Qalib Həsənov ekologiya işçisidir, yoxsa otel biznesmeni? – Bərdə sakini ölkə başçısına video-şikayət ünvanladı
24-04-2023, 10:08
Bərdə rayon sakini Əlizamin Mamedov “Youtub” kanalı vasitəsilə Bərdədə baş verən ekologiya cinayətləri barədə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya video-şikayət ünvanlayıb.
Müraciətinin əvvəlində Ə.Mamedov giriş sözü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməsinə lüzum bilməyib, çünki onun fikrincə belə bir Nazirlik yoxdur: “Nazirlik yerində olsaydı, Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin biznesmen rəisi Qalib Həsənov otel tikintisi ilə deyil, öz birbaşa vəzifəsi ilə məşğul olardı.
Şikayətçi deyir ki, Qalib Həsənov işlədiyi müddət ərzində meşənin bərpası ilə deyil, əksinə, talanı ilə məşğuldur. İdarənin balansında olan yanacağı Lənbəran kəndinə gedən yolun sol kənarındakı, habelə Ağdamdakı özünə məxsus yanacaqdoldurma məntəqələrində satdırır. Meşə yanıb gedir, sulama yox dərəcəsindədir, ting deyil, yonca əkilir. Qalib Həsənov yoxlama gələndə məharətlə faktları ört-basdır edir.
Əslən Kəlbəcər rayonundan olan nüfuzlu bir şəxslə guya qohum olduğunu deyərək, özünü cəmiyyətə “toxunulmaz persona” kimi sırımağa çalışır. Pul hərisi olan Həsənov meşənin içində qanunsuz balıq gölü yaradıb.
Müraciətinin sonunda Yeni Azərbaycan Partiyasının üzvü olduğunu, dövlətə xəyanət edənləri, öz maddi maraqlarına xidmət edənləri ifşa etdiyinə görə fəxr etdiyini deyir. Tələb edir ki, Qalib Həsənovun fəaliyyətinin yoxlanılması üçün onun iştirakı ilə komissiya təşkil olunsun.
Xatırladaq ki, Əlizamin Mamedov hələ ötənb ilin oktyabr ayında Bərdə Meşə Bərpa İdarəsinin bir qrup əməkdaşının meşələrdə bir sıra tikililərin, balıq gölləri və yonca sahələrinin salınması ilə bağlı şikayətini bir sıra media orqanları və sisial şəbəkədə ictimailəşdirmiş, lakin onun şikayətinə obyektiv baxılmamışdı.
Şikayətçi iddia edirdi ki, meşələrdə ağaclar kəsilsə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında meşələrin inkişafı xidmətinin rəis müavini Cabbar Qəribov onun müraciətində göstərdiyi faktların guya təsdiqini tapmadığı barədə “cavab” məktubu göndərib.
İnternet resurslarında Bərdə sakini Rəşad Məmiyevin də Qalib Həsənovun Mərkəzin Xidməti ərazisindəki dövriyyədə olan əkinləri bilərəkdən məhv etdirməsinə, yerlərində isə bostan, pambıq və s. bitkiləri əkdirməsinə dair video-materialla müşayiət olunan çıxışları vardır.
/dunyaninsesi.az/