İsmayıllının telefona həsrət qalan Bəhliyan kəndi - FOTO
4-08-2023, 11:34
İsmayıllının Bəhliyan kəndində 18-ə yaxın ailə illərdir telefon xətti və internet olmamasından əziyyət çəkir.
İstər sovet, istərsə də müstəqillik dövründə bu kənddə telefon xətti və internet təminatının həyata keçirilməsi üçün elektron ATS yerləşdirilməyib. Sakinlər mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bir dəfə də olsun onların səsini eşidən olmayıb.
Bu barədə Bizim.media-nın Aran bürosuna kənd sakinləri bildiriblər.
Araşdırmamız zamanı məlum oldu ki, sovetlər dönəmində, yəni 1987-ci ilə qədər bu kənddə telefon xətti olub və əhali telefon xidmətindən istifadə edib.
1988-ci ildən sonra müəyyən səbəblərdən bu kənddə rabitə xətləri yararsız vəziyyətə düşdüyündən ağac dirəkləri belə çıxarılıb.
2010-cı ildə beş kənd sakininə hava xətti ilə işləyən mobil telefon verilib. Kənd sakinləri bu xidmətdən yalnız iki il istifadə ediblər. 2012-ci ildən bu günə kimi isə bu kəndin telefonu və interneti yoxdur.
Kənd sakinləri bildiriblər ki, iki kilometr uzaqlıqda yerləşən Şəbyan kəndində telefon və internet xətləri var:
“Bəhliyan kəndinin telefonu olsa da, interneti xətti heç vaxt olmayıb. Kənddə internet xətlərinin olmaması səbəbindən məktəblilər pandemiya vaxtı onlayn dərslərə qoşula bilməyiblər. Övladlarımız dərslərdən yayındılar.
Övladlarmızın dərslərdə iştirakını təmin etmək və digər zəruri tələbatlarını ödəmək üçün məcbur qalıb mobil internet paketləri alırdıq ki, bu da bizə baha başa gəlirdi. Evdə bir xəstə olanda təcili yardıma zəng etmək üçün adi ev telefonu olmadığı üçün bilmirik nə edək. Məcbur qalıb saatdan asılı olmayaraq qonşunun mobil telefonundan istifadə edirik”.
Keyvəndi kənd icra nümayəndəsi Murad Zaurlu bildirib ki, məsələ ilə əlaqədar aidiyyəti qurumlara müraciət edilib:
“Müraciətdən sonra isə İsmayıllı rayon “Aztelekom” MMC-nin yerli nümayəndələri kənddə olublar. Ərazinin layihəsinin hazırlanması üçün əraziyə baxış keçiriblər. Layihə hazır olandan sonra bu kəndə yeni müasir telefon xətləri çəkiləcək və hər evə internet veriləcək”.
Bundan başqa “Aztelekom” MMC-nin mətbuat katibi Alidə Mustafayeva bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir:
“Layihə çərçivəsində “Aztelekom” MMC-nin Dağlıq Şirvan Regional Filialının ərazisində müasir texnologiyaların tətbiqi ilə şəbəkə genişləndirilir.
Bu layihə çərçivəsində hazırda İsmayıllı rayonunun Bəhliyan kəndinin də telekommunikasiya xidmətləri ilə təmin olunması istiqamətində müvafiq işlər görülür. Belə ki, İsmayıllı rayonunun sözügedən Bəhliyan kəndi üzrə də müvafiq layihə mövcuddur və 2024-cü ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılıb”.
Alidə Mustafayeva onu da bildirib ki, bu günə qədər “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkə üzrə bir milyondan çox ev təsərrüfatı GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında yüksəksürətli və genişzolaqlı internetlə əhatə edilib:
“Bu da Azərbaycanın təxminən 42 faiz ev təsərrüfatını əhatə edir. Hazırda 50 rayon və şəhərdə işlər davam etdirilir və planlı şəkildə bütün rayonlarda zəruri işlər görüləcək. Layihə çərçivəsində görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır”.