Qonşuda Zəngəzur panikası: Üç ölkənin “yolu kəsildi”, tarixi düşmən hərəkətə keçdi

Bu gün, 15:27           
Qonşuda Zəngəzur panikası:
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili son açıqlamalarında Rusiya və Azərbaycan arasında artan gərginliyin süni şəkildə “şişirdildiyini”, bunun arxasında Moskvanın Ermənistanın daxili siyasi sabitliyini pozma niyyəti olduğunu qeyd edib. Saakaşvili Kremlin İrəvanı yenidən təsir dairəsinə qaytarmaq və bu vasitə ilə Azərbaycana qarşı təzyiq aləti formalaşdırmaq istədiyini vurğulayıb.

O, həmçinin, yaxın zamanda Cənubi Qafqazda sülhün bərqərar olacağını və Rusiyanın bu bölgədəki təsirini tamamilə itirəcəyini bildirib. Sabiq prezident Zəngəzur dəhlizinin (TRİPP) reallaşmasının Rusiya, İran və Gürcüstanın yeni geosiyasi düzəndən kənar qalmasına səbəb olacağını söyləyib.

Saakaşvilinin bəyanatları bölgədəki geosiyasi vəziyyəti necə dəyişdirə bilər? Zəngəzur dəhlizi Rusiya, İran və Gürcüstanın regional təsirini həqiqətən də məhdudlaşdırırmı?

TEREF xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli bildirib ki, Gürcüstanın sabiq prezidentinin açıqlamaları obyektiv təhlilə əsaslanmır:

“Azərbaycan Gürcüstan üzərindən keçən marşrutla alternativ yaratmır, sadəcə regiondakı nəqliyyat və kommunikasiya imkanlarının artırılması, şaxələndirilməsi məqsədi üçün çalışır. Zəngəzur dəhlizi yeni orta marşrutun potensialını gücləndirərək əlavə imkanlar yaradacaq və Cənub qolu kimi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin davamı olacaq. Azərbaycan yaxın günlərdə bu yolun modernizasiyası və ötürücü qabiliyyətinin artırılması ilə bağlı Çidən olan tərəfdaşları ilə memorandum imzalayıb. Bu da göstərir ki, Azərbaycan Gürcüstan üzərindən keçən marşrutlarda aktivdir və nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsində maraqlıdır.

Təəssüf ki, Saakaşvilinin açıqlamaları əsasən Gürcüstanın daxili siyasi auditoriyasına yönəlib və onun siyasi maraqlarını əks etdirir. Sabiq prezident Gürcüstanla Qərb arasında yaranmış gərgin vəziyyətə diqqət çəkir və bunun rəsmi Tibilisini zəiflətdiyini vurğulayır. Azərbaycan isə Gürcüstanın geosiyasi seçiminə hörmət edir və bu diskursa qatılmır. Gürcüstan Azərbaycanın strateji müttəfiqidir, rəsmi Bakı qonşu ölkənin tranzit potensialının qorunması və inkişafında Tbilisi qədər maraqlıdır. Ölkəmiz regionda nəqliyyat və kommunikasiya xətlərinin inkişafında əsas rol oynayır, habelə regional inteqrasiyanın irəliləməsində fəal iştirak edir”.

Zaur İbrahimli

Politoloq qeyd edib ki, Azərbaycan Gürcüstanın oyundan kənar qalmasına razı ola bilməz:

“Yeni kommunikasiya imkanları Cənubi Qafqazın üç ölkəsinin inteqrasiyasını mümkün edir. Əgər Ermənistan da doğru qərarlar qəbul etməyə davam edərsə, yaxın perspektivdə regional kommunikasiya sisteminə qoşulacaq. Bu isə Azərbaycan, Gürcüstan və Ermənistanın imkanlarını artıracaq, bölgədə ticarəti asanlaşdıracaq, həm Türkiyə, həm də Mərkəzi Asiya ilə əlaqələri gücləndirəcək.

Zəngəzur dəhlizini bölücü perspektivdən qiymətləndirmək doğru deyil. Bu dəhliz unikal keyfiyyətlərə malikdir və regiondakı bütün ölkələr – Türkiyə, İran, Azərbaycan, Gürcüstan, Rusiya ondan faydalana bilər. Türkiyə Zəngəzur dəhlizi vasitəsilə mərkəzi çıxış əldə edir. İran bu dəhlizə qoşula bilər. Ermənistan Azərbaycan üzərindən Gürcüstanla birbaşa dəmir yolu əlaqəsi qurur, Gürcüstan isə Türkiyə ilə əlavə dəmir yolu əlaqəsi təmin edir. Rusiya da Zəngəzur dəhlizindən istifadə edərək Türkiyə və İranla alternativ dəmir yolu əlaqələrinə malik olur.

Zəngəzur dəhlizi həm geosiyasi, həm də iqtisadi baxımdan böyük imkanlar təqdim edir və məhz bu perspektivdən qiymətləndirilməlidir. Onu fərqli baxışlarla qiymətləndirmək yalnız daxili siyasi maraqlara xidmət edir. Fikrimcə, Gürcüstanın sabiq prezidenti və tərəfdaşları yaxın gələcəkdə Zəngəzur dəhlizinin real faydalarını bütün regionun görəcəyini anlayacaqlar”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru