Səhiyyə Nazirliyindən Aslan İsmayılova cavab – “CƏFƏNGİYYATDIR!”
7-07-2016, 09:10
Vəkil Aslan İsmayılovun Onkologiya Mərkəzi ilə bağlı yazısına Səhiyyə Nazirliyinin cavabı sərt olub.
Movqe.az-a açıqlama verən Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli Aslan İsmayılovun yazdıqlarının cəfəngiyyat olduğunu bildirib: “O adam Milli Onkologiya Mərkəzinə gələrək xəstələrlə görüş saatının olmadığı vaxtda xəstə ilə görüşmək istəyib. Ona başa salıblar ki, xəstəxananın daxili qaydaları var. Xəstələrlə görüş saatı saat 17:00-dan 20:00-dəkdir. O da bundan hiddətlənərək, ağzına gələni yazıb. O, Mərkəzdə hansı xəstə ilə görüşüb, kimdən nə soruşub, biz bilmirik. Ölkədə onkoloji xəstələr pulsuz dərman preparatları ilə təmin olunur. Xəstələr pulsuz müayinədən keçirilərək müalicə olunur. Tibbi xidmət pulsuz göstərilir. Onkoloji xəstələr dövlət qayğısı ilə əhatə olunub. A.İsmayılov özü hüquqşünas olsa da, əlində tutarlı fakt olmadan danışır. Bilmir ki, əsassız, sübutsuz danışdıqları cəfəngiyyatdan başqa bir şey deyil. Əlində rüşvətlə bağlı fakt varsa, o xəstəni də götürüb Milli Onkologiya Mərkəzinin rəhbərliyinə yaxınlaşsın. Biz məsələni aydınlaşdıraq. Nə xəstəni həkimə pul verəndə, nə də tibb bacısını xəstədən pul alanda görüb, əsassız danışır”.
Aslan-ISM1Baş onkoloq Azad Kərimlinin bu açıqlamasına Aslan İsmayılovun münasibəti belə olub: “Milli Onkologiya Mərkəzi ilə bağlı yazıma cavab verənlər məni yalanda, guya hansısa xəstəmə görə qərəzçilikdə suçlayıblar. Cavab yazanların həyat tərzi olan yalan, qərəzçilik mənə yad olduğundan ətraflı mövqe bildirmək fikrim yoxdur. Həmin cavabı olduğu kimi paylaşıram və onlara məsləhət bilirəm ki, Facebookda tək bir səhifəmdəki yazıya olan 425 min oxunma, 8 min 600 bəyənmə, 1400 şərh və 7 min 600 paylaşıma fikir versinlər. Hələ digər səhifələrimdəki (Facebook və instagram), həmin yazını paylaşmış mətbuatdakı rəqəmləri demirəm.
P.S. Milli Onkologiya Mərkəzində olanlardan xahiş edirəm, addımbaşı sizdən pul tələb edəndə Baş onkoloq Azad Kərimlinin yuxarıdakı sözlərini əlinizdə əsas tutun”.