Kredit kartımızı yaxınlarımız istifadə etsə, bank kartı bağlaya bilərmi?
Bu gün, 15:24

Ölkəmizdə kredit kartlarından kifayət qədər istifadə olunur. İnsanlar işlərini həll etmək üçün uzun müddət gözləmir, kredit kartından istifadə edərək qısa zamanda işlərini həll edə bilirlər. Bəziləri kredit kartını istifadə üçün yaxınlarına da verir. Lakin bu hüquqi və maliyyə risklərini də özü ilə gətirə bilər. Kredit kartımızdan başqaları istifadə etsə, bank bunu bilsə, kartımızı bağlaya bilərmi?
Mövzu ilə bağlı fikirlərini Valyuta.az-a bölüşən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, kartın kiməsə verilməsi qanun pozuntusu deyil: “Amma riskin olmaması demək deyil. Risk onda yaranar ki, kimsə sizin adınızdan kredit götürür, istifadə edir və beləliklə məsuliyyət sizin üzərinizdə olur. Bu, artıq bankın problemi deyil. Kimsə deyə bilməz ki, kartdan mən istifadə etmirdim, kim istifadə edibsə, o ödəsin. Bu bank üçün gətiriləcək bir arqument deyil”.
İstənilən şəxs, istənilən şəxsə kredit kartını verə bilər
Ə.Həsənov deyir ki, bank onsuz da təyin olunmuş məbləği tələb edə bilər, bu bankın məsuliyyəti, öhdəliyidir: “Əgər kredit kartından kartın sahibi deyil, başqası istifadə edibsə, kredit kartı sahibi pulu geri istəyə bilər. Əgər iş məhkəmə prosesinə qədər getsə, kredit kart sahibi sübut etməlidir ki, onun adına olan kredit kartından başqası istifadə edib”.
Kredit kartımızı başqası istifadə edərsə, bank kartı bağlaya bilərmi?
Ə.Həsənov qeyd etdi ki, bu bankın daxili siyasəti ola bilər: “Bank öz siyasəti olaraq təyin edə bilər ki, kim üçünsə ayrılmış kartdan başqası istifadə etməsin, əks halda dondurulacaq. Lakin qanunda belə bir tələb yoxdur”.