropa Məhkəməsi iştirakçı dövləti buna görə cərimə edə bilər. Əlbəttə, şikayəti alsa və əlbəttə, istəsə. .
Hələ ki, şikayətin Avropa İnsan Hüquqları Məhkəməsinə çatması haqqında bilgi yoxdur. İmport gömrüyündən qaytarılması bildirilir. ..”Eksport gömrüyü”ndən keçə bilər, görən?
Məğrur Bədəlsoy













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.