"Apple"dan sərt açıqlama: "Bizi digərləri kimi etmək istəyirlər"

Bu gün, 15:24           
"Apple"dan sərt açıqlama: "Bizi digərləri kimi etmək istəyirlər"
“Apple” ilə Avropa İttifaqı (AU) arasındakı gərginlik getdikcə artır.

Aİ-nin böyük texnologiya şirkətlərinə qarşı tətbiq etdiyi sərt qaydalar və rəqəmsal bazarları daha açıq etmə cəhdləri, uzun müddətdir “Apple”ın iş modeli ilə ziddiyyət təşkil edir. Şirkət rəhbərləri son açıqlamalarında bu qaydaların istifadəçi təcrübəsinə mənfi təsir etdiyini vurğulayıb.

“Apple”ın məhsul marketinq direktoru Qreq Cosviak mətbuat konfransında bildirib: "Avropa İttifaqı qaydaları "Apple"ın təqdim etdiyi sıx inteqrasiya olunmuş təcrübənin sehrini bizdən alaraq, bizi digərləri kimi etmək istəyir".

Bu açıqlama “AirPods Pro 3” qulaqlıqlarının təqdimatından dərhal sonra gəlib. Yeni modelin ən diqqətçəkən yeniliyi – canlı tərcümə funksiyasıdır. Bu xüsusiyyət istifadəçiyə dinlədiyi söhbətləri qulaqlığında anında tərcümə imkanı verir. Lakin şirkət AB-nin texnologiya məhsullarında uyğunluq tələblərinə görə funksiyanı Avropadakı müştərilərə təqdim edə bilmir. “Apple” bunun üçün əlavə mühəndislik işləri aparmalı olduğunu bildirir.

2022-ci ildən qüvvədə olan Rəqəmsal Bazarlar Qanunu (DMA) böyük şirkətlərdən daha açıq və şəffaf sistemlər tələb edir. Məqsəd – istifadəçilərə cihazlar və xidmətlər arasında daha sərbəst seçim imkanı verməkdir.

“Apple” isə bunun innovasiyaya zərər vurduğunu düşünür. Cosviak Brüsseldə qəbul edilən qərarların yalnız inkişaf etdiricilərə deyil, son istifadəçiyə də zərər verdiyini iddia edib: "Bu qaydalar innovasiyanı boğur, əqli mülkiyyət haqlarımızı pozur və istifadəçi məxfiliyi ilə təhlükəsizliyini risk altına salır".

Aİ isə əksinə, “Apple”ın qapalı ekosisteminin müştəriləri məcburi şəkildə sistem daxilində saxladığını, buna görə də alternativ mağazalar və əlavə seçimlərin açılmasının vacib olduğunu vurğulayır.

Avropa İttifaqı yalnız qulaqlıqlar və tətbiq mağazaları ilə kifayətlənmir. Mesajlaşma xidmətlərində də daha çox açıqlıq tələb olunur. Məsələn, “WhatsApp” və “Signal” kimi platformaların uçdan-uca şifrələməni zəiflətməsi və ya müəyyən hallarda məlumatları açması üçün təzyiq edilir. Rəsmilər bunu təhlükəsizlik və hüquq-mühafizə orqanlarının tələbləri ilə əsaslandırır.

Lakin bir çox texnologiya şirkəti bu yanaşmanı istifadəçi məxfiliyinə təhdid kimi qiymətləndirir. “Apple” da həmin mövqedə dayanaraq, istifadəçi təcrübəsinin yalnız performans və dizaynla deyil, həm də məlumat təhlükəsizliyi ilə bağlı olduğunu önə çəkir.

“Apple” ilə Aİ arasındakı bu qarşıdurmanın tezliklə həll olunacağı gözlənilmir. Şirkət özünəməxsus sistemi qorumaq üçün müqavimət göstərərkən, Avropa tərəfi daha açıq və rəqabətə əsaslanan rəqəmsal bazar qurmaqda israrlıdır.

Bir tərəf istifadəçi bağlılığını və ekosistem bütövlüyünü, digər tərəf isə istifadəçi hüquqlarını, rəqabəti və sərbəst keçid imkanlarını ön plana çıxarır. Bu isə “Apple” ilə Avropa arasında uzun sürə biləcək gərginliyin davam edəcəyini göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru