Vətəndaşın xəbəri olmadan "Sədərək" firmasında işə götürülüb, adına maaş yazılır - ŞİKAYƏT
20-04-2023, 00:07
Jalə Seyfullazadə: "İş üçün DOST Mərkəzinə müraciət etdikdə "Sədərək" firmasında 1HDYGDP002600 nömrəli əmək müqaviləsi ilə 345 manat əməkhaqqı almaq şərtiylə ofisiant kimi işə götürülmüşəm, halbuki, mən belə bir firmanı tanımıram və orada işləmirəm"
TEREF.AZ yazır ki, hurriyyet.az-a müraciət edən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mədən-9, ev 59/2 ünvanında yaşayan Jalə Arif qızı Seyfullazadə hazırda işsiz olduğu halda, özünün xəbəri olmadan "Sədərək" firmasının onu işçi kimi qeydiyyata aldığını və bu səbəbdən də ciddi problem yaşadığını bildirib.
Belə ki, imkansız ailə olduğunu, maddi çətinlik çəkdiyini və bu səbəbdən də xadimə kimi iş axtardığını deyən şikayətçinin sözlərinə görə, bunun üçün DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) Mərkəzinə müraciət etdikdə eşitdiyi xəbərdən şoka düşüb: "Maddi vəziyyətimiz olduqca acınacaqlıdır, həyat yoldaşım bizi tərk edib və buna görə də ailəmi məni dolandırmaq məcburiyyətindəyəm. Bunun üçün də xadimə kimi işə düzəlmək məqsədiylə DOST Mərkəzinə yollandım. Orada isə dedilər ki, artıq rəsmi işçi kimi qeyddiyyatda olduğumdan mənə köməklik göstərə bilməyəcəklər. Mərkəzdən bildirdilər ki, "Sədərək" firmasında 1HDYGDP002600 nömrəli əmək müqaviləsi ilə 345 manat əməkhaqqı almaq şərtiylə ofisiant kimi işə götürülmüşəm. Halbuki, mən belə bir firmanı tanımıram və orada işləmirəm. Həmçinin, dedilər ki, həmin firma məni 2021 və 2022-ci illərdə qeydiyyata salıb, sonra çıxarıb. Bu il isə yenidən qeydiyyata salıblar".
Jalə Seyfullazadə əlavə edib ki, DOST Mərkəzindən ona problemi "Sədərək" firması ilə yoluna qoymaq məsləhət görülüb: "Mərkəzdən dedilər ki, "Sədərək" firmasına müraciət edin, sizi qeydiyyatdan çıxarsınlar, ondan sonra gəlin, sizin işlə təmin olunmağınız üçün qeydiyyata alaq. Baxın, vəziyyət bu cürdür. Həmin firmada işləmədiyim halda kimlərsə adıma müqavilə bağlayıb, məni işə götürüb və maaş yazıblar. Mənim isə indiyədək bundan xəbərim olmayıb".
Məlumat üçün bildirək ki, sözügedən "Sədərək" firmasının təsisçisi Yusif Qədimbəylidir. Odur ki, məsələyə aydınlıq gətirilməsi üçün adıçəkilən firma ilə əlaqə saxlamağa çalışsaq da, buna müvəffəq ola bilmədik. Bu səbəbdən də "Sədərək" yetkililəri qarşı tərəf kimi mövqelərini bildirə bilərlər.