Malik İshaqovda yol üstündədir - Qubadlı 22 illik başçısı ilə vidalaşır İDDİA
24-04-2023, 11:36
Qubadlı rayon icra başçısı Malik İsaqov vəzifəsi ilə vidalaşa bilər. Bu barədə Tribunainfo.az-ın verdiyi xəbərə görə, Qubadlı camaatı arasında məlumat dolaşmaqdadır. Malik İsaqov 2001-ci ildən rayona rəhbərlik edir. Təxminən 22 ildir icra başçısı postunu tutan İsaqova siyasi rəhbərlikdən qeyri-rəsmi deyilib ki, getmək vaxtı çatıb. İddialara görə, icra başçısı 22 ildir kreslodan bərk yapışıb və indi də vəzifəsini tərk etmək ürəyincə deyil. Lakin yuxarıdan qulağına pıçıldayıblarsa, deməli, əmrinin verilməsinə az qalıb. Bu müddətdə isə İsaqov Sumqayıt və digər ərazilərdə özünə obyektlər alıb. Ölkədə onun qədər icra başçısı vəzifəsini tutan tək-tük məmurlar var. İddialara görə, Qubadlıda gənc icra başçısı təyin olunacaq. Qəribədir ki, geridə qalan 22 il ərzində əksər rayonlarda icra hakimiyyəti başçıları dəyişib, əvəzlənib, yerdəyişmələr aparılıb. Deyəsən, M.İsaqov Qubadlıya ömürlük təyin olunub. Məlumat üçün deyək ki, Malik Xizir oğlu İsaqov 26 sentyabr 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub. 1970-ci ildə Hal kənd orta məktəbini bitirib. 1974-1976-cı illərdə hərbi xidmətdə olub. 1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunda ali təhsilini başa vurub. Sumqayıt Elektrik Dəstləşdirmə zavodunda çilingər, təhlükəsizlik üzrə mühəndis, mühəndis konstruktor, mühəndis-texnoloq və baş mühəndis vəzifələrində çalışıb. 1984-2001-ci illərdə elə həmin zavodun direktoru olub.
2001-ci ildən Qubadlı rayon icra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Tribunainfo.az