Sevincləri ürəklərində qalan Naxçıvanlılar...
27-04-2023, 10:14
Naxçıvanda hakimiyyət dəyişdikdən sonra, hər şirkətin özünə aid olan mühafizə xidmətləri Bakıdan gələn "Kapital Security" QSC-nin tabeliyinə verilib. Vəziyyətləri onsuz da ürəkaçan olmayan mühafizəçilərin daha ağır günləri elə, həmin vaxtdan başlayıb. Şirkət Naxçıvanda iş başına keçən kimi, maaşları 450 manatdan 350-yə endirib, hər kvartal maaş dəyərində ödənən mükafatı da kəsib. Teref.az yazır ki, bu haqda „Gündəlik Naxçıvan“a mühafizəçilərin özləri məlumat verib. Şikayətçilər deyir ki, üstəlik yeni rəhbərlik hər gün naharda işçilərə pulsuz verilən yemək paylarını da kəsib.
Məlumata görə, Naxçıvanda müxtəlif şirkətlərdə keşik çəkən mühafizəçilərin ümumi sayı 1000 nəfərə yaxındır.
Şikayətçilərdən B. Mahmudov deyir ki, uzun müddətdir „Naxçıvanbank”ın mühafizə xidmətində çalışır. O bildirir ki, xidmət "Kapital Security" QSC-nin tərkibinə keçəndə müsbət dəyişikliklərə ümid ediblər:
„Bundan əvvəl Naxçıvandakı bütün şirkətlər kimi, „Naxçıvanbank” da mühafizəçilərini özü saxlayırdı. Hər ay 450-470 manat maaşımızı, ildə üç dəfə premyamızı vaxtında alırdıq. Hakimiyyət dəyişəndən sonra, fevralda dedilər ki, mühafizə xidməti "Kapital Security"nin tərkibinə keçir. Sevindik ki, maaşımız qalxacaq. Çünki, bilirdik ki, onlar Bakıdakı əməkdaşlarına bizdən az qala iki dəfə artıq, 700-800 manat verirlər. Ancaq, sevincimiz ürəyimizdə qaldı. Nəinki maaşmız qalxmadı, hətta 100 manat aşağı salındı, üstəlik dedilər ki, bu gündən premyalar da kəsilir. Bütün bunlar azmış kimi, maaşları da hər ay gecikdirirlər. Bu şirkət naxçıvanlı işçilərinin ziyanına ayrıseçkilik edir. Bakıdakılar nəyə görə bizdən iki dəfə artıq maaş almalıdılar. Onlar da, biz də eyni işi görürük“.
10 ildən artıqdır ki, başqa bir qurumun mühafizəsində çalışan şikayətçi S. Əliyev də deyir ki, maaşların aşağı salınmasını gözləmirdi:
“Vasif Talıbovun vaxtında da çox haqlarımız tapdanınırdı, əmək hüququmuz pozulurdu. Ancaq, bu dərəcədə olmamışdı. Hər yerdə maaşlar qalxır, işçilərin vəziyyəti az da olsa müsbətə dəyişir, bizdə isə əksinədir. Şirkət bizə ayrıseçkilik edir. Gül kimi 470 manatımızı, ildə üçdəfə də bu məbləğ dəyərində mükafatımızı alırdıq. Şirkət gəldi, 100 manat kəsdi maaşdan, mükafat da vermir. Şikayət edirik, deyirlər ki, bizdə maaş belədi. Əgər belədirsə, Bakıdakı işçilərə niyə bizdən artıq maaş verirlər. Biz buynuz çıxarmışıq?“
Məsələyə münasibət örənmək üçün "Kapital Security" QSC ilə əlaqə saxlasaq da, bu qurumdan iddialara cavab verən olmadı. Onların da mövqeyini işıqlandırmağa hazırıq.