Dünyada bahalaşan ət - Azərbaycana yan təsirləri
Bu gün, 16:28

İqtisadçı deyir ki, qiymət daha da qalxacaq; “Dondurulmuş ət ona görə ucuz olur ki...”
BMT-nin ət qiyməti indeksi 127.3 bənd təşkil edərək iyun ayı ilə müqayisədə 1,2 faiz artıb. Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında məlumat verilib.
Bildirilib ki, bu göstərici indiyədək qeydə alınan ən yüksək səviyyədir.
Qeyd edək ki, iribuynuzlu heyvan və quş əti qiymətləri əsasən Çin, ABŞ və ixrac tərəfdaşlarından gələn tələbin artması ilə yüksəlib. Donuz əti qiymətləri isə Avropa İttifaqındakı zəif tələbat və yüksək tədarük səbəbindən azalıb.
Dana əti 15-16 manata, quzu əti isə 20-24 manata təklif olunur. Sümüksüz və sümüklü ət arasında isə qiymət fərqi var. Statistikaya görə isə son 10 ildə iribuynuzluların sayı 5% azalıb. Bunun da qiymətlərin artmasına səbəb olduğu deyilir.
Onu da deyək ki, sosial şəbəkələrdə - xüsusilə TikTok platformasında yayılan bir video izləyicilərin böyük marağına səbəb olub. Kadrlarda iri bloklar şəklində kəsilmiş mal əti nümayiş etdirilir və ətin kiloqramı cəmi 13 manat 50 qəpikə təklif olunur.
Məlumata görə, bu ətlər Ukraynadan gətirilir və yerli bazarda satılmaq üçün nəzərdə tutulub. Ətin zahirən təmiz və keyfiyyətli görünməsi diqqət çəkir, lakin qiymətin bazar dəyərindən xeyli aşağı olması sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə yol açıb.
Dünyada ətin bahalaşmasına səbəb nədir? Azərbaycana təsirləri qaçılmazdırmı? Ət tələbatını ödəmək üçün daxili imkanlarımızı necə artıra bilərik?
Xalid Kərimli
Referans xəbər verir ki, İqtisadçı Xalid Kərimli ətin dünya bazarındakı bahalaşma tendensiyasına və bunun Azərbaycana mümkün təsirlərinə dair “Yeni Müsavat”a açıqlama verib. O bildirib ki, əsas səbəblərdən biri dünyada qırmızı ətə olan tələbatın artmasıdır: “Bu tələbat qırmızı ətin qiymətinin yüksəlməsinə gətirib çıxarır. Azərbaycana təsiri dərhal olmasa da, dünya bazarlarında baş verən qiymət artımları idxal kanalları vasitəsilə ölkəyə ötürülür. Məsələn, qoyun ətinin əhəmiyyətli hissəsi daxili bazar tərəfindən təmin olunur. Xırdabuynuzlu heyvanlar daha çox qonşu ölkələrdən - Dağıstan, Gürcüstan və İrandan diri şəkildə gətirilir. Lakin əsas tələbat yerli qoyun və keçi hesabına ödənilir”.
Xalid Kərimli iri buynuzlu heyvan ətinin təxminən 20-25 faizinin idxal hesabına qarşılandığını deyir. Onun sözlərinə görə, yerli kəsim ətləri adətən daha baha olur, çünki dondurulmuş idxal ətləri ilə müqayisədə saxlanma və istehsal xərcləri yüksəkdir: “Hazırda 13 manata satılan ətlər dondurulmuş idxal məhsullarıdır. Ənənəvi olaraq Ukraynadan daha ucuz məhsul idxal etmək mümkün olurdu. Təəssüf ki, son illərdə müharibələr bu prosesə də təsir göstərdi və idxal olunan ətin bahalaşmasına səbəb oldu. Əgər bu geosiyasi faktorlar olmasaydı, ətin qiyməti daha aşağı ola bilərdi”.
O, toyuq ətində də bənzər fərqlərə diqqət çəkir: "Dondurulmuş toyuq ətləri daha ucuz olur. Təzə - 3-5 günlük toyuqlar və ya kənd toyuqları isə daha baha başa gəlir. İnsanlar kənd toyuğuna daha çox güvənirlər, sağlamlıq baxımından daha faydalı olduğunu düşünürlər. Amma dondurulmuş broyler toyuqları daha uzun müddət saxlanıla bildiyinə görə itkilər az olur və nəticədə daha ucuz qiymətə təklif edilir. Onsuz da bu ətlər ucuz olmasa, onu idxal edib satmağa da maraqları olmaz".
Xalid Kərimli ətin qiymət artımının Azərbaycana təsirinin artıq hiss olunduğunu qeyd edir: "Ət qiymətləri mütəmadi olaraq artır. Bir il öncəki qiymətlərlə müqayisədə artımı aydın şəkildə görmək olur. Heyvanların sayında ciddi azalma var. Son statistikaya görə, qoyun və keçi sayında 25 faizə qədər azalma müşahidə olunur. Bu azalma qiymət artımına səbəb olan əsas faktorlardandır".
Onun fikrincə, heyvandarlığın geriləməsinə təsir edən amillər çoxdur: "Boş otlaq sahələrinin azalması, bu sahə ilə məşğul olan şəxslərin xərclərinin artması - məsələn, pres bağlamalarının qiyməti 2-6 manat arasında dəyişir. Bir inək gündə bir pres yeyir. Hər zaman yay olmur, qış və payızda heyvanı bəsləmək daha çox vaxt və xərc tələb edir. Heyvanın ətlik vəziyyətə çatması üçün aylar tələb olunur. Bu isə təbii olaraq qiymət artımını qaçılmaz edir". İqtisadçı onu da əlavə edib ki, bu artım eyni zamanda fermerlər və heyvan saxlayanlar üçün stimuldur: “Ət qiymətlərinin bahalaşması bu sahə ilə məşğul olanlara maraq yaradır. Yəni qiymətlər artdıqca bu sahəyə yönələn insanların sayı da arta bilər. Bu, gələcəkdə daxili istehsalın genişlənməsi üçün imkanlar yarada bilər”.
FAO və OECD-in birgə hesabatında qeyd edilir ki, ət qiymətlərində artım yaxın 5 ildə də davam edəcək. Lakin bu, eyni zamanda zülal mənbələrinin şaxələndirilməsinə (bitki əsaslı ət, laboratoriyada istehsal olunan ət və s.) keçidi sürətləndirəcək. "Bloomberg" və FAO ekspertləri bildirir ki, 2024 və 2025-ci illərdə enerji qiymətlərində qeyri-sabitlik, həmçinin nəqliyyat və soyuq zəncir sistemlərinin bahalaşması ət məhsullarının logistikasını çətinləşdirib. Bu da həm təzə, həm də dondurulmuş ətin qiymətində artıma səbəb olub. Xarici ekspertlər həm də ətin bahalaşmasını yalnız tələbat və təkliflə deyil, eləcə də iqlim, siyasət, ixrac strategiyası, enerji və texnologiya ilə əlaqələndirirlər.