ARXKOM ilə İcra Hakimiyyətini hansı səbəblər birləşdirir? - FOTO

27-04-2023, 15:26           
ARXKOM ilə İcra Hakimiyyətini hansı səbəblər birləşdirir? - FOTO
Yenə Xətai rayonu, yenə gizli aparılan tikintilər, yenə "gözüyumulu" Şəhərsalma və Arxitektura komitəsi...

Bu üçlüyün bir üzvü (tikinti aparan sahibkar) tez-tez dəyişir, digər ikili isə "karam, koram, lalam" prinsipini nələrinsə, hansısa maraqlarınsa xatirinə səbrlə davam etdirir.

Xətai rayonunun istər yaşıllıq sarıdan, istərsə təmizlik sarıdan elə də "bəxtəvər" bir rayon olmadığı barəsində dəfələrlə "DogruXeber.az"da məlumatlar yayımlamışıq.
Lakin, davam edən eyni proseslər bizi bu mövzuya təkrar-təkrar qayıtmağa məcbur edir.

Xatırlayırsınızsa biz əvvəllər də "8 noyabr" prospekti boyunca bir neçə kanalizasiya quyularının qapaqsız olduğundan, Həzi Aslanov qəsəbəsində, həmçinin "Kənd Əhmədli" qəsəbəsində küçələrin natəmizliyindən, yüksək gərginlikli elektrik xətlərinin evlərin üzərindən, heyətlərin içindən keçdiyindən və gecədən-gecəyə aparılan ev, obyekt tikintilərindən bəhs etmişdik.

Özü də qeyd edək ki, o zamanlar həmin tikintilər barəsində sorğular, müraciətlər göndərdiyimiz istər Şəhərsalma və Arxitektura Komitəsi olsun, istərsə də Xətai rayon İcra Hakimiyyətinin bəzi məsul şəxsləri sözügedən qanunsuzluqları aradan qaldırmaq yerinə, bizim yazıları silməmiz üçün hərəkətə keçdilər. Amma, təsirimiz o oldu ki, tələm-tələsik barəsində yazdığımız hər iki tikintinin üstləri gecəylə örtüldü və bununla da məsələni qapatmış olduqlarını sandılar.

İndi də bir neçə ay əvvəl barəsində məlumat verdiyimiz - həmin, o gecələr tikilən, üstü tələm-tələsik örtülən ikimərtəbəli obyektin düz qarşısında (Xətai rayon Həzi Aslanov qəsəbəs, Kazımağa Kərimov küçəsində) daha böyük bir tikinti aparılır. Nə hikmətsə, bu tikinti də yalnız gecələr aparılır.

Humanist xalqımızın bir saf kəlməsi var, deyirlər, "başçının bundan xəbəri yoxdur".

Tamam, bəlkə başlayanda xəbəri olmur, amma başladıqdan sonra aidiyyatı olan-olmayan hər kəsin xəbəri olduğunu hamımız bilirik. Bundan əlavə, ötən yazımızda "DogruXeber.az" olaraq biz özümüz rəsmi şəkildə bildirdiksə də dəyişən bir şey olmadı. Hətta, yuxarıda da qeyd etdiyimiz kimi Kazımağa Kərimov küçəsində eyni ünvanda ikinci tikinti başlayıb və artıq ikinci mərtəbədə iş gedir.

Yalnız gecələr!!!

Məsələ diqqətimizdədir və mövzuya yenidən qayıdacağıq. Hələliksə, gözləyək görək Xətai rayon İcra Hakimiyyəti ilə Şəhərsalma və Arxitektura Komitəsi buna nə münasibət bildirəcək.

P.S: Yeri gəlmişkən, əslində biz münasibət öyrənmək üçün Şəhərsalma və Arxitektura Komitəsinə zəng etdik, avtomatik operatorun dediyi qaydada - "0"a toxunub operatorun cavabını gözlədik. Lakin, bizi biraz gözlətdikdən sonra dəstəyi qaldırıb, dərhal asdılar. Burdan da belə görünür ki, komitənin bunun üçün əmək haqqı alan işçiləri də komitəyə zəng edənləri belə yola verir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.